Alban-udi dini icmasının nümayəndələri
Xudavəng monastırında Milad
bayramını qeyd ediblər
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri yanvarın 8-də Ermənistan işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində İsa peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd ediblər.
AZƏRTAC-ın Kəlbəcərə ezam edilmiş çəkiliş qrupu Azərbaycan Alban-udi dini icmasının nümayəndələri ilə birlikdə Xudavəng monastır kompleksində olub. Bu, icma nümayəndələrinin məbədə ikinci səfəridir. Onlar monastırı ilk dəfə ötən il dekabrın 4-də ziyarət etmişdilər. Məbədi ziyarətə gələn hər kəs Azərbaycan Ordusunun burada qurulan nəzarət buraxılış məntəqəsindən keçir.
Kəlbəcərə Göygölün Toğanalı kəndindən qarlı yollarla getdik. Ömər aşırımı keçərək Yanşaq kəndinin yaxınlığından ötdük. Yolboyu gördüyümüz mənzərələr – sıldırım qayalar, zirvəsi qarlı dağlar, meşələr insanı valeh edir. Bu əsrarəngiz təbiət gözəlliyinin fonunda hər addımda erməni vandallığının izləri görünür. Dağıdılmış abidələri, infrastruktur obyektlərini, yandırılmış evləri, kəsilmiş ağacları ürəkağrısı ilə seyr edirik. Təsəllimiz indi bu yerlərdə üçrəngli bayrağımızın dalğalanması və quruculuq işlərinin başlanmasıdır.
Bu da son vaxtlar haqqında çox eşitdiyimiz Xudavəng monastırı... Dağların qoynunda yerləşən məbəd əzəmətli görünüşü ilə diqqəti ilk baxışdan özünə cəlb edir. Buradakı tikililər, daş abidələr kompleksin qədim tarixindən xəbər verir. Otuz il düşmən əsarətində qalan bu tarixi abidə nəhayət öz sahiblərinə qaytarılıb.
İcma nümayəndələri məbəd kompleksə aid kilsədə ayinlər icra etdilər, bayram duaları oxudular, kilsədə şamlar yandırdılar.
Bu gün tarixi Alban abidələrimizdən olan bu məbəddə illərdir ibadət edəcəkləri günü səbirsizliklə gözləyən udilərin öz ayinlərini icra etmələri böyük əhəmiyyətə malik hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb: “Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur”.
Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari Milad bayramının mahiyyətindən danışıb, torpaqlarımız düşməndən azad olunduqdan sonra bu bayramı Xudavəng monastırında ilk dəfə qeyd etmələrindən məmnunluğunu bildirib. O, həmçinin Azərbaycanda etiqad azadlığının təmin olunmasından, milli azlıqlar üçün yaradılan şəraitdən, dövlətin onlara diqqət və qayğısından söz açıb.
Xudavəng məbədinin həm tarixən, həm də memarlıq üslubu baxımından Alban Apostol Kilsəsinə məxsus olduğunu söyləyən icma sədrinin müavini ermənilərin qədim monastırda etdikləri saxtakarlıqların açıq şəkildə gözə çarpdığını deyib: “Artıq 27 ildir ermənilər bu məbədi zəbt edərək özəlləşdiriblər, saxtalaşdırıblar. Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir. Uzun müddətdir düşmən tapdağında olan torpaqlarımız şükürlər olsun ki, azad edildi. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Həm də ona görə təşəkkür edirik ki, Qarabağda yerləşən tarixi-memarlıq abidələrini, bu monastırı öz sahiblərinə qaytardı".
İcma nümayəndələrinin yanvarın 7-də Qəbələnin Nic qəsəbəsində Milad bayramını qeyd etdiklərini diqqətə çatdıran Rafiq Danakari Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin əsaslı şəkildə təmir olunduğunu söyləyib. O, müharibə dövründə Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpasının buna daha bir əyani sübut olduğunu vurğulayıb.
Xatırladaq ki, XII əsrdə yaşamış tarixçi Mxitar Qoş Xudavəng monastırının əsasının eramızın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulduğunu qeyd edirdi. Məlumatlara görə, kompleksin ən erkən tikilisi olan bazilika (dini əhəmiyyət daşımayan toplantı yeri) İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilmişdi. Bu monastır Cənubi Qafqaz ərazisində ilk alban xristian məbədlərindən biri hesab olunur.
Xudavəng monastır kompleksi
tarixin daşlaşmış
yaddaşıdır. Saxtakar ermənilər
nə qədər çalışsalar da,
tarixin buradakı izlərini silə bilməyiblər.
Azərbaycan.-2021.- 10 yanvar.- S.5.