Ermənilər xofdadır: “Moskva görüşünün qalibi İlham Əliyev oldu

 

Üçtərəfli görüşün nəticələri Ermənistanda məyusluqla qarşılandı

 

 

 

Azərbaycan hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə də davam etdirir. Bu, növbəti real təsdiqini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə imzalanan birgə Bəyanatda da tapdı.  Xatırladaq ki, bu sənədin imzalanması 10 noyabr Bəyanatında yer alan məsələlərin həyata keçirilməsi istiqamətində atılan mühüm addımdır.

 

Ermənistanda bu görüşdə Azərbaycanın maraqlarının təmin olunduğu xüsusi vurğulanır. Bunu erməni KİV-də və ekspertlərin rəylərində aydın görmək mümkündür.

 

 

 

“Azərbaycan Ermənistana növbəti zərbəni Moskvada vurdu

 

 

 

Hazırda Ermənistanın Rusiya və Qərblə münasibətləri normal deyil.  Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərə xeyli zərbə vurub.

 

Ermənistanın “4rd.am” saytı yazır ki, yaranmış bu vəziyyətdə Rusiya Yerevana əvvəlki diqqət və qayğını göstərmir: “Moskva görüşünün qalibi

 

İlham Əliyev oldu. Prinsipcə çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva müharibədə məğlub olan erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib”.

 

Ermənistanın “İravnuk” qəzeti isə yazır ki, İlham Əliyevin Rusiyaya səfəri hər zaman olduğu kimi  Yerevanı daha sürətlə Moskva üçün arxa plana itələyir: “Bunun səbəbləri çox sadədir. Rəsmi Yerevan əslində Rusiyaya qarşı hansısa addım atmadığını, Qərblə gizli sövdələşmələrə getmədiyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz  bu səbəbdən Moskva Yerevana qarşı qəzəblidir. Moskva qəzəbini əslində müxtəlif formada ifadə etməyə başlayıb. Ermənistanda müharibədəki məğlubiyyət və pandemiya fonunda iqtisadi vəziyyətin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu, hələ başlanğıcdır. Rusiya satdığı enerjidaşıyıcılarının qiymətini qaldırsa, onda vəziyyət çox pis olacaq. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə də bizi müsbət nəsə gözləmir. Azərbaycan vəziyyətdən maksimal dərəcədə istifadə etməyə çalışır. Azərbaycan bu gün müharibədəki qələbənin verdiyi əlavə üstünlüklərlə kifayət qədər uğurlu gedişlər etməyi bacarır və Ermənistan bunun ağrısını daha çox hiss edəcək. Görünən odur ki, Azərbaycan Ermənistana növbəti zərbəni Moskvada vurdu”.

 

 

 

Ümidlər puç oldu

 

 

 

Nikol Paşinyan istəyirdi ki, görüşdə Dağlıq Qarabağın statusuna aydınlıq gətirilsin. Lakin bu məsələ, ümumiyyətlə, müzakirəyə çıxarılmadı. “Joxovurd” qəzeti yazır ki, bu, Rusiyanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etməsinin göstəricisidir. Qeyd olunur ki, baş nazir 10 noyabr anlaşmasını pozmaq istəyirdi. Bunun üçün münaqişəni yenidən ATƏT Minsk qrupunun nəzarətinə qaytarmaq və 5 ay bundan qabaqkı status-kvonu bərpa etməyə çalışdı: “Bu təklif nəinki müzakirə olunmadı, əksinə, bu təkifin səslənməsi Rusiya və Azərbaycan liderlərinin açıq qəzəbinə səbəb oldu. Nikol Paşinyanın əsir və girovlar məsələsinin yenidən müzakirəyə çıxarılması istəyi də gerçəkləşmədi. Rusiya lideri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlı bir söz birləşməsinin bundan sonra yoxluğunu da diqqətə çatdırdı. Bu isə Ermənistanın arzularının puç olması deməkdir”.

 

 

 

“Əliyev Paşinyanı istədiyi və bacardığı kimi alçaldır”

 

 

 

Vesti.FMradiosunun aparıcısı, yazıçı Armen Qasparyan deyib ki, danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyanın işi ilk növbədə Vladimir Putinin təşəbbüslərini izləmək olub. O, Putinin dediklərini dinləməlidir və bunu tərəddüdsüz icra etməlidir. Fakt budur ki, Paşinyanın özündə indi baş verənləri anlaması üçün böyük problemlər var.  O, əlavə edib ki, Qarabağ müharibəsini təhlil etmək cəhdi ilə yazdığı son məqaləsi göstərdi ki, Paşinyan bizim reallığımızda yaşamır. Buna görə də Ermənistanın baş naziri üçün ən yaxşı taktika Moskvanın təklif etdiyi şeyi etmək olardı. O zaman Ermənistanda vəziyyət nisbətən yaxşı olacaq. Əks təqdirdə, Ermənistandakı fəlakət davam edəcək.

 

Hüquq Təhsili və Nəzarəti” ictimai təşkilatının rəhbəri, Ermənistanın keçmiş ədliyyə naziri Arpine OvannisyanFacebook” səhifəsində Kremldə aparılan üçtərəfli danışıqlara toxunub. Bildirib ki, doğrudanmı kimsə Nikol Paşinyanın əsirlər məsələsini həll edə biləcəyini düşünürdü: “Ciddisinizmi? İki həftə əvvəl, qardaşımın əsir tutulduğu iddia edilən bir şəraitdə (çoxsaylı dəlillər də var) dedim ki, Ermənistanı bu təmsil edəcəksə, məsələ həll edilə bilməz. Bunu etmək istəmədiyi üçün deyil, edə bilmədiyi üçün həll edə bilməz. O bunu edə bilməz, çünki o, türk qarşısında alçaldılır. Ermənistanın heç bir liderini belə alçaltmayıblar. Belə sərhədsiz və amansız. İstəsə də, istəməsəniz də, onu sevsəniz də, sevməsəniz də, o, Ermənistanın mənafeyindən irəli gələn hər hansı bir məsələ kimi bu məsələni də həll edə bilmir. Əliyev onu istədiyi və bacardığı kimi alçaldır. Əlindən gələni edir. Sadə bir insan həqiqətini deyirəm. Çətin və acı olsa da, qəbul etməyi öyrənin”.

 

 

 

Baş nazir müharibəni vaxtında dayandırmamaqda günahlandırılır

 

 

 

Bu arada İkinci Qarabağ müharibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra edən Mikael Ambarsumyan N.Paşinyanı müharibəni vaxtında dayandırmamaqda günahlandırıb. Ambarsumyan erməni KİV-ə müsahibəsində deyib ki, güc strukturlarının , xüsusən Milli Təhlükəsizlik Xidmətinin və baş qərargahın rəhbərləri oktyabrın əvvəllərindən başlayaraq gündəlik  cəbhədəki vəziyyət barədə baş nazirə məruzə edirdilər və müharibənin tezliklə dayandırılmasının zəruriliyini bildirirdilər.

 

M.Ambarsumyan oktyabrın 8-dən noyabrın

 

7-nə qədər həmin vəzifəni icra edib, daha əvvəl isə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini olub. Oktyabrın 19-da Təhlükəsizlik Şurasının Ambarsumyanın da iştirakı ilə keçirilən iclasında baş qərargah rəisi Onik Qasparyan məruzə edib ki, müharibəni təcili dayandırmaq lazımdır. Bildirib ki, biz məğlubiyyətə gedirik. Müdafiə naziri Tonoyan da həmin mövqeni dəstəkləyib. Müxalifət nümayəndələri Arman AbovyanEdmon Marukyan da müzakirələrdə iştirak edib. Bununla belə müharibənin dayandırılması barədə qərar qəbul olunmadı. Sonradan Rusiya Prezidentinin və digər mənbələrin bəyanatlarından aydın oldu ki, oktyabrın 19-da analoji təklifi Rusiya tərəfi də irəli sürüb. Nə etmək lazım olduğu barədə konkret bəndlər təklif olunub. Mahiyyətcə Lavrov planını həyata keçirmək təklif edilirdi.

 

Ermənistan prezidenti Armen Sarkisyan isə yazdığı  məqaləsində deyir ki, ölkədə dərin siyasi, iqtisadi, sosialpsixoloji böhran mövcuddur. O bildirib ki, bu vəziyyətdən yeganə sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsidir: “Bu gün bizilk növbədə, hökumət qəbul etməlidir ki, ölkədə dərin siyasi, iqtisadi, sosialpsixoloji böhran mövcuddur. Bu vəziyyətdən yeganə məntiqli və sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə və Konstitusiyaya dəyişikliklərdir”.

 

Bütün bunlar Prezident İlham Əliyevin növbəti qələbəsi, Paşinyanın xarici siyasətinin fiaskosu da sayıla bilər. Paşinyan  ümid edirdi ki, Moskva görüşündə Ermənistanın maraqları təmin ediləcək, Rusiya ilə münasibətlərlə bağlı bir çox məsələlər həll ediləcək. Lakin Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdədir və bu hal Ermənistanın dövlətçiliyinə növbəti zərbədir.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 13 yanvar.- S.1;7.