Avropa İttifaqından İlham Əliyevə tam dəstək

 

Azərbaycanı regionun ən çiçəklənən, güclü ölkəsi hesab edən beynəlxalq təşkilat  ölkəmizlə əməkdaşlığın inkişafına xüsusi önəm verir

 

 

 

Avropa İttifaqı Azərbaycanla münasibətlərin uğurla davam etdirilməsi prinsipinə sadiqdir. Azərbaycanla əlaqələrimizi daha da genişləndirməkdən çox şad olarıq. Biz Avropa İttifaqı olaraq regionda sülhə töhfə verməyə hazırıq. Bizimbu işə köməyimiz dəyərsə, məmnun olarıq”.

 

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin bu fikirləri təsdiq edir ki, qurum ölkəmizin regiondakı və dünyadakı roluna yüksək qiymət verməklə əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

 

Ümumiyyətlə, hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir. Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Aİ ilə əməkdaşlıqda da bu xətt özünü aydın göstərir.

 

Xatırladaq ki, 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Amma bu o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən başlayır. Buna qədər Aİ ilə münasibətlər  TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər sənədlər çərçivəsində inkişaf etdirilib.

 

Azərbaycan Aİ-nın təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edir.  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirir və son illərdə çox ciddi irəliləyişlərlə müşahidə olunur. 

 

Bu, ölkəmizin xarici siyasətinin uğurunun təzahürü kimi təqdirəlayiqdir. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, təbii ki, Avropa İttifaqı ilə tərəfdaşlıqdır. Son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Azərbaycan qlobal məkanda strateji əhəmiyyəti olan dövlətə çevrilib. Bunun nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlıqda böyük təcrübəyə malikdir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdəbiri ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə isə Azərbaycanla Aİ arasında münasibətlərdə yeni bir səhifə açılıb, münasibətlər yeni mərhələyə qədəm qoyub. Azərbaycanla Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə rəsmi Bakının xarici siyasətinin növbəti uğuru idi. Münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb. Ən əsası “Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

 

Azərbaycanı regionun ən çiçəklənən, güclü ölkəsi kimi qiymətləndirən Oliver Varhelyi ölkəmizin həm də qlobal pandemiya ilə uğurlu mübarizə apardığını və böhrandan ən az zərərlə çıxan dövlət olduğunu vurğulayıb. Bu, əsl reallığı bir daha təsdiqləyir.

 

Aİ komissarının sözlərinə görə, Azərbaycanın gələcəyi və rifahı regiondakı ölkələrin gələcəyindən və rifahından asılıdır: “Biz Azərbaycan hökuməti ilə İqtisadiİnvestisiya Planının necə reallaşması, Azərbaycanın necə inklüziv olması barədə aspektləri müzakirə etdik”.

 

Komissar qeyd edib ki, bölgədə rəsmilərlə müzakirələr apararkən ortaq mövzuların - bağlılıq, əlaqələnmə məsələsinin problem kimi ortaya çıxmasının şahidi olublar: “Bu problem ticarətə, iqtisadiyyata mane olur. Əlaqələnmə deyərkən, mən Qara dənizin Xəzərə bağlanmasını, Azərbaycandan keçən xətləri nəzərdə tuturam. Azərbaycan çiçəklənən ölkədir, ola bilsin, onun Aİ-nin maliyyə dəstəyinə ehtiyacı olmasın. Buna görə biz Azərbaycanla əməkdaşlığa fərqli aspektdən yanaşırıq. Avropadan investorların buraya cəlbini, bilik və təcrübənin paylaşılmasını vurğulayırıq ki, bu da bizim aramızda uzunmüddətli əməkdaşlıq üçün əsas ola bilər. Ona görə mən həm də Bakı Limanına getdim, rəhbərliklə maraqlı müzakirəmiz oldu, onların limanın inkişafı ilə bağlı planları var”.

 

Bakı Limanının davamlı nəqliyyat rabitəsinin təminatı baxımından Avropa İttifaqının diqqətində olduğunu deyən Oliver Varhelyi bildirib ki, təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır və rəqəmsallaşma, “yaşıl liman” istiqamətində də dəstəyini davam etdirəcək. Bütün bu addımlar isə təsdiq edir ki, Bakı Limanı Xəzər hövzəsində ən etibarlı qovşağa çevriləcək.

 

Aİ rəsmisinin fikirlərinə diqqət etsək görərik ki, bu beynəlxalq təşkilat Azərbaycana xüsusi önəm verir. Regionun aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın böyük önəminin olması fikirləri təsdiq edir ki, Aİ Azərbaycanla əməkdaşlığı daha da şaxələndirmək niyyətindədir.   

 

Komissarın Azərbaycanın iqtisadi gücə və maliyyə imkanlarına malik ölkə kimi xüsusi qeyd etməsi, ölkəmizlə əlaqələrin inkişafı məsələlərinin Aİ-nin maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prizmasından qiymətləndirilməsi də bu nüfuzlu qurumun Azərbaycana tam fərqli münasibət nümayiş etdirdiyini təsdiqləyən reallıqdır. Oliver Varhelyinin həmçinin Azərbaycanın nəqliyyat-tranzit infrastrukturunu yüksək qiymətləndirməsi, ticarət marşrutlarının diversifikasiyası və optimallaşdırılmasında ölkəmizin mühüm əhəmiyyətini xüsusi vurğulaması, eləcə də müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş postmüharibə mərhələsindən danışması, Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması, regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olmasını bəyan etməsi də təşkilatın Azərbaycanla əlaqələrin inkişafına verdiyi qiymətin real təzahürüdür.

 

Bu gün Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.

 

Prezident İlham Əliyevin Aİ Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşlər və bu görüşdə Aİ rəsmisinin səsləndirdiyi fikirlər bir daha Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini təsdiqləyir.

 

 

 

·         Rəşad BAXŞƏLİYEV

·         Azərbaycan.-2021.- 10 iyul.- S.1;6.