Zəfər salnaməsi

 

Azərbaycan tarixinin 44 şərəf günü

 

 

 

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş

Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı.

 

 

 

Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirdi

 

 

Bu müharibə bir çox mətləbləri ortaya qoydu. Bütün  dünya gördü ki, Azərbaycan Ordusu ən qısa müddətdə Ermənistanın işğalçı siyasətinə son qoymağa qadirdir. Hamı şahid oldu ki, cəmi bir neçə günə Ermənistan rəzil və aciz duruma salındı. İşğalçı dövlət isə döyüş meydanında duruş gətirə bilmədiyindən Azərbaycana qarşı insanlıqdan tamamilə kənar, müharibə qanunlarına zidd olan qaydalarla cavab verməyə çalışırdı. Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda,  erməni faşistləri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Goranboy, Göygöl, Tərtər, Yevlax, Horadiz yaşayış məntəqələrini atəşə tuturdu.

Hələ oktyabrın 4-də günorta saatlarında cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin raketartilleriyadan atəşə tutulması nəticəsində bir nəfər mülki şəxs həlak oldu, xeyli insan yaralandı.

Evlərə və infrastruktura ziyan dəydi. Oktyabrın 10-da isə Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs barədə razılaşma əldə olunsa da, bunun qüvvəyə minməsindən az sonra - oktyabrın 11-i gecə saat 2 radələrində Ermənistan öz ərazisindən Gəncəni ballistik raketlərlə atəşə tutdu. Belə cinayətkar təxribat nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 16 qadın və 6 azyaşlı uşaq daxil olmaqla 34 nəfər yaralandı,

3 bina tamamilə dağıdıldı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı mülki obyektə ziyan dəydi.

Kəskin beynəlxalq reaksiyaları vecinə almayan Ermənistan öz faşist xislətinə sadiq qalaraq hərbi cinayətlər törətməyə davam etdi. Oktyabrın 17-si gecə saat 01 radələrində bu terrorçu dövlət yenidən Gəncə şəhərini ballistik raketlərlə atəşə tutdu. İnsanların şirin yuxuda olduqları vaxt edilən bu dəhşətli hücum nəticəsində

14 şəxs, o cümlədən 4 azyaşlı uşaq həyatını itirdi, 50 nəfərdən artıq sakin ağır yaralandı. Çoxsaylı yaşayış binaları tamamilə dağıldı, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

İnsanlığa qarşı bu cinayətlər Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərdi. Dinc sakinlərin ballistik raketlərlə atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulması idi. Ona görə mülki əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaqbununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri isə iflasa məhkum idi. Çünki torpaqlarımızın azadlığı uğrunda yumruq kimi birləşmiş xalqımızın iradəsini  sarsıtmaq mümkün deyildi.

 

 

 

Füzulidə tarix yazıldı

 

 

Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” Bu müjdəni Prezident İlham Əliyev Azərbaycan xalqına oktyabrın 17-də səhər saatlarında etdiyi müraciətində verdi.

Sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları da Füzulidən başlamışdı. Həmin gün rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı,  oktyabrın 9-da Yuxarı Güzlək, Gorazıllı, oktyabrın 14-də Qaradağlı, Xatunbulaq, Qarakollu, oktyabrın 15-də Arış kəndi işğaldan azad edilmişdi.

Füzuli şəhərinin azad olunması xəbərini ölkə ictimaiyyəti hər gün səbirsizliklə gözləyirdi. Cəbrayıldan sonra Füzuli şəhərinin də azad olunması Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Füzulinin azad edilməsi həm də ordumuzun qarşıdakı əməliyyatları baxımından strateji əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müraciətində xüsusi qeyd etdi ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir.

Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. Füzulinin azad edilməsi ilə ordumuz yeni tarix yazdı, öz gücünü, döyüş əzmini bir daha nümayiş etdirdi.

İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, HoradizQacar kəndləri idi.

1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun kəndləri işğal olunmuşdu.  Həmin ilin dekabrında Azərbaycan Ordusunun başlatdığı əməliyyat nəticəsində yanvar ayında işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Hazırda rayonun 140 min nəfərdən artıq əhalisinin 50 faizə  qədəri  rayon ərazisindəki Horadiz şəhərində, 21 kənddə və 17 qəsəbədə yaşayır. Dövlət başçısı İlham Əliyevin sərəncamları ilə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün 11 Qayıdış, 5 Zobucuq, 1 Fin qəsəbələri salınıb. Əhalinin digər qismi Bakı, Sumqayıt, Gəncə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər şəhər və rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.

Füzuli inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılıb və ilk adı Qarabulaq olub. Rayon kimi isə sovet hakimiyyəti dövründə 1930-cu ilin avqust ayında təşkil olunubQaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb.

Rayon ərazisində müxtəlif dövrlərdə Günəştəpədə, Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalqının qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ildə arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən

15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.

 

 

 

Dövlət Müstəqilliyi Gününü şərəfləndirən hadisə

 

 

Azərbaycan Ordusunun işğaldan azad etdiyi növbəti ünvanlardan biriAraz çayı üzərindəki qədim Xudafərin körpüsü oldu. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılmasını oktyabrın 18-də elan etdi.

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş, XI-XII əsrlərə aid bu körpünün azad edilməsinin xalqımız üçün xüsusilə mühüm əhəmiyyəti var. Çünki bu körpü bizim tariximizin, zəngin dövlətçiliyimizin tərənnümçüsüdür. Bu körpü Azərbaycan xalqının milli kimliyinin təsdiqidir. Körpünün işğaldan oktyabrın 18-də - Azərbaycanın Dövlət Müstəqilliyi Günü azad edilməsinin isə xüsusilə rəmzi mənası var. Körpünün məhz həmin gün azad edilməsi müstəqillik tariximizi daha da şərəfləndirdi.

 

 

 

Qələbənin növbəti ünvanı Zəngilandır

 

 

 

Oktyabr ayı boyunca işğaldan azad edilən yaşayış məntəqələrinin sırasına hər gün yeniləri əlavə olunurdu. Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən artıq son nəfəsini verirBöyük Qələbəyə sayılı günlər qalırdı. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılmasından  bir gün sonra - oktyabrın 19-da xalqımız Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin azad olunması xəbəri ilə  sevindi.

Kəndləri azad olunan rayonların sırasına oktyabrın 20-dən Zəngilan da əlavə olundu. Beləliklə, Azərbaycan Ordusunun qələbələrinin növbəti ünvanı Zəngilan şəhəri və bu rayonun kəndləri oldu. Bu barədə Prezident İlham Əliyev oktyabrın 20-də Azərbaycan xalqına etdiyi müraciətində məlumat verdi. Xatırladaq ki, bu, Prezidentin sayca beşinci bəyanatı idi. Şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu deyən dövlət başçısı Havalı, Zərnəli kəndi, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini və Zəngilan şəhərinin azad edilməsi xəbərini xalqımıza çatdırdı.

Bununla yanaşı, Ali Baş Komandan Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli və Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi) və Çinarlı kəndlərinin azad olunduğunu da bəyan etdi.

Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?” Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq”, - deyə Prezident İlham Əliyev müraciətində bildirdi.

Prezident İlham Əliyev oktyabrın 21-də özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etdiyini bildirdi.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun isə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin və Ağbənd qəsəbəsinin azad olunması xəbəri gəldi.

 

 

 

Ordumuz İranla sərhəddə nəzarəti təmin etdi

 

 

 

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə həm də Vətən müharibəsinin gedişində növbəti tarixi hadisə baş verdi. “Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!” - deyə Prezident İlham Əliyev oktyabrın 22-də özününTwitter” səhifəsində bildirdi.

Həmin vaxtadək Azərbaycan Ordusunun azad etdiyi yaşayış məntəqələrinin sayı 155-ə çatmışdı. Onların arasında Füzuli, Cəbrayıl, Zəngilan şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri vardı. 149 kənd isə Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qubadlı rayonlarını əhatə edirdi.

Oktyabrın 22-də Trend agentliyinə müsahibə verən Birinci vitse-prezident Mehriban Əliyeva bir sıra şəhərlər və yaşayış məntəqələrimizin işğaldan azad edilməsi barədə deyib: “Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!”

Oktyabrın 23-də isə Ali Baş Komandan Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərinin, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi.

 

 

 

(Ardı var)

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 10 yanvar.- S.1;4.