10 noyabr Bəyanatı
erməni xalqının xilası yoludur
Bu gün müharibə ritorikası ilə kükrəyən Yerevan mitinqləri, bir-birini vətənə xəyanətdə, Qarabağı “satmaqda” ittiham edən və yeni revanşizmlə od püskürən erməni siyasi elitasının “qartal”ları erməni hərb maşını tör-töküntülərinin qarğa bazarına bənzəyir.
İndi işğalçı rejimin iqtidarlı-müxalifətli bütün siyasi qüvvələri erməni faşist ordusunun məğlubiyyətini araşdırır, taktiki və strateji gedişlərini xəlbirləyir, ağızları köpüklənə-köpüklənə “qələbə” gətirə biləcək utopik reallıqlardan danışırlar. Sanki Ermənistan cəmiyyəti yeni müharibəyə göz qırpımında atılmağa hazırdır. Bu zahiri görüntünü faşist ordusunun üzü kimi qəbul etsək, onun astarını üzə çıxarmaq o qədər şərəfli iş olmasa da, mümkündür.
Bir sözlə, Yerevan pıqqapıqla qaynamaqdadır. İtə yiyəsini tanımağa imkan verməyən bu mərəkəyə sanki qədim Yunanıstandan Zevsin özü qonaq gəlib! Yəni meydanlarda, KİV-də, siyasi və hərbi diskussiyalarda qabardılan savaş ritorikasını müharibə Allahı elə bil Afina səmalarından İrəvana sovqat göndərib.
Çox uzaq tarixə müraciət etmədən mətləbə yaxınlaşaq və noyabrın 10-da kapitulyasiya aktını imzalayan, suda boğulanın saman çöpündən ikiəlli yapışdığı kimi bu sənədə eləcə sarmaşan Paşinyanı xatırlayaq. Həmin gün baş nazir “Facebook” səhifəsində bildirmişdi ki, kapitulyasiya aktına hərbçilərin təzyiqi altında qol çəkib. Belə ki, ehtiyat hərbi qüvvələrin səfərbərliyə alınması ilə bağlı ciddi problemlər var.
Bu ifadənin mənası odur ki, erməni xalqı döyüşmək istəmir və ordu ilə xalq arasında uçurum yaranıb. Uçurumun bir tərəfində 30 illik müharibənin əvvəlindən axırına kimi erməni faşist elitası, o cümlədən səfərbərliklə məşğul olan qurumlar - “bal tutub barmaq yalayanlar”, o biri tərəfində isə övladlarını Dağlıq Qarabağa yollamaq istəməyən, deyilən məbləği ödəməyə hazır olan əsgər valideynləri dayanıb.
Ermənistanın siyasi və hərbi elitası elə bilirdi ki, itkilər haqqında məlumatları gizlədikcə səfərbərliyə davam edərək həm döyüşdə qalib gələcək, həm də əməlli-başlı pul qazanacaqlar. Lakin ordudan yayınmağın qiyməti bahalaşdıqca, ölənlərin və itkin düşənlərin sayı elə sürətlə artdı ki, uçurumun hər iki tərəfində duranlar dalana dirənıb toqquşdular. Əsgər analarının ciddi narazılıqları, kütləvi çıxışları Yerevandakı arası kəsilməyən mitinqlərin aparıcı qüvvəsinə çevrildi.
Dekabrın 22-də erməni KİV-ində dərc olunan məlumatda bildirilir ki, fərarilik və hərbi əmrlərin yerinə yetirilməsindən imtinaya görə 882 cinayət işi qaldırılmışdır. İşğalçı ordunun əsgərlərinin hərbi cinayətlərinin “çələngi rəngarəngdir”: hərbi xidmət dövründə əmrlərin yerinə yetirilməməsi, fərarilik, hərbi xidmətə xitam verilməsi və s. Yüzlərlə əsgər ittiham olunur, silahlarını atıb döyüş mövqelərini tərk edən hərbçilər axtarılır.
Döyüşlərın ən qızğın vaxtlarında nəinki sıravi əsgərlərin, hətta yüksəkçinli hərbçilərin, generalların belə, döyüş mövqelərindən qaçması barədə hər gün yayılan xəbərlər yəqin ki, hamının yadındadır. Belə olan halda Paşinyanın kapitulyasiya sənədinə qol çəkməkdən başqa çıxış yolu qalmamasını başa düşmək çətin deyil.
Bir qədər tarixi geri vərəqləyək. Oktyabrın 14-də erməni KİV-i işğalçı ordunun geri çəkilməsini, mövqeləri atıb qaçmasını gələcək qələbəni təmin edəcək taktiki gedişlər kimi təqdim edirdi. Dil çaşar - düzünü deyər. Qondarma rejimin “lider”i Araik Arutunyan da elə həmin günlər orduda xəyanətin və fərariliyin baş alıb getdiyini boynuna almışdı: “Biz geri çəkilə bilmərik, fərarilik xəyanət deməkdir”. Arutunyanın nə deməsi maraqlı deyil, maraqlı odur ki, işğalçı dövlətin bütün siyasi elitası müharibənin əvvəlindən axırınadək hər gün artan fərarilikdən və xəyanətlərdən danışırdı.
Bu gün işğalçı dövlətin bir-birini ittiham edib məşhər ayağına çəkən siyasi partiyaları çıxış yolunu bütün günahları Paşinyanın belinə yükləməkdə görürlər. Amma məsələ bundadır ki, işğalçı ordunu və onun yenilməzliyi haqqında əfsanəni yaradanlar Sarkisyanla Köçaryan idilər. Paşinyan, sadəcə, faşist ambisiyalarının küyünə qurban gedib.
Diasporun və erməni xalqının pullarını mənimsəyib özünə sərvət toplayan erməni hərbi xuntası müharibə başlayan kimi anladı ki, 2020-ci illə 1990-ci illərin “həna”sı eyni deyilmiş. Öncə insan resurslarının kəskin çatışmazlığı özünü büruzə verdi. Ağır itkilər və orduda baş alıb gedən fərarilik erməni hərbi maşınının paslı dəmir-dümürdən, ordunun döyüş ruhunun isə sabun köpüyündən ibarət olduğunu ortaya qoydu. Erməni əsgərləri Azərbaycan Ordusunun cəngavərlərinin səsini eşidəndə belə, Prezidentimizin təbirincə desək, nələri vardısa atıb qaçır, siçan deşiyi axtarırdılar. Bizim qəhrəman övladlarımızın döyüş təcrübəsi, bacarığı, ölümün, güllənin üstünə yeriməsi onları vahiməyə salırdı. Ermənilər anlamırdılar ki, o necə olur, vurduqları Azərbaycan əsgərləri yıxılır, amma yenidən ayağa durub onların üstünə atılır. Onlar dəfələrlə qorxu içində etiraf edirdilər ki, üstlərinə hücum çəkib gələnlərin insan olduqlarına inanmaq mümkün deyil.
Erməni hərbçiləri əsgərlərini it kimi səngərdə zəncirləyirdilər, cəbhədən Ermənistana gedən yollara cəza dəstələri düzüb fərariləri, ordudan qaçanları güllələyirdilər. Amma bütün bunlara baxmayaraq, 10 mindən artıq erməni əsgəri döyüşdən qaça bildi. Əgər cəza dəstələri qaçanları atəşlə qarşılamasaydı, hamısı aradan çıxardı.
Ardıcıl məğlubiyyətlərdən, ağır itkilərdən və ruh düşkünlüyündən sarsılan erməni ordusu faşist ambisiyalarının güdazına getdi. Müharibə onu göstərdi ki, havadarlarının hesabına 28 il status-kvonu saxlayan düşmən ordusunun gücü ucuz və nağıldan başqa bir şey deyilmiş. Onların əsgərləri də, hərbi komandanlığı da dinc əhaliyə divan tutmaqla, döyüş bölgəsindən uzaqdakı şəhər və kəndlərimizə 20 mindən yuxarı raket atmaqla elə bilirdilər ki, əhalini qorxudub qaçırda və qalib gələ biləcəklər.
Nə qədər silah və sursatları gəldi, bütün erməni diasporu dünyanın hər yerindən muzdluları və terroristləri Dağlıq Qarabağa daşıdı. Faydası oldumu? Təbii ki, yox! Özləri etiraf edirlər ki, Ermənistanın baş prokurorluğu fərariliklə bağlı 3 minə yaxın cinayət işi açsa da, həqiqətdə onların sayı 10 mindən yuxarıdır.
Şuşada özünə villa tikən, Qarabağda müəssisələr yaradıb varlanan Araikin erməniləri Azərbaycan torpaqlarında ölməyə çağırması məzhəkədən başqa bir şey deyildi. Bu gün Yerevandakı əsgər analarına imkan verilsə, onu Şuşada tikdirdiyi villada ayaqlarından asarlar. Araik Azərbaycanda da cinayətkar kimi müqəssir kürsüsündə durmalıdır. Amma arsızcasına əsgər analarına deyir ki, Azərbaycan tərəfinə ölən əsgərlərlə bağlı müraciət edəcək. Qanmır ki, istənilən əsgər anası özü Azərbaycan tərəfinə müraciət etsə, dəstək alacaq. Əsas odur ki, sən qazdığın quyulara doldurduğun və güllələdiyin əsgərlərin yerini özün açıqlayasan. Sən döyüşçü deyilsən və törətdiyin cinayətlərdən toxunan möhkəm kəndirdən mütləq asılacaqsan.
Bu müharibədə Ermənistanın bütün hərbi strukturları darmadağın olundu. Hətta ermənilərin döyüşlərə atdığı təhlükəsizlik qüvvələrinin ən “yaxşı” nümayəndələri də məhv edildi. Ermənistanın iki elit hərbi hissəsinin döyüş bölgəsindən qaçması isə lətifəyə çevrilib.
Artıq o ordu məğlub edilib, yoxdur. Bu gün Yerevandakı kükrəmələr faşist
rejiminin son çığırtılarına
bənzəyir. Faşist ordusunun
darmadağın edilməsi
isə regionda sülhün və dinc yaşamaq istəyən sadə ermənilərin xilasıdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 9 yanvar.- S.1;6.