Dörd
bacısının fəxri, Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan Murad Məmmədov
Şəhid Murad Məmmədov Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb.
AZƏRTAC xəbər verir ki, Murad Əzizulla oğlu Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində dünyaya göz açıb. Dörd bacının tək qardaşı və ailənin sonbeşiyi idi. Atası dünyadan vaxtsız köçən Murad əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışıb. Vətən müharibəsinin ilk günündən düşmən üzərinə hücuma keçən qruplarda yer alıb.
Şəhidin anası Cəminət Məmmədova Murad haqqında keçmiş zamanda danışmağa artıq çətinlik çəkdiyini söyləyir.
“Murad 4 bacının
bir qardaşı idi. Əsgərliyi bitirdikdən sonra
hərbidə çalışmağa
başladı. İşindən çox razı idi. Murad mehriban, zəhmətkeş
biri olaraq, hər çətinliyə
qatlaşırdı. İşləyib ev-eşiyini düzəltmək
istəyirdi. Maaşını evə göndərirdi ki, evimizin təmirini
tamamlayaq. Sonuncu dəfə evə 2020-ci ilin may ayında məzuniyyətə gəlmişdi.
Bir həftədən sonra onu xidmətə yola salanda elə
bil ürəyimə dammışdı. Dedim,
oğlum, bilmək olmaz başıma bir iş gələr,
gəl səni qucaqlayım. İcazə vermədi. Qapıya
çatanda dedi ki, ana gözlərimə
yaxşı-yaxşı bax,
əksi gözlərində
qalsın. Sağollaşmağa qoymadı, çıxdı
getdi. Müharibənin başlamasını bacılarına desə də, tapşırmışdı
ki, mənə bildirməsinlər. Sonuncu dəfə
oktyabrın 7-də danışdıq.
Üç gün sonra
isə şəhadətə
qovuşdu”, - deyə şəhidin anası bildirir.
Manqa komandiri
seçilən Murad qumbaraatandan atəş açaraq düşmənin
canlı qüvvəsini
məhv edirdi. Ailə üzvləri
Müdafiə Nazirliyinin
müharibə ilə
bağlı yaydığı
ilk görüntülərdə Muradın döyüş
kadrlarını görüb
çox qürurlanmışdı.
“Qardaş acısı
çox ağırdır. Murad ailəsi,
dostları və tanışları ilə
çox mehriban davranırdı. Müharibə vaxtı zəng vuranda “hər şey yaxşıdır bacı, narahat olmayın” deyirdi. Qardaşım qəhrəmancasına döyüşdü. Mən onunla
qürur duyuram.
Allah ona rəhmət eləsin”,- deyə
şəhidin bacısı
Həlimə söyləyir.
Muradın digər bacısı
Aleyna qardaşının
böyük arzularının
olduğunu, amma Vətən sevgisini hər şeydən üstün tutduğunu qeyd edir: “Naftalanda
işləyirdi. Sonra onları
ön cəbhəyə
apardılar. Mənə yazmışdı
ki, bacı, biz döyüşlərə başlayırıq.
Amma anama deməməyi tapşırdı. Onun böyük
arzuları vardı.
Biz də həmişə
onun ailə qurmasını, xoşbəxt
olmasını arzulayırdıq.
Anam bizi çox çətinliklərlə böyüdüb.
Murad işləyib bu evi düzəltdi, amma özü yaşaya bilmədi. Fəxr edirəm ki, qəhrəman qardaşım
var. O, Vətən uğrunda
şəhid olub”.
Murad Məmmədov
oktyabrın 10-da Suqovuşan
istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb. Onunla birlikdə Suqovuşan
döyüşlərində dayısı oğlu Orxan Əbiyev də döyüşüb.
Orxan yaralandığından Muradın
sonrakı taleyindən
hospitalda xəbər tutub.
“Muradla iki ilə yaxın Mingəçevirdə bir
yerdə xidmət etdik. Sonra xidmət yerlərimiz
dəyişdi. Mən
ona neçə dəfə dedim ki, Murad, sən
dörd bacının
bir qardaşısan, bəlkə xidmətini başa vurasan. Amma o, fikrindən dönmədi.
Deyirdi, Vətən uğrunda şəhid olsa, onun üçün şərəfdir. Murad düşmənin
atdığı artilleriya
mərmisinin partlaması
nəticəsində şəhidlik
zirvəsinə ucaldı.
Mən də yaralanmışdım.
Muradın şəhid olması
xəbərini hospitalda
eşitdim”.
İyirmi
beş yaşında şəhidlik zirvəsinə
ucalan Murad ölümündən sonra
“Laçının azad
olunmasına görə”
və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan.-2021.- 10 yanvar.- S.5.