İçərişəhərlə
tanışlıq İSESCO-nun nümayəndə heyətində
zəngin təəssürat
yaradıb
İslam
Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin
başçılıq etdiyi nümayəndə heyəti
yanvarın 13-də İçərişəhərlə
tanış olub. Nümayəndə heyətinin üzvlərinə
UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və
bərpa işləri barədə məlumat verilib. Qeyd edilib
ki, İçərişəhər ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və
bunlar dövlət tərəfindən qorunur.
Orta əsr
Şərq memarlığının şah əsəri,
dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan
Şirvanşahlar Sarayı Kompleksi ilə başlanan
tanışlıq zamanı nümayəndə heyətinin
üzvlərinə məlumat verilib ki, XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin ən hündür nöqtəsində
yerləşir. Abidə Xəzər dənizindən və
şəhərin ətrafındakı yüksəkliklərdən
aydın görünür. Kompleks bu günədək öz
tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Sonra
qonaqlar 1895-ci ildə inşa olunan yerli əhəmiyyətli
tarixi-memarlıq abidəsi olan Bəylər məscidi ilə
tanış olublar. Bildirilib ki, bu sənət incisi
Bakının məşhur bəylərinin sifarişi ilə
tikildiyi üçün bu adı qazanıb. İçərişəhər
ərazisində tikilən sonuncu məscid zalın
böyüklüyü və tikinti quruluşuna görə
digər dini abidələrdən fərqlənir. Məscidin
inşasında Avropa, Şərq, eləcə də yerli
memarlığın konstruktiv prinsipləri birləşdirilmişdir.
Gəzinti
zamanı qonaqlar Bakı Xan Sarayı Kompleksinin ərazisində
salınmış və yeni istifadəyə verilmiş parkda
olublar. 2016-cı ildə Qoşa Qala qapıları
yaxınlığında aparılan arxeoloji qazıntılar
zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama
baxıblar. Həmçinin İçərişəhər
Ənənəvi İncəsənət Mərkəzi ilə
tanış olublar.
ICESCO-nun
Baş direktoru Salim bin Məhəmməd əl-Malik
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək
sözlərini yazıb.
Azərbaycan
paytaxtının qədim guşəsi ilə
tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim
edilib.
İçərişəhərlə
tanışlıq ICESCO-nun nümayəndə heyətində
zəngin təəssürat yaradıb.
Azərbaycan.-2021.- 14 yanvar.- S.4.