İşıqlı Azərbaycan
Yeni stansiya və yarımstansiyalar ölkəmizin elektrik enerjisi sistemini daha da gücləndirib
Azərbaycanda həyata keçirilən əsaslı islahatlar sırasında enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlərin də özünəməxsus yeri var. Bu işlər geniş miqyası və mühüm əhəmiyyəti ilə seçilir. Enerji sisteminin etibarlılığının təmin edilməsi üçün mükəmməl infrastrukturun yaradılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır.
2020-ci ildə də Azərbaycanda yeni generasiya gücləri yaradılıb. İstifadəyə verilən stansiya və yarımstansiyaların açılışında Prezident İlham Əliyevin iştirak etməsi diqqəti bir daha bu hadisələrin önəmli olduğuna yönəldir.
İyunun 25-də əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyası ölkəmizin enerji sisteminin gücünü daha da artırıb. “Azərbaycan” İES uzun illər ölkənin elektrik enerjisinə tələbatının ödənilməsində birinciliyini qoruyub saxlamışdır. Lakin məlum olduğu kimi, 2018-ci il iyulun 3-də stansiyada qəza baş vermişdir.
Stansiya qısa müddətdə tamamilə yenidən qurulmuş, 8 blokun hamısı işlək vəziyyətə gətirilmişdir. Obyektin 2400 meqavat generasiya gücü bərpa edilmişdir. Qəza baş verən yarımstansiyalar yenidən tikilmiş, müasir idarəetmə mərkəzi yaradılmışdır. Beləliklə, stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadılmışdır. Hazırda bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Burada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.
Mingəçevir şəhərində yenidən qurulmuş “Azərbaycan” İES-in açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur”.
Aprelin 20-də “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimi də sahənin önəmli hadisələrindən biridir. Belə ki, 1986-cı ildə istifadəyə verilən və o vaxtdan təmir edilmədiyinə görə yararsız vəziyyətə düşən bina əsaslı təmir olunaraq müasir memarlıq üslubunda və yüksək səviyyədə yenidən qurulmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.
Buradakı mərkəz vasitəsilə enerji sistemi avtomatik idarə edilir, idxal-ixrac prosesləri, tənzimləmələr həyata keçirilir. Əməliyyatlar insan müdaxiləsi olmadan məsafədən icra edilir. Yenidənqurmadan sonra “Azərenerji” ASC-nin Mərkəzi aparatı bu binaya köçürülüb. Burada əməkdaşların fəaliyyəti üçün bütün zəruri avadanlıq quraşdırılıb.
Koronavirus
pandemiyasının dünyanı sınağa çəkdiyi
bu dövrdə də Prezident
İlham Əliyev heç bir sosial və infrastruktur layihəsinin ixtisar edilməyəcəyini bildirmişdir. Təkcə iyun ayının birinci yarısında dövlət başçısının iştirakı ilə ölkədə üç yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi bunun təsdiqidir. Yarımstansiyalardan ikisi Prezidentin Tərtər və Ağcabədi bölgələrinə səfəri çərçivəsində iyunun 3-də açıldı, üçüncüsü isə paytaxtın Xətai rayonunda iyunun 11-də istismara daxil oldu.
Beləliklə, Azərbaycanda cəmi 9 gün ərzində əhaliyə daha 3 yeni yarımstansiya xidmət etməyə başladı. Bu da ölkəmizin elektrik enerjisi sisteminin gündən-günə daha da gücləndiyinin, keyfiyyətli və dayanıqlı olduğunun aydın göstəricisidir.
Sözügedən enerji obyektlərindən biri yenidənqurmadan sonra istifadəyə verilən 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasıdır. Qurğu Tərtər şəhərinin sosial-iqtisadi təyinatlı obyektlərini, eləcə də ətraf kənd və qəsəbələri, hərbi hissələri, suvarma sistemlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Başqa sözlə, yarımstansiyanın istismara verilməsi əhali və qeyri-əhali qruplarından ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təchizatını daha da yaxşılaşdıracaq.
“Tərtər” yarımstansiyası Naftalan və Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sisteminə qoşulub.
Daha bir enerji obyekti 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasıdır. İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılıb və onun gücü artırılıb.
Yeni yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib. Bu, istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyini artırıb.
Paytaxtın Xətai rayonunda istifadəyə verilən “Əhmədli” yarımstansiyası da 110/35/10 kilovoltluqdur. Yarımstansiya tamamilə yenidən qurulub, burada bütün qurğular ən müasirləri ilə əvəzlənib. Yenidənqurma zamanı yarımstansiya üçün təzə idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial-iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edir.
Ümumiyyətlə, son illərdə ölkənin şəhər və rayonlarında istifadəyə verilən elektrik stansiyaları və yarımstansiyalar yerləşdikləri ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına böyük dəstək göstərir. Son bir ildə təkcə Abşeron regionunda 12 yarımstansiya işə salınıb.
Azərbaycanda həyata keçirilən sənayeləşmə prosesi, əhalinin artım tempi, sosial infrastrukturun genişlənməsi, insanların yaşayış səviyyəsinin yüksəlməsi elektroenergetika sektorunun daim inkişaf etdirilməsi vəzifəsini qarşıya qoyur. Uzun illərdir işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra elektrik enerjisinə tələbatın çoxalması bu sistemdə aparılan tikinti və yenidənqurma işlərinin daha da sürətləndirilməsini şərtləndirir.
Bu baxımdan tikilməkdə olan 1000 meqavat yükötürmə gücündə 330, 220, 110 kilovoltluq “Qobu” yarımstansiyası və 385 meqavatlıq “Qobu” elektrik stansiyası mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Qobu” enerji layihəsi Bakının və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdıracaq. Bununla ölkənin enerji sistemində bir mənbədən asılılıq aradan qaldırılmış olacaq. Yəni regionlardakı elektrik stansiyalarının Bakıya yönəldilən yükü azalacaq. Həmin stansiyalarda istehsal olunan enerji bölgələrin ehtiyacına sərf ediləcək.
Prezident İlham Əliyev 2020-ci il avqustun 21-də yarımstansiyanın tikintisi ilə tanış olmuş və elektrik stansiyasının təməlini qoymuşdur.
Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, o, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq. Ən başlıcası, yeni obyekt ölkənin strateji yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. Bu obyektlər, eləcə də yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi müəssisələrinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.
Xatırladaq k, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün onu 3 ölkəyə ixrac edir. Azərbaycan bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacaq. Çünki elektrik enerjisi sistemi bax, beləcə getdikcə daha da gücləndirilir və təkmilləşdirilir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 10 yanvar.- S.1;6.