Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq  istiqamətləri barədə müzakirələr aparılıb

 

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Qulam İsakzai arasında sonuncunun xahişi ilə onlayn formatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtsaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Görüşdə Qulam İsakzai Azərbaycan ilə BMT arasında sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğulayıb, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə əminliyini ifadə edib.

Nazir Anar Kərimov Azərbaycan ilə BMT arasında Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb. BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, ölkəmizin təşkilatın prinsip və dəyərlərinə daim sadiq olduğunu bildirərək, bu məsələdə təşkilatdan da adekvat yanaşmanın, ədalətli mövqenin gözlənildiyini ifadə edib. Lakin son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını bildirib: Halbuki bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesininiqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılmışdır”.

 Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş edib.

Nazir A.Kərimov bildirdi ki, son  30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib.

Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır.

A.Kərimov Azərbaycan tərəfinin həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir: “UNESCO tərəfindən bu kimi açıqlamaların verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcəkdir”.

A.Kərimov Q.İsakzainin BMT Rezident Əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycan-BMT münasibətləri kontekstində önəmli olduğunu qeyd edibonun azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirərək BMT qurumlarına olduğu kimi çatdırılmasında böyük rol oynadığını söyləyib.  

Q.İsakzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində  baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib.

 

 

Azərbaycan.-2021.- 9 yanvar.- S.5.