Zəfər salnaməsi
Azərbaycan tarixinin
44 şərəf günü
Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.
Qubadlıda Azərbaycan bayrağı dalğalandı
Zəngilandan sonra Azərbaycan Ordusunun növbəti hədəfi Qubadlının azad olunması idi və bu rayondan ilk xəbər oktyabrın 23-də gəldi. “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir”, - deyə Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində yazdı.
Zəngilanın azad edilməsindən sonra Ermənistan Qubadlı rayonunun ərazisinə əlavə qoşunlar cəlb etmişdi. Lakin Müzəffər Ordumuzun qarşısında onların hamısı aciz qaldı və oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad edilməsi xəbərini xalqımıza verdi.
Dövlət başçısı Qubadlı şəhərinin və bu rayonun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik etdi, onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzuladı.
Oktyabrın 26-da xalqa müraciət edən Prezident İlham Əliyev Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin azad olunduğunu bəyan etdi.
Dekabrın 23-də Qubadlı rayonuna səfəri zamanı Prezident İlham Əliyev bu rayonun azad edilməsinin strateji əhəmiyyəti barədə danışaraq deyib: “Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi.
Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi - gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün”.
Oktyabrın 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım etdi. Paylaşımda deyilirdi: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
Ermənistan növbəti hərbi cinayətini törətdi
Döyüşlərdə məğlub olan Ermənistan həmin günlərdə Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşlarını atəşə tutmaqda davam edirdi. Çünki ordumuzla mübarizə aparmağa gücü çatmayan düşmən mülki vətəndaşlarımızı hədəfə almaqla Azərbaycanı öz yolundan döndərməyə çalışırdı.
Azərbaycan Ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən oktyabrın 27-də xaincəsinə Bərdə rayonunu atəşə tutdu. Rayona “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirdi və aralarında uşaqlar və qadınlar olmaqla, 13 nəfər ciddi xəsarət aldı. Bu, həmin vaxt beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayəti idir. İki ölkənin xarici işlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisi idi.
Bərdəyə raket hücumu zamanı Ermənistan beynəlxalq qanunlara zidd olaraq kasetli raketlərdən istifadə etmişdi. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanmışdı.
Həmin gün düşmən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində hücum etməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edildi. Keçirilən adekvat tədbirlər nəticəsində düşmən diviziyalarından birinin qərargah rəisi daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, bir tankı, dörd artilleriya qurğusu, “Osa” tipli zenit raket kompleksi, “Qrad” tipli yaylım atəşli reaktiv sistemi, radiolokasiya stansiyası və altı avtomobil texnikası və diviziyasının əsas komanda məntəqəsi bölmələrimiz tərəfindən məhv edildi.
Oktyabrın 28-də isə Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən növbəti dəfə raket atəşinə tutdu və bu, mülki əhali arasında ağır itkilərə səbəb oldu. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak oldu və 70-dən çox insan ağır yaralandı. Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətini bir daha nümayiş etdirdi. Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdi.
Bərdənin qisası alındı
Ermənistanın bu hərbi cinayətlərinə münasibət bildirən Prezident İlham Əliyev oktyabrın 28-də özünün rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Bərdə sakinlərinin qisasının yerdə qalmayacağını bildirdi: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.
Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda bildirdi: “Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir.
Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!”
“Amnesty International” təşkilatı da Ermənistanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi. Təşkilatın bu barədə yaydığı açıqlamada deyilirdi ki, Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. “Amnesty International”ın mütəxəssisləri şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının “Smerç” raketlərinin sursat parçalarının olduğunu təsdiqlədilər. Məlumatda vurğulandı ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.
Bərdənin qisası düşməndən döyüş meydanında alındı. Oktyabrın 28-də Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində hücuma cəhd edən düşmən bölmələrimizin qətiyyətli zərbəsi ilə itki verərək geri çəkilməyə məcbur edildi. Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi, bir neçə döyüş texnikası, o cümlədən “Osa” tipli zenit-raket kompleksi, “Konkurs” tipli tank əleyhinə raket kompleksi, 3 “Qrad” tipli yaylım atəşli reaktiv sistemi, 2 “Qiasint” topu, 12 artilleriya topu, minaatan və 6 avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv olundu.
Oktyabrın 29-da isə düşmənin ordu korpusunun və diviziyasının yüksək rütbəli zabitləri daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif artilleriya qurğusu, 6 ədəd avtomobil texnikası və bir neçə dayaq məntəqəsi bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edildi. Döyüş meydanında məhv olan bölmələrinə dəstək üçün gələn düşmənə məxsus iki “Su-25” tipli hücum təyyarəsi də hərbi hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada vuruldu.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradıldı.
Cəbrayıl, Zəngilan Qubadlı və Füzulinin kəndləri azad edildi
Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın mümkün itkilərinə dair fikirlərini bildirdi. Bu barədə sualı cavablandıran dövlət başçısı deyib: “Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur”.
Prezident İlham Əliyev qeyd etmişdi ki, biz itkilərimizi sonra açıqlayacağıq. “Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirmişdi.
Uğurlu hücum əməliyyatlarını davam etdirən ordumuz oktyabrın 28 və 30-da Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Aladin, Vejnəli, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan, Kavdadıq, Məmər, Mollalı kəndlərini də işğaldan azad etdi.
Noyabrın əvvəllərində növbəti uğurlu əməliyyatlar həyata keçirən ordumuz Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Mirək, Kavdar, Yuxarı Məzrə, Yanarhac, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Məşədiismayıllı, Şəfibəyli, Beşdəli, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı, Başarat, Qarakişilər, Qaracallı, Qəzyan, Balasoltanlı, Mərdanlı, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdi. Bunlar barədə Prezident İlham Əliyev noyabrın 2-də, 4-də və 7-də “Twitter” hesabından məlumat verdi.
(Ardı var)
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 12 yanvar.- S.1;5.