“O, əsgərin payıdır, yeyə bilmərəm”

 

Bunu komandirimiz tabeliyində olan, doğma övladları qədər sevdiyi cəsur döyüşçülərimizə deyirdi

 

 

 

Torpaqlarımızın ərazi bütövlüyü bərpa olundu. Vətənimizin Ermənistan tərəfindən işğalda qalan ərazilərini 44 günlük savaş günlərində azad edən hərbi qulluqçulara, mülki insanlara, polislərə, həkimlərə, damarlarında Vətənə sevgi qanı axan bütün qardaş və bacılara bir könüllü əsgər kimi dərin təşəkkürümü bildirirəm. Vətən yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

 

Artıq şəhid və qazilərimiz haqqında söz açmaq imkanı da yetdi. Bu gün sabitlik hökm sürürsə, şəhidlərimizin hesabınadır. Qazilərimizə şəfa diləyir, tezliklə sağalmalarını arzu edirəm.

 

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev sərəncam imzaladı ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orduya çağırılan və könüllü gedənlər evlərinə qayıtsın. Bütün hərbi hissələrdə demək olar ki, bayram əhvali-ruhiyyəsi var idi. O sevinci sözlə ifadə etmək çətindir. Elə döyüşçülərimiz var ki, burada olanda ona “...gözün aydın, ata oldun...” və s. kimi xəbərlər gəlirdi. Hamı sevinir, şadlıq edirdi. Mən isə kövrəlirdim. Ona görə ki, Azərbaycanın qeyrətli oğullarından ayrılıb mülki həyata dönəcəyəm. Bu arada polkovnik-leytenant Sabit Arazxanlı haqqında danışmaq istəyirəm. Onun barəsində nəsə demək həm asandır, həm də çətin. Ona görə asandır ki, onunla çiyin-çiyinə xidmət etmişəm, az qala bütün xarakterinə bələd olmuşam. Çətindir, ona görə ki, belə bir qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan yazmağa sözlərim bəs etmir.

 

Cənab polkovnik-leytenant əslən Kəlbəcərdəndir. 2016-cı ilin Aprel döyüşlərində kəşfiyyat briqadasında fəal iştirak edib. Sentyabrın 26-dan isə ön cəbhəyə yola düşür, bir çox ərazilərin alınmasında böyük rəşadət göstərir, dəfələrlə yüngül yara alsa da, döyüşə davam edir. Bir dəfə də olsun əsgər yeməyi yemədi: “...o, əsgərin payıdır, yeyə bilmərəm” - dedi.

 

Onun əməyi çox böyükdür. Belə ki, təkcə əsgərlərə deyil, zabit heyətinə də siqaret, corab, papaq, şirniyyat, bir sözlə, gündəlik ərzaq məhsulları alırdı. Açığı, komandirimizin arxa cəbhədə də yaxşı hörməti, nüfuzu var. Özündən savayı, həm də mülki əhali, arxa cəbhədəki dostları maşın-maşın ərzaq və isti geyimlər gətirirdi.

 

Bir sözlə, arxada qalan döyüş günlərində biz könüllülər və həqiqi hərbi xidmətdə olanlar komandirimizdən yalnız qardaşlıq, atalıq, dostluq, səmimiyyət və qayğı gördük. Necə deyərlər, etdiyi təmənnasız yaxşılıqların sayı-hesabı yoxdur.

 

Gecə-gündüz dayanmadıq, yuxununolduğunu unutduq, Ağdama yerləşəndə yanımızda mina partladı, komandirimizin ayıq-sayıqlığına görə ondan da qurtulduq. Bax belə çətin günlərdə bir-birimizə arxa-dayaq olduğumuz üçün ayrılmaq o qədər də asan deyil. Ona görə deyirəm ki, sizinlə xidmət etmək qürurvericidir, cənab komandir!

 

Xahiş edirəm ki, məni də saxlayın, xidmətimi davam etdirim. O isə deyir ki, ixtisasca müəllimsən, səni gözləyən nə qədər şagirdlərin var, burada missiyanı uğurla yerinə yetirmisən, indi isə arxa cəbhədə xidmət göstərəcəksən, geri dönməlisən! Amma mən bu gündən orduda xidmət etmək istəyirəm. Lakin komandirin hər kəlməsi əmrə bərabərdir. Ona görə əmrdən çıxmaq olmaz.

 

Mən geri, öz əvvəlki arxa cəbhəmə dönsəm də, ürəyim, qəlbim cəbhədəki döyüşçü, səngər dostlarımın, xüsusən də polkovnik-leytenant Sabit Arazxanlı kimi komandirlərin yanında qalır.

 

Vətənə sizinlə birgə xidmət etdiyim üçün fəxr və qürur duyuram, cənab polkovnik- leytenant! Eşq olsun Azərbaycanın zəfər tarixi yazan Müzəffər Ordusuna, Ali Baş Komandana, Azərbaycan xalqına!

 

Qarabağ Azərbaycandır!”

 

 

 

Eyvaz ƏYYUBLU,

Azərbaycan Ordusunun könüllü əsgəri, pedaqoq

Azərbaycan.-2021.- 12 yanvar.- S.6.