Qarabağ inkişaf və quruculuq mərkəzinə
çevriləcək
Azərbaycan üçün 2020-ci ilin ən böyük hadisəsi 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi oldu. Bu hadisə mühüm hərbi-siyasi qələbə kimi bütün tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı. Bu tarixi zəfər xalqımızın həmrəyliyinin, öz milli haqqı uğrunda mübarizə əzminin nümayişi oldu. Bu qələbə dövlətimizi və xalqımızı bütün dünyada ucaltdı, Azərbaycanın imicini, beynəlxalq nüfuzunu yüksəltdi.
Böyük Qələbə 2020-ci ilin əsas hadisəsidir
Bu zəfərlə Ermənistanın
30 illik işğalına
son qoyuldu, məğlubiyyət
damğası birdəfəlik
üzərimizdən götürüldü,
yeganə ağrılı
problemimiz başa çatdı. Azərbaycan döyüş meydanında
yalnız Ermənistanı
cəzalandırmadı, həm
də cəmi 44 gün ərzində uzun onilliklərdir xalqımız barədə
dünyada mənfi obrazlar yaratmağa çalışan dünya
erməniliyinə böyük
zərbə vurdu.
O cümlədən Ermənistan
ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə
günə darmadağın
edildi.
Prezident
İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin
yekunlarına həsr olunmuş müşavirədə
də dövlət başçısı keçən
ilin, həm də son 30 ilin əsas yekunu kimi torpaqlarımızın
işğaldan azad olunmasını qeyd etdi: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə
sarsıdıcı zərbələr
endirdi, Ermənistanı
məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan
məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid
vermədən siyasi yollarla geri qaytardıq.
Beləliklə, Ermənistanın
30 il davam
edən işğalçılıq
siyasətinə son qoyuldu.
Biz bunu hərbi
yollarla həll etdik”.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları,
Prezident İlham Əliyevin qətiyyəti
və yüksək diplomatik peşəkarlığı
nəticəsində noyabr
ayının 10-da Ermənistan
kapitulyasiya bəyanatı
imzalamağa məcbur
edildi. Azərbaycan və Rusiya
prezidentlərinin, Ermənistanın
baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə ölkəmizin
qələbəsinin, Ermənistanın
isə kapitulyasiyasının
hüquqi baxımdan təsdiqidir. Eyni zamanda
bu sənəd Ermənistanın işğalçı
dövlət olduğunu
bir daha sübut edən hüquqi aktdır. Üstündən onillər keçsə
belə, bu bəyanat Azərbaycanın
milli haqqının bərpası istiqamətində
əsas tarixi hüquqi sənədlərdən
biri kimi çıxış edəcək.
Dəmir
yumruq yerindədir
Adətən müharibələr bu cür sənədlərin
imzalanması ilə başa çatır və belə hüquqi anlaşmalar gələcək dövr üçün hər bir tərəfin ortaya qoymalı olduğu davranışları,
qalib tərəfin diktələri, məğlub
tərəfin yerinə
yetirməli olduğu şərtləri təsbit
edir. Artıq bəyanatın şərtlərinə
əsasən, Ağdam,
Kəlbəcər və
Laçın rayonları
Azərbaycanın nəzarətinə
keçib.
Lakin son vaxtlar Ermənistan tərəfindən kapitulyasiya bəyanatının ruhuna zidd olan bəzi hərəkətlərə yol verilib. Belə ki, Fransadan bir heyətin, Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfərləri tamamilə qanunsuzdur və təxribatçılıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev müşavirədə bununla bağlı xəbərdarlığını edərək dedi: “Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.
Xatırladaq ki, İlham Əliyev Vətən müharibəsindən əvvəl də Ermənistana xəbərdarlıq etmiş, işğalçı dövləti təcavüzkar siyasətdən və təxribatlardan əl çəkməyə çağırmışdı. Ermənistanın buna məhəl qoymamasının ağır nəticəsi göz önündədi. Azərbaycanın dəmir yumruğu Ermənistana elə bir zərbə vurdu ki, tarixboyu özünə gələ bilməyəcək. Bu dəmir yumruq düşmənə tarixi dərs verdi, onu rəzil günə saldı. Görünür, Ermənistanda bu dərsdən hələ də nəticə çıxarmaq istəyəmənlər var. Onlar unudurlar ki, işğala son qoyan, dövlət sərhədinin hər qarışını tam bərpa edən Azərbaycanın dəmir yumruğu istənilən an onları yenidən əzə bilər.
Azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulmasına artıq başlanılıb
Prezident İlham Əliyev müşavirədə giriş nitqində Azərbaycanın qələbəsi ilə ilə bağlı ətraflı danışdı, bir sıra məsələlərə aydınlıq gətirdi. Digər çıxışlarda da əsas prioritet Vətən müharibəsindəki zəfər, həyata keçirilən tədbirlər barədə idi. Yekun nitqində isə dövlət başçısı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı fikirlərini bildirdi və qeyd etdiyi kimi, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət azad edilmiş torpaqlara olmalıdır. Bu istiqamətdə ilkin infrastruktur layihələrinin icrası isə artıq başlayıb. Belə ki, hələ ötən ilin noyabr ayından Şuşaya yeni yolun çəkilməsinə başlanılıb. İcrasına start verilən digər layihə isə Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə çəkilən yoldur. Bunlardan başqa, Horadiz şəhərindən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yeni yolun çəkilsi ilə bağlı göstəriş verilib və hazırlıq işləri gedir.
Həyata keçiriləcək başqa bir mühüm layihə isə Füzuli şəhərində beynəlxalq hava limanının tikintisidir. Tikintiyə yaxın gələcəkdə başlanılacaq. Bundan başqa, Laçın və ya Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Həyata keçirilməsi nəzərdə tutulan başqa bir infrastruktur layihəsi isə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolunun tikintisidir. Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Azad olunmuş ərazilərin elektrik enerjisi ilə təminatı, su xətlərinin yenidən qurulması istiqamətində də işlərə başlanılıb.
Müşavirədə görülən işlərdən danışan, prioritetləri elan edən Prezident İlham Əliyev bir daha Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.
İşğaldan azad olunmuş rayonlarımızın hamısı yenidən qurulacaq. Vəhşilərin, barbarların dağıtdığı bütün şəhər və kəndlərimiz sürətlə bərpa ediləcək. Onların hər biri əvvəlki şöhrətini geri qaytaracaq. Qarabağ bölgəsində inkişafın Azərbaycan nümunəsi daha möhtəşəm olacaq.
R.CƏFƏRLİ
Azərbaycan.-2021.- 12 yanvar.- S.1;5.