Bir məktəbin
üç şəhid məzunu
44 günlük Vətən müharibəsi qələbə ilə sona çatdı. Azadlıq meydanında dekabrın 10-da təntənəli şəkildə Zəfər paradı keçirildi. Qürurlandıq, böyük sevinc hissi yaşadıq... Xalqımıza və müzəffər Milli Ordumuza Qələbə necə də gözəl yaraşırmış! Arxada qalan cəmi 44 gün ərzində nəinki biz, dünya bu müharibədə kimin nəyə qadir olduğunun şahidinə çevrildi.
Məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan ağ bayraq qaldıraraq, Müzəffər Ordumuzun, onun Ali Baş Komandanı İlham Əliyevin “dəmir yumruq” siyasəti, diplomatik qələbəsi qarşısında diz çökdü, noyabrın 10-da təslim aktına - kapitulyasiya sənədinə qol çəkdi.
Qarabağda 30 il ərzində daş üstə daş qoymayan, terrorçuluq, talançılıq, barbarlıqla məşğul olan daşnak silahlı quldurlarını cəsur döyüşçülərimiz tarixi ərazilərimizdən “iti qovan”kimi qovdular. Düşmən neçə-neçə ağır hərbi texnikasını da döyüş meydanlarında qoyub qaçdı. Ələ keçirilən qənimət - hərbi texnikanın bəziləri Bakıda, Azadlıq meydanında dünyaya nümayiş etdirildi.
Bütün bunlar, əlbəttə, xalqımızın, rəşadətli ordumuzun, xüsusən də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsinə, Qarabağın işğaldan azad edilməsinə illərlə hazırlığının nəticəsidir.
Müharibəni Qələbə ilə başa vurduqdan sonra bu yolda canlarından keçən Vətən oğullarının şəhidlik zirvəsinə yüksələnlərinin adları açıqlandı. Düşmən tərəfinin itkisindən xeyli az olsalar da, onların hər biri xalqımızın və dövlətimizin igid, mərd övladı kimi heç zaman unudulmayacaq. Həmin 3 min nəfərə yaxın şəhidimizin arasında Bakı şəhəri, Nərimanov rayonundakı E.Əliyev adına 93 nömrəli tam orta məktəbin üç məzununun da adlarının olması pedaqoji kollektivimizdə nə qədər kədər hisslərilə qarşılansa da, qürur yerimizə çevrildilər. Ona görə də adları və igidlikləri heç zaman yaddaşımızdan çıxmayacaq hər üç qəhrəmanımızın döyüş yolu, onların şəhidlik zirvəsi şagirdlərimizə örnək dərsi kimi təbliğ və tədris olunacaq. Qəhrəmanlarımızın şərəfinə ayrıca “Şəhidlik zirvəsi” adlı guşə yaratmaqla xatirələri daim əziz tutulacaq.
Babək
Bəxtiyar oğlu Allahverdiyev 30 may 1979-cu ildə
Naxçıvanda anadan
olub. 1986-cı ildə
Bakı şəhəri,
Nərimanov rayonunun 93
nömrəli məktəbində birinci sinfə gedib.
1993-1996-cı illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə təhsil
alıb. Həmin il Bakı
Ali Birləşmiş Komandanlıq
Məktəbinə - Ali Hərbi
Akademiyaya qəbul olub. 2000-ci ildə həmin məktəbin məzunu kimi Azərbaycan Respublikasının
Dövlət Quru Qoşunlarında xidmətə
başlayıb.
2014-cü ildə ailə
həyatı quran Babək iki oğul atasıdır. 2020-ci il
sentyabrın 27-də Ermənistanın
yenidən hücumu nəticəsində başlayan
Vətən müharibəsində
iştirak edən baş leytenant Babək Allahverdiyev kəşfiyyat komandiri kimi Füzuli və Qubadlı istiqamətlərində gedən
ağır hərbi əməliyyatların iştirakçısı
olub. Döyüşə-döyüşə Şuşaya ilk girənlərdən
biridir. Şuşaya canı-qanı ilə
yol açan Babək elə həmin zirvədə də şəhadətə
yüksəlib.
Bakı şəhərindəki İkinci Fəxri xiyabanda canından artıq sevdiyi, uğrunda şəhid olduğu torpağa tapşırılan qəhrəmanımıza Allahdan rəhmət diləyirik!
Məktəbimizin şəhidlərindən biri də 1997-ci il iyun ayının 29-da Bakıda anadan olan Bayramov Cavid Azər oğludur. Məktəbimizin məzunu olduqdan sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə daxil olmuşdu. Hər bir gənc kimi, onun da arzuları, ayrıca bir dünyası var idi. Hələ orta məktəbdə oxuyarkən sinif yoldaşları ilə gələcək həyat yollarından söz düşəndə Xankəndiyə, Şuşaya yol çəkəcəyini bildirirmiş. Bunün üçün də məhz peşə seçəndə nəqliyyat fakültəsində oxumağa üstünlük vermişdi.
Cavid Bayramov da Vətən müharibəsi başlayanda cəbhəyə könüllü gedənlərdən biri oldu. O, Vətənin dar günlərində rahatlıq tapa bilmirdi. Az qala hər gün hərbi çağırış məntəqəsinə gedir, onu döyüşən ordunun sıralarına yollamağı tələb edirdi. Və getdi də...
Döyüş yolları da ömrü kimi qısa olan Cavid Bayramov 2020-ci il oktyabrın 8-də Füzuli və Hadrud uğrunda gedən əməliyyatlarda Vətənə sevgisini nümayiş etdirərək, igidliklə vuruşdu. Döyüş dostlarına yardım əli uzadan igidimiz özünü düşünmədi. Yolu zirvəyə idi - şəhidlik məqamına. Onu bu yoldan kimsə qaytara bilməzdi. Elə ona görə də getdi, özündən sonraya qalan əziz və şirin xatirələrdə yaşamaq, əbədiyyətə, ölümsüzlüyə qovuşmaq üçün...
1999-cu il oktyabrın 30-da Qobustan rayonunda anadan olan Əhmədov Mehrac İntiqam oğlunun şəhidlik zirvəsinə gedən yol isə bir qədər fərqlidir. 2017-ci ildə bizim məktəbin məzunu olub. Atası İntiqam deyir ki, Mehrac onlar üçün möcüzə doğulub, ailənin sonbeşiyi kimi. Onun dünyaya gəlməsi üçün qurbanlar deyilib. Yeddi yaşına kimi qurbanları kəsilib. Əl üstündə, göz bəbəyi kimi böyüdüblər onu. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. Əsgərlikdə ilyarım topçu kimi qulluq göstərib, sağ-salamat da geri dönüb.
2020-ci ilin sentyabr ayının 25-də Mehrac yenidən döyüşən ordunun sıralarına qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Yaralı əsgər dostlarını döyüş meydanından çıxararkən özü də o zirvəyə ucalıb.
Nur üzlü şəhidimizin arzuları çox olub. Mehracın yaxşı əl qabiliyyəti vardı. Bir-birindən zövqlə düzəldilmiş əşyaları indi ondan qalan əziz yadigarlar kimi qorunur. Əsgərliyə getməmişdən “Neptun” marketlər şəbəkəsində çalışırmış. Müharibədən sağ-salamat qayıdıb istədiyi qıza nişan aparmaq haqqında düşünəndə anasına deyib ki, “tələsməyin...”
Kollektivimizin təsəllisi odur ki, hər üç məzunumuzun qəhrəmanlığı unudulmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla hər üç məzunumuz - baş leytenant Babək Bəxtiyar oğlu Allahverdiyev, əsgərlərdən Cavid Azər oğlu Bayramov və Mehrac İntiqam oğlu Əhmədov da “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Onu da qeyd edək ki, şəhidlərimizin müqəddəs savaşları və döyüş yolları haqqında kitab çapa hazırlayırıq.
Xalidə
İBRAHİMOVA,
Bakı şəhəri, Nərimanov
rayon E.Əliyev adına 93 nömrəli tam orta məktəbin
direktoru
Azərbaycan.-2021.- 12 yanvar.- S.6.