SOVET “DEMAQOQU”, RADİKAL
MÜXALİFƏT, 5-Cİ KOLON
Hər şey inkişaf edir, hər şey dəyişir.
Bizə bunu belə başa salıblar.
İnkişaf hara aparır, dəyişikliklər nəyə gətirir - bunlar irəlicədən dəqiq bilinmir. Çünki dövr və zamandan, hadisələrin gedişindən asılı olur.
Bəlkə də nəyin necə olacağını qabaqcadan bilənlər də olur. Amma belələri tək-tükdür. Yerdə qalanları dəyişikliklər baş verib qurtarandan, hadisələr başa çatandan sonra mahiyyətdən xəbər tuturlar.
***
SSRİ-ni yıxıb, o boyda qırmızı imperiyanı böyrü üstə qoyan Qorbaçov hər şeyi “yenidənqurma və aşkarlıq” şüarı ilə başladı.
Guya sovetlər ittifaqındakı hər şey təzədən qurulacaq, bütün həqiqətlər hündürdən və açıq şəkildə deyiləcəkdi.
Bir soruşan yox idi ki, bəyəm indiyəcən bəh-bəhlə təriflədiyiniz sosializm pisdir ki, onu yenidən quraq? Yaxud qurulmuşun yenidən qurulmasına nə ehtiyac? Və ya deyən yox idi ki, indiyədək nə gizlin idi, axı Sov.İKP xalqdan heç nə gizlətmirdi? Onun dediyi tənqidlər aşkarlıq sayılmırdı?
Bu Qorbaçov “perestroyka”sının ideoloji tərəfi idi. Əslində kommunizmin dağıdılmasına xidmət edirdi.
İqtisadiyyatı pozmaq üçün isə “alkoqolizmə qarşı mübarizə” cəbhəsi açıldı.
Anadan olanı araqla qarşılayıb, öləni o dünyaya araqla yola salanlara “içmə” demək olardımı?
“İçmə” deyəndə o, həqiqətən içməyəcəkdi, tərgidəcəkdi?
Üzümlükləri salxım qarışıq traktorun qabağına verdilər, şərab yerinə şirə istehsalına başladılar.
Nəticədə məvacib alan “fəhlə sinfi” araq-çaxır tapmadığından pulunu xərcləyə bilmədi, əmtəə-pul dövriyyəsi pozuldu, istehsalatda hərc-mərclik yarandı, inflyasiya baş alıb getdi, kommunizm də, sovet hökuməti də gözdən düşdü.
***
Yenidənqurma və aşkarlığa qədər də “çatışmazlıqları” göstərənlər, nöqsanları, vəzifə adamlarını tənqid edənlər vardı.
Amma bütün bunlar partiya iclaslarında, məhdud dairədə və qapalı şəraitdə baş verirdi.
Deyilənlər də elə orada qalırdı!
Ölkə vətəndaşları tərəfindən “yuxarılara” göndərilən məktublarda isə (Adətən onlar “ərizə” adlandırılırdı) cinayət xarakterli faktlardan söhbət açılırdı.
Ən çoxu idarə və təşkilat müdirlərindən, ticarətçilərdən, kolxoz sədri və sovxoz direktorlarından, hətta rayonların birinci katiblərindən, icraiyyə komitəsi sədrlərindən yazılan bu ərizələr aşağıdan yuxarıyadək bütün instansiyalara göndərilirdi: Rayonların milis şöbəsi və prokurorluqlarına, xalq nəzarəti komitələrinə, bunların respublika və ittifaq orqanlarına, respublikalarda partiyanın mərkəzi komitələrinə, Sov.İKP.MK-ya, SSRİ Nazirlər Sovetinə, partiyanın baş katibinə, hətta Mavzoleyə yoldaş Leninə!
Aləm qarışırdı bir-birinə, yoxlama dalınca yoxlama gəlirdi.
Əsəb, qanqaralıq, bir-birindən şübhələnmələr...
Bu işləri törədənlər əsasən xalq arasında “demaqoq” adlandırılan adamlar olurdu.
Çoxu imzasız yazırdı, yaxud başqa, yalançı imza qoyurdu.
Hətta izi azdırmaq üçün qələmi sol əli ilə tutan, xətti tanınmasın deyə digərlərinə diktə edənlər, başqalarına yazdıranlar da (cəzalandırılmaq qorxusundan) olurdu. Amma “üslub”dan dərhal bilinərdilər.
Savadlı olanları, rusca bilənləri vardı, hansı təşkilata faktı necə çatdırmağın, rayona və ya idarəyə “yoxlama komissiyası” gətirməyin xüsusi üstaları vardı.
Sovet dövrünün axırlarında bu “sənət” o qədər inkişaf etmişdi ki, hər rayonda yerli “demaqoqlardan ibarət” “tanınmış nümayəndələr” yaranmışdı.
İstədikləri nə idi?
Əvvəlcə bu işlə “adətkərdələr” məşğul olurdu.
Sonra onun faydasını görüb sıralarına qoşulanların sayı artdı.
“Özü üçün işləyənlər” hansısa iddiası təmin olunmayanda, məsələn, növbədənkənar minik maşını (sovet dövründə öz puluna avtomobil almaq üçün illərlə növbədə gözləmək lazım gələrdi), mənzil almaq, yaxud hansısa rəhbər işçinin qəbuluna düşə bilməmək, ya kiminsə canını boğazına yığıb cib xərcliyi qopaqmaq naminə qələmə qurşanırdılar.
Sonralar bu məşğuliyyət gəlirli, hətta “hörmətli” sayılmağa başladı. Təkcə pul alıb susmaq yox, kimdənsə pul alıb (bizdə bu sayaq sifariş verənlər indi də çoxdur) başqası işdən çıxarılanadək yazmaq sifarişi götürənləri də (belədə dəstə halında fəaliyyət göstərilərdi) olurdu.
Bəzi vəzifə sahibləri canlarının dərdindən belələri ilə “dostluq” edir, daim ciblərinə pul qoyurdular ki, onlarla işləri olmasın. Hətta böyük vəzifə sahibləri başqa rayonda işə keçəndə kabineti ilə bərabər “yerli demaqoqları” da təzə vəzifə yiyəsinə təhvil verirdi.
Tanışlıq yarananadək başağrısı olmasın deyə!
Maraqlı burasındadır ki, “peşəkar yazanlar”ın bir qismi müstəqillik dövrünədək gəlib çıxdı və xeyli “fəaliyyət” göstərdi.
***
Əvvəlcə aşkarlıq, sonra mitinqlər dövründə (doxsanıncı illərin əvvəlləri nəzərdə tutulur) “demaqoq”lara ehtiyac qalmadı.
Hamı hər şeyi mitinqlərdə tribunalardan açıq söyləyir, təzə peyda olan çoxsaylı qəzetlərdə yazırdı.
Qəribədir, elə insanlar var ki, onlar özlərindən başqa hamıda nöqsan görürlər!
Başqalarını çox ləzzətlə tənqid edirlər!
Hətta bəzən ifrata varırlar, faktların dəqiqliyini bilmədən, hadisənin mahiyyətinə getmədən ittihamçıya çevrilirlər.
Adamlara şər-böhtan atır, təhqiramiz ifadələr işlədirlər.
Azad söz meydanı sayılan sosial şəbəkənin “azğın söz” yerinə çevrilməsi, söyüş və təhqirin baş alıb getməsi halları da az deyil!
Bütün bunlar xoşagəlməzdir, xalqımızın milli - mənəvi dəyərlərinə, mentalitetinə uyğun olmayan məqamlardır.
***
Azərbaycan müstəqil, demokratik dövlətdir.
Bizdə mətbuat və söz azadlığı, çoxpartiyalı sistem mövcuddur.
Müxalifət də demokratik dövlətin atributlarından biridir.
Müxalifətin tənqid etməsi
təbiidir, normaldır!
İslahatlar yolu tutan Azərbaycan iqtidarı müxalifətlə dialoqa gedir, məsləhətləşmələr
aparır.
Milli Məclisdə çoxsaylı
müxalifət partiyaları
təmsil olunur,
onlara idarəetmədə
xeyli vəzifə etibar olunub.
Radikallıq, inkarçılıq isə tamam başqa şeydir!
* Olanları, yaxud edilənləri görməmək,
yaxud görməzliyə
qoymaq;
* Hər şeydə bir “əmma”, pislik axtarmaq;
* Ən əsası xalqın, dövlətin maraqlarını unutmaq və ya şüurlu şəkildə
tapdalamaq;
* Həlledici, həssas məqamlarda arxadan bıçaq saplamağa çalışmaq
- bütün
bunlar müxalifətçilik
yox, əslində düşmənçilik
sayılır!
“Sovet demaqoqları” vəzifə
sahiblərinə qarşı
aqressiv olsalar da, dövlətlə işləri yox idi!
Ulu Öndər Heydər Əliyevin təbirincə
desək, iqtidara qarşı müxalifətdə durmaq olar, dövlətə, xalqın maraqlarına qarşı yox!
İnkişaf etmiş “sovet demaqoqları”nın tənqidini,
iqtidara qarşı
mübarizəni başa
düşmək mümkündür!
Təhqirini, dövlət uğursuzluqla
üzləşəndə sevinməsini, milliətə
qarşı müxalifətçiliyini
isə anlamaq çətindir!
Axı sən də bu dövlətin vətəndaşısan!
Axı sən də bu
xalqın övladısan!
Əslində bu dövlətə,
bu xalqa pislik olanda sən
də özünü pis
hiss etməlisən!
“Xalqa, dövlətə nə qədər pis olsa, bizə
o qədər yaxşıdır”
mövqeyi, fəlsəfəsi
başa düşülən
və qəbul olunan hərəkət deyil!
***
“5-ci kolon”a çevrilmək isə
nəinki “sovet demaqoqları”ndan uzaqlaşmaq, hətta radikal müxalifətçilikdən də
o yana keçmək deməkdir!
Bəli,
dünyadakı proseslərə
təsir göstərmək
istəyən, bəzən
buna nail olan dövlətlər var!
Onlar hər yerdə, hətta hər dövlətin daxilində
belə öz maraqlarını təmin etməyə çalışırlar
və hərdən buna nail olurlar da!
Ən
müxtəlif üsul
və vasitələrdən,
təzyiq metodlarından istifadə etməklə!
Əslində rəngli inqilablar,
“ərəb baharları”, demokratiya istəyi ilə ölkədaxili
sabitliyin pozulması
həmin niyyətlərin gerçəkləşməsidir.
Belə
dağıdıcı, “təhrikçi”
əməllərə rəvac
vermədən öncə
hədəf ölkələrdə
insanlar müxtəlif
üsullarla (sovet
dövründəkinə oxşar
və fərqli) ələ alınır, onlardan “5-ci kolon” düzəldilir.
Bu “kolon”un üzvləri ölkə daxilində və xaricdə də yaşaya bilirlər.
Əsas əməlləridir: daim mənsub olduqları dövlətin əleyhinə çıxmaq, ona qarşı mövqe tutmaq, müxtəlif üsullarla gözdən salmağa çalışmaq, xəyanət etməkdən belə çəkinməmək!
Bu nə vətənə vətəndaşlıqdır, nə də xalqa övladlıq!
Əsl adı satqınlıqdır!
Ən yaxşı halda qazancları hansısa qürbət ölkədə mühacirətdə yaşamaqdır!
Get yaşa də, sənə kim nə deyir!
Amma gərək çörəyini vətənə xəyanətdən çıxarasan?
Gərək dövlətini satmaqla qrant alasan?
Özün rahat yaşamaq naminə xalqına
niyə narahatlıq, zillət və əziyyət verdirmək istəyirsən?
Azərbaycanda hamı
çörəyi ağzına yeyir, kimin kim olduğunu,
hansı əmələ
qulluq etdiyini hətta ən sadə, savadsız vətəndaşımız belə gözəl anlayır.
Və
belə “azərbaycanlıya”
haqlı olaraq nifrət bəsləyir!
Düzünü demək və yazmaq sivil hərəkət , demokratik qaydada mübarizə aparmaq isə yaxşıdır!
Radikallıq göstərmək, “5-ci kolon”a çevrilmək isə kimsəyə şərəf gətirən
əməl deyil!
Hansı
millətdən, xalqdan
olursa-olsun!
Heç
belələrinin aqibəti
də yaxşı olmur!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 13 yanvar.- S.1-7.