Moskvada
ikitərəfli görüş keçirilib
Yanvarın
11-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir
Putinin ikitərəfli görüşü olub.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham
Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizi Moskvada bir
daha salamlayıram. Təklifimi qəbul etdiyinizə, Rusiyanın paytaxtına gəldiyinizə görə
Sizə bir daha təşəkkür
etmək istəyirəm.
Təbii ki, ötən ilin ən mühüm
hadisəsi Dağlıq
Qarabağda vəziyyətin
ağır keçməsi
olub. Lakin mən məmnun
olduğumu bildirmək
istəyirəm ki, biz
hər halda döyüş əməliyyatlarına,
qan tökülməsinə
son qoya bildik. Bugünkü işin nəticələri
barədə indicə
dediyimiz kimi, sülhməramlı missiya
öz funksiyasını
yerinə yetirir və bütövlükdə
vəziyyət tədricən
normallaşır. Bu gün bizim imzaladığımız birgə
Bəyanatın əsasını
uzunmüddətli perspektivdə
vəziyyətin nizamlanması
istəyinin təşkil
etməsi isə, fikrimcə, çox vacibdir.
Lakin Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin
kontekstindən əlavə,
bizdə ikitərəfli
gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində
Qələbənin 75 illiyini
qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq
və təşəkkürümü
bildirmək istərdim.
Bu, bütün ölkələrimiz üçün,
postsovet məkanındakı
bütün ölkələr
üçün çox
əlamətdar hadisə
idi. Ona görə ki,
biz hamımız o vaxtkı
ümumi vətənimizin
azadlığı, müstəqilliyi
uğrunda mübarizədə
iştirak edirdik.
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər
çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin
iqtisadi tərkib hissəsinə aiddir.
Bizim birgə işimizin əksər istiqamətləri,
o cümlədən iqtisadiyyat
istiqaməti üzrə
üst-üstə düşən
maraqlarımız çoxdur.
Mən çox ümid edirəm ki, bütövlükdə
Cənubi Qafqazda vəziyyətin nizamlanması
üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli
münasibətlərin də
xeyrinə olacaq. Mən onu əsas götürürəm
ki, bu nizamlama
bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər
qurmağımıza imkan
verəcək.
Bu gün Moskvada
olmağınıza görə
Sizə bir daha təşəkkür
etmək istəyirəm.
XXX
Prezident
İlham Əliyev dedi:
-Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Rusiya paytaxtında
olmaq mənə həmişə xoşdur. Dəvətə, həmçinin üçtərəfli
görüşün keçirilməsi
təşəbbüsünə görə Sizə bir daha təşəkkürümü
bildirmək istərdim.
Görüş çox faydalı
və hesab edirəm ki, səmərəli oldu.
Ona görə ki, görüşün yekunlarına
əsasən biz Bəyanat
imzaladıq. Bu, müharibə
qurtarandan iki ay sonra imzalanmış və mahiyyət etibarilə keçən il baş
verənlərə yekun
vuran ikinci Bəyanatdır. Bu Bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat
kommunikasiyalarının bərpasına
yönəlib. Bizim
üçün bu, böyük əhəmiyyət
kəsb edir, çünki beləliklə,
30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən
nəqliyyat kommunikasiyaları
vasitəsilə Azərbaycan
Respublikasının Naxçıvan
Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə
Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına
malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən
keçməklə Türkiyə
bazarına çıxış
əldə edəcəyik,
Türkiyənin və
Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu
Bəyanat çox böyük perspektivlər
açır və əminəm ki, bizim bu gün
yaratdığımız İşçi
qrupu səmərəli
işləyəcək, layihələrin
reallaşdırılması barədə bizə vaxtaşırı məruzə
edəcəkdir. Orada bir
deyil, bir neçə layihə var.
Əminəm ki, onlar hamısı reallaşacaq.
Hərbi əməliyyatların dayandırılmasında
və 9 noyabr tarixli Bəyanatın imzalanmasında şəxsən
iştirakınıza görə
Sizə bir daha təşəkkürümü
bildirmək istərdim. Hesab edirəm
ki, Siz Rusiyanın
lideri, həm Ermənistanın, həm də Azərbaycanın qonşusu kimi iradə, qətiyyət, müdriklik nümayiş etdirdiniz. Sizin təşəbbüsünüzlə
baş tutmuş bugünkü görüş
bir daha bu məsələyə necə böyük diqqət yetirməyinizə
dəlalət edir.
Təbii
ki, bu, bizi
çox sevindirir, çünki bütün
regionda vəziyyətin
müsbət inkişaf
dinamikası çox cəhətdən Ermənistan
ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından
asılı olacaq.
Tamamilə yeni, əvvəllər
bəlkə də hətta təsəvvür
edə bilməyəcəyimiz
perspektivlər açılır.
İkitərəfli münasibətlərə gəldikdə
isə, ötən ilin pandemiya ilə əlaqədar ağır keçməsinə
baxmayaraq, hər halda bizdə əmtəə dövriyyəsinin
azalması o qədər
də çox olmayıb. Əminəm ki, bu il biz bütün bunları kompensasiya edəcəyik. Gündəlikdə, o cümlədən iqtisadi sahədə çox geniş məsələlər durur.
Siyasi sahədə Azərbaycan və Rusiya artıq çoxdandır ki, strateji tərəfdaşlardır.
Müharibənin dayandırılmasında, habelə sülhməramlı
missiyada Rusiyanın fəal iştirakı məhz ona dəlalət
edir ki, bu uzunmüddətli strateji tərəfdaşlıq
münasibətlərinin çox
yaxşı dinamikası
var.
Siz ölkələrimiz
arasında humanitar əməkdaşlığı qeyd etdiniz. Bu əməkdaşlıq həmişə
yüksək səmimiyyəti,
səmərəliliyi və
konkret nəticəyə
yönəlməsi ilə
fərqlənib. Bütün
başqa sahələrdə
də biz həm bu il, həm də sonrakı illərdə çox səmərəli
əməkdaşlıq etmək
əzmindəyik. Ermənistan ilə
Azərbaycan arasındakı
vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək,
hər iki xalq gələcək barədə və barışıq haqqında
fikirləşmək üçün
özündə iradə
və müdriklik tapacaq.
Dəvətə görə və bu təşəbbüsünüzə
görə bir daha sağ olun.
Vladimir
Putin: Sizə təşəkkür
edirəm.
Azərbaycan.-2021.-
12 yanvar.- S.1-2.