Gəncədə erməni terrorundan ziyan çəkənlərin bir qisminə kompensasiya ödənilib

 

Prezidentin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə yaradılmış Dövlət Komissiyası Gəncədə də müvafiq işlər görmüşdür.

Şəhərə atılan raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilmiş, digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti verilmişdir.  Yusif Zeynalovun evi erməni terroru nəticəsində 2020-ci il oktyabrın 11-də  dağılmışdır. “Ermənilərin başımıza açdığı fəlakətdən sonra dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduq. İndi isə evimizin dəyəri məbləğində kompensasiya aldıq.  İndi, şükür, ev sarıdan problemimiz yoxdur”.

Bəsti Xəlilova da Gəncəyə atılan raketdən zərərçəkən sakinlərdəndir: “Ermənilər tərəfindən atılan raket nəticəsində ailə üzvlərimiz xəsarət aldı, evimiz isə tamamilə yararsız vəziyyətə düşdü. Lakin hər an dövlətimizin diqqətini hiss etdik. Çox şükür, tarixi  torpaqlarımıza qovuşmuşuq. İndi isə sevincimiz ikiqatdır, bizə mənzillə təmin olunmaq üçün kompensasiya ödənilmişdir”.

Pərvin Cavadov: “Oktyabrın 11-də ermənilərin atdığı raket mənim evimi də dağıtmışdır. Kommissiya tərəfindən mənzil təklif olundu. Lakin biz mənzilin dəyəri məbləğində pul vəsaiti xahiş etdik. Çox sağ olsunlar, xahişimizi nəzərə alaraq kompensasiyamızı ödədilər”.

 Elnur Heydərov: “Mənə və mənim kimi zərərçəkən ailələrdən öz diqqətini əsirgəmədiyi üçün dövlət başçısına təşəkkürümü bildirirəm. Digər ailələr kimi mənə də kompensasiya köçürülüb. Üstəlik, əşyalara dəyən ziyan da ödənilib. Bu müddət ərzində isə yaşayış yeri ilə də təmin olunmuşduq”.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 10 iyul.- S.1;6.