Bizim üçün müharibə də, 30 illik işğal da arxada
qalmışdır
İlham Əliyev
Azərbaycanı nikbin gələcəyə
və yeni iqtisadi
yüksəlişə kökləyir
İşğalçı Ermənistanın bizə qarşı apardığı gizli və açıq müharibələr bir bataqlıq kimi onun özünü fəlakətli məğlubiyyətin girdabına çəkdi. Son 30 il ərzində ərazilərimizi işğal altında saxlayan, saysız-hesabsız vəhşiliklər törədən azğın erməni vandallarını Azərbaycanın təmkin və ləyaqətlə sülhə məcbur etməsini bütün dünya yüksək qiymətləndirməlidir.
İşğalçı dövlət isə fürsətdən yararlanmaq üçün barışdan ikiəlli yapışmalı, güzəşt və təkliflərimizi minnətdarlıq hissi ilə qiymətləndirməlidir. Ermənistanın gələcəyi xaricdəki diasporunun nasizm çığırtıları altında qonşularla dalaşmaqdan, səngiməyən müharibə ritorikası ilə kükrəməkdən yox, Azərbaycanla yeni əməkdaşlığın qurulmasından asılıdır.
Təəssüf ki, kapitulyasiya aktına məğlubiyyətin vahiməsi altında imza atan Ermənistan hələ də düzgün yol seçə bilmir. Yerevandakı mitinqlər siyasi partiyaların qarşıdurmasını dərinləşdirir, xalq övladlarının Qarabağa göndərilməsinin səbəbinin izahını istəyir, əsgər anaları itkin düşən və ölən övladlarının tapılması üçün qonşu dövlətlərin prezidentlərinə müraciət edirlər. Xankəndidə isə adı tarixdən silinən qondarma rejim səngərlər qazır, partizan dəstələri hazırlayır. Bir sözlə, Ermənistan günün reallıqları ilə yox, yaxın keçmişin ilğıma dönən xülyaları ilə yaşayır. Görünür, 30 il arxasınca bütün sülh körpülərini yandıran işğalçı dövlət faşist ideologiyasının köləsinə çevrildiyini anlamaq iqtidarında deyil.
Azərbaycan Prezidentinin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat çərçivəsində keçirilən müşavirədə dövlət başçısının giriş və yekun nitqləri, eləcə də bir sıra qurumların rəhbərlərinin çıxışları belə qənaətə gəlməyə imkan verir ki, işğalçı Ermənistan üzərində ildırım sürəti ilə qələbə çalan Azərbaycan inamla postmüharibə dövrünün quruculuq işlərinə başlayır. Müşavirədə Azərbaycan bir daha bütün dünyaya düşmənlə barışa getməyə qadir olduğunu, Qafqazda sülhü və əmin-amanlığı əbədi düşmənçilikdən üstün saydığını açıq nümayiş etdirdi. Biabırçı məğlubiyyətinin səbəblərini anlamaqda çətinlik çəkən işğalçı Ermənistan isə hələ ki, müharibəni, yoxsa sülh yolunu seçdiyini bəyan etməkdə çətinlik çəkir. Məğlub edilən dövlətin hərbi və siyasi liderləri revanş görüntüsü yaratmaq naminə reallıqlardan uzaq ideyalardan saman çöpü kimi yapışırlar.
Ermənistan sülhü altına qəfildən qoyulan tikanlı kirpi kimi qəbul edir və hələ də işğalçı abı-havasında mürgüləyərək onu diksindirib oyadanlara sifətini bozardır. Başa düşülən vəziyyətdir. Axı 100 ildən artıq biləklərinə faşizmin qandallarını vuran xalq 44 günlük müharibədəki məğlubiyyətindən sonra birdən-birə 180 dərəcə necə dönsün? Zaman lazımdır. Hələliksə faşizmin ətalət qüvvəsi erməni liderlərini və erməni xalqının böyük bir hissəsini arxasınca sürüməkdədir.
Amma vaxt yoxdur, ağıllanmaq lazımdır. Azərbaycan tərəfinin sülh səylərindən faydalanmaq erməni xalqı üçün yeganə çıxış yoludur. Sadəcə girsinlər internetə və Azərbaycan Prezidentinin sonuncu müşavirədəki nitqini diqqətlə oxuyub görsünlər ki, bizim üçün müharibə də, ermənilərin 30 illik işğalı da arxada qalmışdır. Bütün ölkə yüksək ruhla nikbin gələcəyə və yeni iqtisadi yüksəlişə köklənib.
Bu faktın özü bir daha sübut edur ki, ermənilər Azərbaycan xalqının böyüklüyünü dərk etməli və davranışlarını etik çərçivələrə uyğun qurmağa çalışmalıdırlar. Ermənistan dövlət səviyyəsində faşist ideologiyasına yoluxduğunu boynuna almalı, nasizmdən imtina etməlidir. Bu, regionda sülhə aparan ən qısa yoldur. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlar bizimlə birlikdə firavan yaşayacaqlar. Lakin bu, elə başa düşülməli deyil ki, erməni faşist ideologiyası əvvəlki illərdə olduğu kimi yaşamaq hüququnu əldə edir.
Azərbaycan Prezidenti müşavirədəki çıxışında işğal edilmiş bütün torpaqlarda vandalizm aktlarının törədildiyinə, bütün tarixi abidələrimizin, məscidlərimizin dağıdıldığına və təhqir edildiyinə, şəhər və kəndlərimizin viran qoyulduğuna, yerlə- yeksan edildiyinə bir daha diqqət çəkdi. Biz sülhə gedirik və həm də tarix boyu erməni faşistlərinin cinayətlərindən danışmaq və qatilləri cəzalandırmaq haqqını özümüzdə saxlayırıq. Biz yaxşı bilirik ki, erməni faşizmindən erməni xalqı da əziyyət çəkir.
Bu üzdən onlar ipək kimi yumşaq olmalı və Azərbaycanın sülh təkliflərini minnətdarlıq hissli ilə qəbul etməlidir. Biz bu tendensiyanı hələ müşahidə etməsək də, ümidimizi də üzmürük. Baxmayaraq ki, biz erməni faşistlərinin cinayətlərinə göz yummuruq və heç nəyi unutmuruq. Ermənistan bilməlidir ki, Azərbaycan bunu erməni tərəfinin qara qaşına, ala gözünə görə yox, regionda əmin-amanlığın, Qafqazda sülhün bərpası naminə edir.
Dövlət başçısı çıxışında bu vacib məqama bir daha toxunaraq Ermənistanla Azərbaycan arasında fərqin nədən ibarət olduğunu belə izah etdi: “...Başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın”. İlham Əliyev eyni zamanda Ermənistanın 30 il bizim suyumuzu kəsdiyini, 100 min hektar torpağımızı susuz qoyduğunu da xatırlatdı: “Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 10 yanvar.- S.1;6.