Zəfəriniz mübarək!
Qarabağ yaramıza məlhəm olan Qələbəniz mübarək, oğlum İsmət Əhməd oğlu Məmmədov! Sənin ömür yolun da maraqlıdır, döyüşlərdə zəfər qazanmağınız kimi. Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan Ordusunun müzəffər yürüşlərinin qələbə soraqlarını “Twitter” səhifəsində paylaşdıqdan və televiziya ilə xalqa çatdırdıqdan sonra sevincimizin hədd-hüdudu olmayıb. Bu günlərimizə şükürlər olsun. Ermənistanın işğalı altında qalan torpaqlarımızdan didərgin salınmış insanların duası sizi qorusun!
Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin televiziyadakı müsahibələri, xarici ölkələrin jurnalistlərinin suallarına verdiyi cavablar bir döyüşçü anası kimi məni də çox qürurlandırıb, fərəh hissi keçirmişəm! Ermənilərin işğal etdiyi ərazilərdə törətdiklərini gördükcə isə anlamışıq ki, siz ön cəbhədə necə vəhşi məxluqlarla döyüşmüsünüz! Halal olsun dövlətimizin sizlərə olan qayğısına!
Hansı ana sevinməz bu Zəfərə?! 30 il bundan öncə ermənilər xalqımıza divan tutdu. Torpaqlarımızı işğal etdi, Xocalıda elə dəhşətli soyqırımı törətdi ki, dilə gətiriləsi deyil.
Azərbaycanın gücü, xalqımızın birliyi, Ali Baş Komandanımızın mətin iradəsi ilə Ordumuz 44 gün ərzində düşməni diz çökdürdü. Ermənistan indiyə kimi törətdiyi vəhşiliyə görə layiqli cəzasını aldı. Vətənə bu xidmətdə sənin də payının olması, ana kimi, qəlbimi fərəhlə döyündürür.
Şuşa və Ağdam məscidlərində verilən azan səsləri sizi qorusun, əziz əsgər və zabitlərimiz!
İsmət, oğlum, sən hərb sənətini seçəndən atan Əhməd Məmmədov, uzun illər Az.Gəyliyən kənd orta məktəbinin direktor müavini olan baban Mahmud Məmmədov da qürur duyublar. Yalnız səninlə yox, kəndimizin igid oğullarının hamısı ilə fəxr edirik ki, Qarabağın işğaldan azad edilməsində, Vətən müharibəsində könüllü olaraq Bakıdan döyüşlərə yollandınız.
Əziz oğlum, sən komandirsən. Komandir əsgərinin atası, qardaşı, doğması, əzizidir. Bilirik ki, qarda-yağışda, soyuqda onların qayğısını çəkirsiz. Kəndimizdən daha bir nəfərin - Novruzov Füzuli Vahid oğlundan da bizə bir soraq ver. Eşitmişik ki, o da Şuşanı azad edən əsgərlərimizdəndir. Anası Sitarə xanım da bütün əsgər və zabitlərimizlə, o cümlədən oğlu ilə fəxr edir, salamlarını sizə mənim məktubum vasitəsilə çatdırır.
Əziz oğlum, bu günlər dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı oğlu, qızı özünü Qarabağda, düşmənlə üz-üzə döyüşlərdə sanır. Demək, təkcə siz yox, bütövlükdə, xalqımız, Ali Baş Komandanımızın əmrinə müntəzir dayanaraq, düşməni ifşa edir, onun çirkin niyyətini, terrorçu olduğunu aləmə yayır. Ermənilər yalnız sizin qabağınızdan qaçmır, həm də dünyada ifşa edilir. Bu da bizə və sizə imkan verir ki, onlara layiq olduqları yeri göstərək. Bizə Qələbə sevincləri yaşatdınız, var olun!
Füruzə
MƏMMƏDOVA,
Gürcüstanın
Borçalı mahalının
Dmanisi rayonunun Az.Gəyliyən kənd sakini
Azərbaycan.-2021.- 12 yanvar.- S.6.