Qəhrəmanlıq abidəsi - “Vətən müharibəsi - 44 gün

 

 

Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz rəşadət göstərdi. 44 gün ərzində gərgin döyüş meydanında düşmənin hərbi birləşmələrini darmadağın etdi. Nəticədə otuz ilə yaxın davam edən erməni işğalına son qoyuldu, Vətənin ərazi bütövlüyü təmin edildi.

Elə müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev doğma xalqına müraciət etdi. Dövlət başçısı Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutduqları, mülki əhali və hərbçilərmiz arasında itkilərin, yaralıların olduğu barədə məlumat verdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük əzmlə, sonsuz inamla Ermənistanın təxribatı nəticəsində başlanan müharibədə zəfərin bizim olacağını söylədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

O anlardan başlayaraq Azərbaycan xalqı döyüş meydanlarından gələn qələbə xəbərlərini gözlədi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər çıxışı, xalqa hər bir müraciəti zəfərimizin müjdəsi oldu.

Bu böyük tarix professor Teymur Əhmədovun “Vətən müharibəsi - 44 gün” adlı kitabında əksini tapıb. Respublika” qəzetinin xüsusi buraxılışı olan bu kitabda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə mütəfəkkir dövlət xadimi, “Dəmir yumruq” əməliyyatının keçirildiyi anlarda mübariz xalq sərkərdəsi kimi xalqa müraciətləri, Zəfər paradında çıxışı toplanıb.

Azərbaycan Ordusunun öz doğma vətəninin azadlığı uğrunda döyüşdüyü, Ermənistanın işğalçılıq siyasəti hər kəsə məlum oldu. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyan müsahibələrı də “Vətən müharibəsi - 44 gün” adlı kitabda yer alıb.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da”. Kitabda əksini tapan bu sözlər isə Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışındandır. Bu sətirləri oxuyan hər bir oxucu inanır ki, Azərbaycan dövləti, Azərbaycan xalqı hələ bundan sonra da çox xoş günlər görəcək, bütün sahələrdə böyük tərəqqiyə nail olacaq.

“Vətən müharibəsi - 44 gün” kitabı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqını qələbəyə yetirən tarixi günlərdə gördüyü böyük işləri bir daha gözlərimizin önünə gətirir. Kitabda qeyd olunuğu kimi: “Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları siyasətlə maraqlanan hər kəsə gərəkli, stolüstü ensiklopedik kitabı oxuyun. Bu, millətimizin başını uca edən dəyərli qəhrəmanlıq abidəsidir”.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 9 yanvar.- S.6.