İlham Əliyevin dəmir yumruğu Ermənistanın başını əzdi

 

İşğal siyasətinin qurbanı olan Ermənistan tarixinin ən ağır, acınacaqlı və utanc dövrünə qədəm qoydu

 

 

 

2020-ci il Ermənistan üçün müharibədə məğlubiyyət və sosial-iqtisadi, ictimai-siyasi müstəvilərdə vəziyyətin son dərəcə gərginləşməsi ilə yadda qaldı. İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və Ermənistanın döyüş meydanında diz çökdürülməsi ilə 30 ilə yaxın idi zəbt edilmiş torpaqlarımız azad olundu. İşğal siyasətinin və Azərbaycanın dəmir yumruğunun nəticəsində  Ermənistan tarixinin ən ağır, böhranlı və rüsvayçı dövrünə qədəm qoydu.

 

 

 

Azərbaycan Prezidenti işğalçı ölkənin rəhbərliyini həmişə mat vəziyyətinə salıb

 

 

 

Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu diplomatik fəaliyyət, çevik siyasət Ermənistanı, şahmat dili ilə desək, həmişə mat vəziyyətində qoyub. Bu siyasətin nəticəsində vaxtilə Ermənistanda hakimiyyətdə olmuş Koçaryan-Sarkisyan hərbi xuntası, daha sonra isə Nikol Paşinyan daim çıxılmaz vəziyyətə salınıblar. Onların da iştirakı ilə keçirilən bütün beynəlxalq tədbirlər, sammitlər Azərbaycanın maraqlarına uyğun nəticə ilə yekunlaşıb: İlham Əliyev yüksək siyasi-diplomatik peşəkarlıqla Ermənistan rəhbərliyini daim ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla dünya ictimaiyyətinə çatdırıb.

 

Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən şərtlərdən biri də məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti olub. Bu siyasətin nəticəsində Ermənistan bütün layihələrdən kənarda qalıb, erməni xalqı isə işğal siyasətinin qurbanı olaraq səfalət içində yaşayıb. Son 30 il ərzində bu ölkədə nəyinsə müsbətə doğru dəyişdiyini görmək, ümumiyyətlə, mümkün deyil.

 

Azərbaycan Vətən müharibəsində Koçaryan-Sarkisyan hərbi xuntasının işğalçı və terrorçu ordusunu məğlub etdi. Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən deyib ki, Ermənistanın keçmiş rəhbərləri İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizlənib, döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər: “Bəs haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə.

 

Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. Onun indi dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”

 

Hərbi xuntanın üç il bundan əvvəl devrilməsinə baxmayaraq, bu gün də Ermənistanda belə etiraflara rast gəlinir: ölkənin, onun keçmiş rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun  müəllifi Yerevanı uğurla təcrid durumuna salan Azərbaycanın dövlət başçısı İlham Əliyevdir. Azərbaycan Prezidenti öz siyasəti ilə hərbi xuntanın siyasi iflasını təmin etdi, müharibə canilərini tarixin arxivinə göndərdi. Bu canilər nə müharibə günlərində, nə də ondan sonra ortalıqda görünmədilər. Çünki Ermənistan yalnız Paşinyanın təxribatlarının deyil, həm də onların həyata keçirdikləri işğal siyasətinin faciəsini yaşadı.

 

 

 

“Müharibədən sonra qorxu hələ də canımızdadır”

 

 

 

Son 18 il ərzində Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan olduqca möhtəşəm inkişaf yolu keçib. Demoqrafik baxımdan respublikamızın göstəriciləri kifayət qədər qənaətbəxşdir. Ermənistanda isə bütün bunların əksi olan proseslər baş verib. Ötən dövr ərzində Azərbaycan qlobal enerji və nəqliyyat layihələrini uğurla həyata keçirməklə Qafqazda lider dövlətə çevrilib, beynəlxalq mövqelərini olduqca möhkəmləndirib. Azərbaycan diplomatiyası konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradıb. Ermənistan isə işğal siyasətinə görə regiondakı bütün əməkdaşlıq formatlarından kənarda qalıb. Terrorçulara məxsus qapalı siyasətlə beynəlxalq səviyyədə də hər hansı uğura imza ata bilməyib.

 

Azərbaycanın Ermənistanı cəzalandırması, ordusunu döyüşdə darmadağın etməsi bir aydan çoxdur ki, bu ölkədə siyasi qarşıdurmalara yol açıb, iqtisadi vəziyyəti daha da pisləşdirib. Günlərdir davam edən etiraz aksiyaları bütün Ermənistan cəmiyyətini ağır duruma salıb. Bu barədə sosial şəbəkələrdə yazan ermənilər rəzil vəziyyətə salındıqlarını dilə gətirirlər. Məsələn, Nanar Sarkisyan adlı “Facebook” istifadəçisi belə bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, Ermənistan hakimiyyəti niyə İlham Əliyevin fəaliyyətindən nəticələr çıxara bilmir? Azərbaycan torpaqlarını geri qaytardı, bizdə isə geri dönən və hələ də gəlməkdə davam edən yalnız əsgərlərimizin cənazəsidir”. Karen Aşotyan adlı biri də belə bir şərh yazıb: “Açıq reallıq budur. Müharibədə İlham Əliyev Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim baş nazir bəs nə etdi? Noyabrın 10-da məğlubiyyətimizi rəsmən təsdiqlədi, seyrçi mövqeyində qaldı”.  Qaqik Petrosyan isə “Twitter”də yazıb: “Müharibədən sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atdı, əraziləri qaytardı. Bəs Nikoledir?” Movses Baqratyan daVKontaktesosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: “İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Məğlubiyyətdən sonra Paşinyan hansı üzlə xalqın qarşısına çıxır? Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”

 

Ovik Karapetyanın “Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Azərbaycan Prezidenti Qarabağı geri qaytarıb, sabah Yerevanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Ermənistan iqtidarından təngə gəlmişik”.

 

Baş verənləri böyük narahatlıqla izləyən hakimiyyət sosial şəbəkələrdə fikirlərini açıq deyən ermənilərə qarşı daha çox repressiya metodundan istifadə etməyə çalışır. Amma görünən odur ki, bunlar heç də həqiqəti etiraf edən ermənilərin sayının azalmasına təsir etmir, əksinə, onlar Ermənistanı rəzil günə salan hakimiyyətə qarşı daha sərt mövqe tuturlar. Məhz bu xüsusda Ermənistanda sosial şəbəkələrdə baş verənlərin təhlili həqiqətən də burada böyük bir qütbləşmənin yarandığını üzə çıxarır. Bu vəziyyət Azərbaycanın, onun lideri İlham Əliyevin düşmən üzərində inamlı qələbəsinin Ermənistan cəmiyyətindəki etirafıdır.

 

 

 

Ermənistan cəhənnəmə çevrilib

 

 

 

Ötən il noyabrın 10-dan etibarən Yerevanda baş verənlərdən sonra ölkədə, demək olar ki, hakimiyyətsizlik və siyasi xaos hökm sürür. Əhalinin bir qismi hökumətin istefasını tələb edir. Bunu Ermənistanda minlərlə insanın iştirakı ilə keçirilən aksiyalardan da görmək olar. Amma iqtidar küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi hakimiyyəti güc yolu ilə saxlamağa hazır olduğunu göstərir.

 

 Ölkədə insan hüquqları sahəsində yaşanan problemlərin miqyası sürətlə genişlənməkdə, vəziyyət ifrat həddə pisləşməkdədir. Hakimiyyətin öz maraqlarını təmin etmək məqsədilə repressiv metodlara daha çox yer verməsi etirazları bir qədər də artırıb. Amma iqtidar mənsubları hələ də buna əhəmiyyət verməyərək rəqib və təhlükə saydıqları qüvvələri ən sərt üsullarla neytrallışdırmağa çalışırlar. Ermənistanın “4rd.am” saytı yazır: “Ölkəmiz müharibədəki məğlubiyyət və pandemiya fonunda cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır. Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu, sadəcə, sözlər deyil”.

 

Qeyd olunur ki, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma keçmişindiki hakimiyyət insanları o həddə çatdırıblar ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər”.

 

Ümumiyyətlə, etiraz aksiyaları ətrafında baş verən proseslər insan haqlarının pozulması, məmur özbaşınalığı, qanunsuz həbslər, məhkəmələrin sifariş əsasında hökmlər çıxarması və bu qəbildən olan digər hallar indi Ermənistanı xarakterizə edən əsas hallardan sayılır. Beynəlxalq miqyasda müxtəlif təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar bu xüsusda Yerevana dəfələrlə iradlar tutsalar da, reallıqda dəyişən heçyoxdur.

 

 

 

Sadə ermənilər döyüşmək istəməyiblər

 

 

 

Azərbaycanın tarixi zəfəri ilə başa çatan müharibə ilə bağlı Ermənistanın məğlub ordusuna dair hər gün maraqlı faktlar ortaya çıxmaqdadır. Bu sahə üzrə araşdırmalar aparan erməni jurnalist Andranik Arşakyan bildirir ki, müharibənin başladığı ilk günlərdən  erməni gənclər Qarabağa getməmək üçün ölkədən qaçmağa başlayıblar. Erməni jurnalist yazır ki, savaş müddətində hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşiblər: Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, müharibə vaxtı saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalmışdı. Hətta cari ilin ilk yarısında orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək, övladlarını hərbi xidmətdən yayındırıblar. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsidir”.

 

Ermənistan ordusunda qeydə alınan nizamnamədən kənar münasibətlər də valideynlərin orduya inamını tam sarsıdıb. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur. Digər sahələr üzrə də Ermənistanda vəziyyət sürətlə pisləşir, ölkə fəlakətə yuvarlanır.

 

 

 

İqtisadi böhran, sosial partlayış

 

 

 

Ermənistanda vəziyyəti ağırlaşdıran daha bir məqam müharibədən sonrapandemiya dövründə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsidir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Hökumət tərəfindən xaricdən alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağı deyilsə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlərin qiymətləri durmadan bahalaşır, digər sosial xərclər davamlı olaraq artır.

 

Erməni iqtisadçı Samvel Qasparyanın sözlərinə görə, məhz ağır sosial-iqtisadi durum üzündən, ümumiyyətlə, Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki, hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin öz nümayəndələri sərmayə yatırırlar. Erməni iqtisadçısı bildirir ki, investisiya ilə bağlı situasiya çox pisdir: “İnvestisiya məsələsində “kədərli” sözü çox yumşaq səslənir. Milli statistika xidmətinin məlumatı bu ilin birinci yarısının yekunları, sərmayə axını əvəzinə, ölkədən daha çox pul çıxarıldığı gerçəyini ortaya qoyub”.

 

Ölkədən pul axınının artımını buradakı ümidsiz vəziyyətlə əlaqələndirən iqtisadçı vurğulayır ki, bunun bir səbəbi insanların öz əmlaklarını sataraq ölkəni tərk etməsidirsə, digər səbəbi onların öz kapitallarını daha təhlükəsiz mühitdə yatırım etmək istəməsidir. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Burada orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Əvvəllər Ermənistanın mövcudluğu xarici yardımlardan asılı idisə, son dövrlər ölkə bundan da məhrum edilib.

 

Analitiklər Ermənistanın ağır vəziyyətə düşməsində daha çox keçmiş hakimiyyəti günahlandırırlar. Məhz onların səriştəsiz siyasəti nəticəsində ölkənin uçuruma sürükləndiyi iddia olunur. Yaranmış vəziyyəti şərh edən ekspert Armen Rustamyan artıq Ermənistan iqtisadiyyatının çökdüyünü bildirir: “Erməni xalqı xaricdən gələn kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin böyük əksəriyyəti yoxsulluq içindədir. Bu, çox acınacaqlı durumdur, bizim iqtisadiyyat, vaxt keçdikcə, daha da pisləşir. Ölkənin rəhbəri hansısa bir tədbiri görməyi belə düşünmür”.

 

Ümumiyyətlə, real mənzərə göstərir ki, 2020-ci il Ermənistanda yaşanan tənəzzülün daha da sürətlənməsi ilə xarakterizə olunubyeni ilinbundan nəyə görəsə fərqlənməsi gözlənilmir. Aydın görünür ki, Ermənistan və onun xalqı işğal siyasətinin faciəsini yaşayır. İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövlətinin Ermənistana verdiyi tarixi dərs bu ölkəni dərin fəlakətə sürükləyib.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 12 yanvar.- S.1;7.