Zəfər salnaməsi
Azərbaycan tarixinin
44 şərəf günü
Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı.
İkinci Qarabağ müharibəsinə gedən yol
Cəbhə xəttində son aktiv hərbi əməliyyatların başlaması birdən-birə baş vermədi. 2019-cu ilin avqust ayından sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu ölkəmizin hərbi yolla ərazilərini düşmən işğalından təmizləməsinə gətirib çıxardı.
Belə ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü. Hakimiyyətini möhkəmləndirdikdən sonra onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət ümumilikdə danışıqların mahiyyətinə və məzmununa uyğun deyil. Paşinyanın “Qarabağ Ermənistandır” deməsi, Azərbaycanın qarşısında qoyulan 7 şərt, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi sərsəmləmələr bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi.
Ötən il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozmaqla təxribat törətməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr bütövlükdə Ermənistan dövlətinin beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, sivil dəyərlərə məhəl qoymamasını, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsini göstərdi.
Ermənistanın bu hərbi təcavüzünün qarşısını rəşadətlə alan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Döyüş meydanında baş verənlər bir daha Azərbaycanın artan hərbi qüdrətini, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini, eyni zamanda təcavüzə məruz qalmış kəndlərimizdə yaşayan insanların möhkəm əzmini nümayiş etdirdi.
Aprel döyüşlərində olduğu kimi Ermənistanın bu təxribatı da öz başında çatladı. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bəli, erməni hərbi birləşmələri sarsıdıcı zərbə alaraq geri otuzduruldu, təxribatının qarşısı qətiyyətlə alındı və onların əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədilər.
Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində baş vermiş hadisə bir daha Ermənistanın işğal və terror siyasəti yürütməsini təsdiqləyən fakt oldu. Həmin vaxt hərbçilərimizin sayıqlığı, fədakarlığı və peşəkarlığı ilə düşmənin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdinin qarşısı layiqincə alındı. İfşa olunan diversantlar itki verərək geri qaçsalar da, onlara komandirlik edən Qurgen Alaverdyan əsir götürüldü.
Ermənistanın son təxribatlarından biri də işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların digər ölkələrdən gətirilən ermənilərlə məskunlaşdırılması idi. 1994-cü ildə atəşkəsin elan olduğu dövrdən ermənilər bu istiqamətdə fəal iş aparırdılar. İşğal etdikləri Azərbaycan ərazilərində diasporun maliyyəsi hesabına həyata keçirdikləri infrastruktur layihələri də qanunsuz məskunlaşmaya xidmət edirdi.
Avqustun 4-də Livanın paytaxtında baş vermiş məlum partlayışdan sonra isə İrəvanın əlinə yeni girəvə düşdü. Belə ki, Beyrutdakı partlayışdan sonra şəhərdə yaşayan ermənilər də zərər görmüşdülər. Ermənistan Livana humanitar yardım etdiyini göstərməyə çalışsa da, əslində Paşinyan hakimiyyətinin məqsədi partlayışdan sonra evsiz-eşiksiz qalan ermənilərdən öz çirkin məqsədləri naminə istifadə etmək idi. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud pozulması idi.
Bunların davamı kimi Ermənistanda könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, işğalçı ölkə problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttində yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətlərindən xəbər verirdi.
İlham Əliyev xəbərdarlığını etmişdi
Prezident İlham Əliyev bu barədə son aylar ayrı-ayrı dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə söhbəti zamanı ətraflı məlumat vermiş, onları Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırmışdı. Son olaraq möhtərəm Prezidentimiz BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında bir daha erməni faşizmi barədə danışaraq Ermənistanın yeni işğalçılıq planlarını həyata keçirməyə hazırlaşdığını bildirdi. Cənab İlham Əliyev istənilən təxribatın nəticəsinin Ermənistana baha başa gələcəyini bəyan edərək demişdi: “...Əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa etdi, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə çağırdı, onları Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı. Vətən müharibəsinin başlanmasından bir neçə gün əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə İlham Əliyev kəşfiyyat məlumatlarına əsasən Ermənistanın çox ciddi hərbi hazırlıqlar həyata keçirdiyini, hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşdirdiyini dedi.
Gözlənilən tarixi an yetişdi
Ötən il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribat Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu göstərdi. Həmin gün səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutdu. Bunun nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar oldu.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev döyüşlərin başlanmasından bir neçə gün əvvəl Ermənistanın təxribatları barədə dünya ictimaiyyətini xəbərdar edərkən onu da bildirmişdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaqdır. Beləliklə, sentyabrın 27-də səhər saatlarında düşmənin hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərinin həyata keçirilməsinə başladı.
Həmin gün xalqa müraciət edən Prezident İlham Əliyevin mülki əhali və hərbçilər arasında itkilərin olduğunu bildirərək onların qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad olunacağını bəyan etdi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Elə həmin gün düşmənin müdafiə xətti yarıldı və Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin işğaldan azad olunduğu bildirildi. Döyüşlərin gedişi ilə bağlı Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacağını deyən İlham Əliyev əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını və Azərbaycan Ordusunu təbrik etdi.
Telefondan asılı qalan Paşinyanın ümidləri boşa çıxdı
Sentyabrın 27-dən etibarən cəbhə xəttində baş verənlər yalnız və yalnız Azərbaycanın özünün hüquqlarını bərpa etməsi idi. Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə BMT-nin 30 ilə yaxın idi ki icra etmədiyi 4 qətnaməsinin tələblərini özü inamla təmin etməyə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn şərtlərini işğal olunmuş ərazilərimizdə reallaşdırmağa başladı.
Xəbərdarlıqlardan nəticə çıxarmayan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən, son vaxtlar təxribatlarını daha da artıran Ermənistan artıq tarixinin ən ağır dövrünə məhkum olunurdu. İşğalçılığı və son təxribatları indi ona baha başa gəlməkdə idi. Telefonlardan asılı qalan Paşinyan hər gün ayrı-ayrı dövlətlərin rəhbərlərinə atəşkəsin əldə olunması üçün yalvarırdı. “Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan” deyə Prezident İlham Əliyev oktyabrın 2-də “əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirmişdi.
Yalnız Fransa Prezidenti E.Makron açıq şəkildə ermənipərəst mövqe tutdu ki, bu da Fransanın münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına tamamilə zidd idi. Makron bununla neytral vasitəçilik missiyasının tələblərini kobudcasına pozdu.
Xatırladaq ki, Makron Prezident İlham Əliyevə sentyabrın 27-də, oktyabrın 2-də və 9-da zəng etmişdi. Cənab İlham Əliyev telefon danışıqları zamanı özünün qətiyyətli və prinsipial mövqeyini ifadə etmiş və göstərmişdi ki, heç kim və heç nə Azərbaycanı özünün milli maraqlarından çəkindirə bilməz. “Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək” deyə Prezident İlham Əliyev “əl-Cəzirə” televiziya kanalına müsahibəsində qeyd etmişdi.
Suqovuşan Azərbaycana qovuşdu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev növbəti qələbə müjdəsini oktyabrın 3-də özünün rəsmi “Twitter” səhifəsindən verdi: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Elə həmin gün dövlət başçısı Madagizin tarixi adını bərpa edərək onu Suqovuşan adlandırdı. İlham Əliyev bu hadisə münasibətilə 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu təbrik etdi, həmçinin təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırmağı tapşırdı. Ali Baş Komandana öz təşəkkürünü bildirən Hikmət Həsənov Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.
Oktyabrın 3-də gecə saatlarında isə Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etdiyini xalqa çatdırdı.
(Ardı var)
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 8 yanvar.- S.1;3.