“Ağdam xatirələrimdə
hər zaman möhtəşəm qalıb”
Həyatın nağıllara, dünyanın göyqurşağına, ömrün həzin musiqiyə bənzədiyi zamanları “dondurub” ayrı-ayrı kadrlara sığdıraraq bir yerə topladığı külliyyatı - albomu götürüb yenidən vərəqləməyə başladı...
27 ildir tarixin o üzündən boylanan qayğısız günlərin, xoşbəxt çöhrələrin gülümsədiyi bu fotolara baxıb köks ötürürdü...
Xəyalən o günlərə yenidən qayıdır, o anları yenidən yaşayır, vətən nisgilini, yurd həsrətini bu yolla azca da olsa ovundurmağa çalışırdı...
Keçmişdən danışan o şəkilləri seyr edərək torpağın xoş rayihəsini duymaq istəyirdi...
Albomun bəzi səhifələri boş olsa da, əvvəllər orada hansı anlarınsa bir-birini qovduğunu əzbər bilirdi...
Hər şəklin öz xatirəsi, öz keçmişi, öz həyatı, öz hekayəsi vardı...
Amma bu fotolar təkcə öz xatirələrini, öz hekayələrini pıçıldayan adi şəkillər deyildi...
Zamanı və məkanı eyni görüntüdə birləşdirən həmin dövr tarixinin əbədilik başlanğıcı idi...
Ağdamın aydın səmasından parlaq günəşin hər yana şəfəq saçdığı, şəhərin ən xoşbəxt, ən gözəl, ən rahat, ən rəngli çağlarının əksi idi...
Bütöv
bir həyat idi...
Bütöv
bir tarix idi...
Ağdamlı
günlərin özü idi...
Bir də
o görüntülərdə ağrı vardı...
Doğulduğun, böyüdüyün, canınla,
qanınla, ruhunla bağlı olduğun doğma
torpağına ayaq basa bilməməyin ağrısı...
Bu dəfə
isə illərin həmdəmi olan albomunu tamam başqa hisslərlə
vərəqlədi...
Artıq 27 illik həsrət başa
çatmışdı.
Artıq
ata-baba yurduna gedə, el-obasına qovuşa, torpağın ətrini
içinə çəkə biləcəkdi...
Artıq
ürəyində sızıltı, ağrı-acı yox,
sevinc, xoşbəxtlik, ümid vardı...
Artıq
başqa bir albom düzəltməyin zamanı
başlayacaqdı... Ağdamın işğaldan sonrakı
dövrünü, yeni tarixini, yeni həyatını, yeni mənzərəsini
əks etdirən fotolardan ibarət albom...
“Qarabağ
söhbətləri”ndə bu dəfə Milli Məclisin Elm və
təhsil komitəsinin sədri, AMEA-nın müxbir
üzvü, psixologiya elmləri doktoru, professor Bəxtiyar
Əliyevin Ağdam dünyasına baş vurduq...
Həyatın
Ağdam başlanğıcı...
-
Qarabağ - Ağdam mənim həyatımdır. Həyatımın
başlanğıcı, davamı, uşaqlıq, yeniyetməlik
illərim Ağdamla bağlıdır. Orada
doğulub boya-başa çatmışam, orada məktəbə
getmişəm. Sonra müstəqil həyat yoluna, ali məktəb və əmək fəaliyyətinə
başlamışam. Uşaqlıq xatirələrim,
dünyayla ilk tanışlığım oradan başlayr.
Və bu tanışlıq təkcə
Ağdamla kifayətlənmir. Qarabağın
bütün bölgələri - Qubadlı, Zəngilan,
Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşa,
Laçın və oraların dağları, çayları,
meşələri, Qarqarın, Xaçının, Tərtərin
zümzümələri uşaqlığımızın, gəncliyimizin
ilk gözəl mənzərələri, məkanları olub.
O vaxtlar dünyanın çox gözəl, rəngarəng,
rahat, təhlükəsiz olduğunu
düşünürdük. Elə bilirdik
dünya elə belədir. Amma sonradan həyat göstərdi
ki, belə deyilmiş...
Dünyanın, Qarabağın, Ağdamın belə
firavan zamanlarında 1961-ci ilin Novruz bayramı günü
müəllim ailəsində dünyaya gəlmişəm. Bir bacı və beş qardaşıq. Ailənin
üçüncü övladıyam. Mən
dünyaya gələndə atam kənd məktəbinin
direktoru, anam isə ibtidai məktəb müəlliməsi
idi. Yadımdadı, bir-iki dəfə
getmişdik yanına, bir neçə gün də orada
qalmışdıq. Ancaq atam orada az
müddət işlədi. Sonradan partiya
içinə cəlb edildi.
Atam Həmzə Əliyev Azərbaycan Dövlət
Universitinin Tarix fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdi.
Elmi tədqiqatla da məşğul idi. Amma ailə böyük idi, həm də işi, vəzifəsi
ilə əlaqədar elmi fəaliyyətini dayandırmalı
olmuşdu. Ömrünün böyük hissəsini rəhbər
dövlət işində çalışıb, Ağdam
rayon Partiya Komitəsində şöbə müdiri, sonra ən
böyük sovxozun direktoru, Ağdam Rayon İcraiyyə Komitəsi
sədrinin birinci müavini, Ağdam RİH
başçısının müavini və Ali Sovetin
deputatı olub. Rayonun tanınmış,
görkəmli ziyalılarından, rayon üçün
böyük işlər görmüş şəxslərdən
biridir. Hamının dərin hörmət
və rəğbətini qazanmışdı. Bu gün də ağdamlılar atamı məclislərində
görəndə qürur duyur, böyük hörmət
göstərir, ətrafına toplaşırlar. İndiyə
qədər bir nəfərə rast gəlmədim desin ki, ona
müraciət etdik, kömək göstərmədi.
Mən Ağdam şəhər 2 nömrəli beynəlmiləl
orta məktəbdə təhsil almışam. Eyni zamanda
musiqi məktəbində oxumuşam. O vaxt Ağdamda elə
bir ailə yox idi ki, övladlarından biri musiqi məktəbinə
getməsin. “Qarabağ bülbülləri”
ansamblı yarananda mən o ansamblın üzvü oldum. Çox maraqlı idi. İlk
ifaçımız da gözəl səsi olan Tacir
Şahmalıoğlu idi...
Ömrün
yaradıcı çağları...
- Bir də
Ağdamda Gənc texniklər yaradıcılıq
stansiyası var idi. Boş vaxtlarımda orda iki dərnəyə
gedirdim - texniki yaradıcılıq və foto-kino
studiyasına. Hər iki sahəyə
böyük marağım var idi. O vaxt kino çəkmək
hamı üçün təəccüblü idi. Atam mənə fotoaparat və kinokamera
almışdı. Həyətimizdə
anbarın bir hissəsini özümə laboratoriya
etmişdim. Qaranlıqda plyonkanın
neqativini aşkarlamaq, xüsusi məhlullardan istifadə edərək
qırmızı işıqda şəkilləri
fotokağıza çıxarmaq, sonra qurutmaq lazım idi.
Uzun proses idi...
Bir fotoalbom düzəltmişdim. Əsasən
öz çəkdiyim şəkilləri toplayırdım.
Uşaqlıq, məktəb, tələbəlik
illərimdən də fotolar toplamışdım.
Ağdamda keçirilən müxtəlif paradlardan həvəskar
film çəkirdim. Hətta bir paradı çəkəndə
rayon partiya komitəsinin birinci katibi tribunadan görüb
maraqlanmışdı. Sonra mənimlə söhbət də
etdi və təklif etdi ki, Moskva Dövlət Kinematoqrafiya
İnstitutuna zəmanət verək, get orada oxu. Buna görə
bir az mübahisəmiz oldu. Çünki mənim
başqa arzularım, planlarım vardı...
“Qarabağ bülbülləri”
Bakıda festivala dəvət almışdı. Anam getməyimə icazə vermədi. İkinci dəfə Polşada uşaq
ansambllarının festivalı keçirilirdi. Yenə də evdən icazə vermədilər.
Beləcə, uzaqlaşdım.
O biri dərnəkdə
isə elektriklə işləyən traktorlar düzəldirdim.
Onları idarə etmək üçün bir mərkəz
yaradılır və orda əyləşən operator
onları idarə edir. Traktor məsafədən
idarə edilərək yeri şumlayır, səpin aparır,
digər işləri görür. O vaxt onlar batareyalarla
işləyirdi. Bu ideya əsasında düzəltdiyim
model-maket rayonda birinci yeri tutmuşdu. 70-ci
illərin əvvəllərində bu, əlbəttə,
çox maraqlı və yenilikçi ideya idi. Bakıda gənc texniklərin respublika müsabiqəsi
keçirilirdi. Yenə məni getməyə
qoymadılar. Başqa uşaqlar getdilər,
mənim də işimi apardılar. Özüm
orda olmasam da, layihəm diploma layiq görüldü. Fizika müəllimimiz, həm də GTS-nin rəhbəri
Cahangir müəllim diplomumu gətirdi.
Bu hadisələr mənə pis təsir etdi. Sanki
küsdüm, incidim. Uzaqlaşdım hər
iki sahədən. Foto-kino dərnəyinin rəhbəri
Ağdamın ovaxtkı “Lenin yolu” qəzetinin fotomüxbiri,
indi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının
prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov idi. Dostlaşmışdıq, çox həvəsliydim
film çəkməyə. Onunla birlikdə
“Qarabağ bülbülləri” haqqında qısametrajlı
film də çəkib beynəlxalq festivala göndərmişdik.
Qarqar çayında uşaqlar atları çimizdirir, Tacir isə
ağacın başına çıxıb oxuyur... Bu, sonuncu
işimiz oldu...
Hərdən təəssüf hissi keçirirəm ki,
bəlkə də o vaxt mübariz olmaq lazım idi. Bəlkə
festivallara gizli getmək lazım idi. Amma
bizi elə tərbiyə etmişdilər ki, normalardan kənara
çıxmaq olmazdı.
O kadrlar
Ağdamın işğaldan əvvəlki həyatının
tarixi əksidir
-
Ovaxtkı çəkilişlərimin bəziləri hələ
də məndə qalır. Məsələn, məktəbimizin
son zəngindən müəyyən epizodlar var. Ağdamın
mərkəzində Mədəniyyət Mərkəzinin
qarşısında “Fərhad”ın heykəli dediyimiz möhtəşəm
abidə vardı. O meydandan ikitərəfli yol gedirdi. O
vaxt SSRİ-də belə yollar az idi. Uzunluğu bəlkə də 5 kilometr olan bu yol şəhərin
bir tərəfindən o biri tərəfinə qədər
uzanırdı. Həmin o meydandan
başlayaraq məscidin qarşısında salınmış
təzə parkı, fəvvarələr meydanını, yeni
tikilmiş 3 mərtəbəli şüşəli ticarət
mərkəzini (təzə univermağı), ikitərəfli
yolu kameramla lentə almışdım.
Həyətimizdə çarhovuzumuz vardı. Həmişə
təzə su ilə doldurulurdu. Hərdən
qaydaları pozub orda üzürdük, hərdən balıq
saxlayırdıq. O çəkilişlər də
qalıb. Dağları gəzməyə gedəndə
çəkilişlər etmişdim. İndi də hərdən
baxırıq o lentlərə... O günləri
xatırlayırıq, o anları yenidən
yaşayırıq. O kadrlar, fotolar tək mənim həyatımın
bir parçası, xatirəsi deyil. Həm də
Ağdamın işğaldan əvvəlki dövrünün,
o həyatının tarixi əksidir.
O zamanlar
çəkdiyim fotoşəkilləri paylayırdım, amma
neqativlərini saxlayırdım. Fikirləşirdim
ki, arxiv mənim özümdədi, lazım olanda
çıxarda bilərəm. Təəssüf
ki, Bakıda bir mənzildən digərinə köçəndə
qutu yoxa çıxdı. Bunun fərqinə
gec vardım. Uzun müddət keçəndən
sonra yadıma düşdü, axtardım, amma tapa bilmədim.
70-ci illərin əvvəllərindən tələbəlik
illəri də daxil olmaqla bütün foto plyonkalarım,
neqativlərim itdi. Qohumlarda, yoldaşlarda şəkillər
qalır bəlkə də... Özümdə
isə tək-tük şəkil qalıb. Albomum da qalır, amma şəkillərin çoxu
yoxdur. Moskvada təhsil alanda albom
Ağdamdakı evimizdə idi. Kimə nə
şəkil lazım idisə, gəlib ordan
götürürdü.
Əslində, çox da heyifsilənmirəm buna. Görünür,
o şəkil kiməsə çox lazım olub. Məndə
qalmaqdansa, başqasına fayda veribsə,
yaxşıdır...
Albomun son
səhifəsi o toplantıdakı şəkil və qeydimlə
bitir
- Albomun
sonuncu fotosu tələbə zamanı Ümummilli Lider Heydər
Əliyevlə görüşümüzdəndir....
Mən
artıq 7-ci sinifdən şərqşünas olmaq
arzusundaydım, özü də yalnız M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
oxumaq istəyirdim. Azərbaycanın eramızdan əvvələ
gedib çıxan çox qədim tarixini, mədəniyyətimizi, Şərqin
sehrli-sirli aləmini öyrənmək eşqi məndə
şərqşünaslığa böyük maraq
yaratmışdı. Yəqin ki, burada babamın
mənə uşaqlıqda ərəb əlifbasını
öyrətməsi və sonradan bu əlifba ilə o zaman
çap edilmiş azərbaycanca kitabları sərbəst
oxumağım, Quran haqqında, Bağdad haqqındakı
söhbətləri də təsir göstərmişdi.
Ona görə də Moskva Dövlət Universitetinin Asiya
və Afrika ölkələri institutuna (Şərqşünaslıq
fakültəsi belə adlanırdı)
hazırlaşırdım. O vaxtlar Moskva Dövlət
Universitetinə imtahanlar Bakıdan 15 gün tez
başlayırdı. Ona görə sənədlər
15 iyula kimi qəbul olunurdu.
Ağdam rayon Komsomol Komitəsindən mənə zəmanət
verdilər. Orta məktəbi əla qiymətlərlə
bitirdiyim üçün mənə fərqlənmə
attestatı (qırmızı) verdilər, halbuki qızıl
medal düşürdü. Getdim Moskvaya. Amma
sənədlərimi götürmədilər. Dedilər, rayon komitəsindən zəmanət kifayət
deyil. Mərkəzi Komitənin zəmanəti
olmalıdır. Bu sənədi almaq isə
artıq çox gec idi. Mən o vaxt məşhur
ziyalımız Moskva Dövlət Universitetinin professoru
Əziz Şərifə müraciət etdim. Söz verdi ki, kömək edəcək. Amma səhərisi
gün dedi ki, rektorla danışdım, zəmanətsiz sənəd
qəbulu heç cür mümkün deyil. Dedi ki, bu fakültədən
başqa hansını istəyirsənsə seç, sənə
kömək edəcəyik. Bu sözdən çox
incidim, mənə çox pis təsir etdi. Mən özümə güvənirdim. Sadəcə sənədlərimin qəbul edilməsini
istəyirdim. Sonralar tələbəlik illərində
professor Əziz Şəriflə çox görüşlərimiz,
söhbətlərimiz oldu...
Qayıtdım gəldim Ağdama. Oradan da getdim
Turşsuya, ailəmiz orada dincəlirdi. Heç
yerə sənəd vermək istəmirdim. Anamın təkidilə getdim Bakıya. Azərbaycan
Dövlət Universitetinə gəldim Moskva Dövlət Universitetinə
Psixologiya fakültəsinə elan olunmuş yerə sənəd
verdim. Moskvaya gedəndə oradan kitab
almışdım və MDU-nun fakültələri
haqqında, o cümlədən Psixologiya fakültəsi
haqqında o kitabdan oxumuşdum və xoşuma gəlmişdi.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Psixologiya fakültəsinə qəbul oldum.
O vaxtlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbəri
kimi SSRİ-nin ali məktəblərinə
qəbul olunmuş tələbələrlə
görüş keçirirdi. Belə bir
görüşdə iştirak etmək mənə də qismət
oldu. Ovaxtkı Dzerjinski adına klubda
təntənəli tədbir keçirildi. Bizə
xüsusi geyim forması vermişdilər. Heydər
Əliyev Mərkəzi Komitənin 1-ci katibi kimi böyük
nitq söylədi, bizə tövsiyələr verdi,
respublikanın yüksəkixtisaslı kadrlara böyük
ehtiyacı olduğunu və bizlərə böyük
ümidlər bəslədiyini bildirdi. Onda biz gənc idik,
mahiyyətinə dərindən varmırdıq, amma başa
düşürdük ki, qarşımızda hansı vəzifələr
durur... Albomumun son səhifəsi məhz o
toplantıdakı şəkil və qeydimlə bitir. Ondan sonra albomu davam etdirmədim.
Düşündüm ki, bundan sonra tamam başqa albom
olmalıdır... O albomu isə həyatın özü davam
etdirəcəkdi...
2000-ci ildə
ilk dəfə Milli Məclisin deputatı və Avropa
Şurası Parlament Assableyasına milli nümayəndə
heyətinə üzv seçildikdən sonra nümayəndə
heyətini qəbul edərək öz tövsiyələrini
verən Ümummilli Lider Heydər
Əliyev qeyd etdi ki, bu gün burada vaxti ilə mənim ən
yaxşı universitetlərə təhsil almağa göndərdiyim
gənclər var. İndi onlar müstəqil dövlətimizin
quruculuğunda fəal iştirak edirlər. Mən
bunun üçün çalışırdım, bu, mənim
amalım idi. Mən çox şadam ki,
Ulu Öndərin Moskvada təhsil almağa göndərdiyi həmin
gənclərdən biri də mən olmuşam və həmişə
onun mənə göstərdiyi böyük etimadı
doğrultmağa çalışmışam.
Bizim fakültə ilə Asiya və Afrika ölkələri
institutu Moskva şəhərinin düz mərkəzində
eyni həyətdə yerləşirdi. Daim onun tələbələri
ilə ünsiyyətdə idik. 2-ci kursa
keçəndə rəhbərlikdən təklif etdilər
ki, gəl, səni ora keçirək. Razı olmadım,
dedim, yox, artıq fikrimi dəyişmişəm. Bu günə qədər də şadam ki, bu
peşəni seçmişəm. 1983-cü
ildən bu günə qədər psixologiyadan
ayrılmamışam. Universiteti 1983-cü ildə bitirib
Bakıya gələndən 16 mart 2020-ci ilə kimi, yəni
Milli Məclisin Elm və təhsil komitəsinə sədr
seçilənə qədər düz 36 il
BDU-nun Psixologiya kafedrasında işləmişəm. Laborantlıqdan müəllim, baş müəllim,
dosent, professor, kafedra müdiri vəzifəsinə kimi yüksəlmişəm.
Milli Məclisin komitə sədri seçiləndən
sonra universitetdə işdən çıxdım.
Çünki pedaqoji fəaliyyətə vaxt qalmırdı,
amma elmi yaradıcılıqla məşğul oluram, bunsuz
mümkün deyil...
Moskvada təhsil alan dövrdə gördüm ki, Azərbaycana həm qibtə, həm də paxıllıq edən insanlar var. O vaxt Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini və Siyasi Büronun üzvü idi. Bu, çox böyük vəzifə idi, həm də onun özü xarizmatik şəxsiyyət idi. Mənim də soyadım Əliyev olduğu üçün müəllim və tələbələr bir az ehtiyatla davranırdılar. Amma açıq şəkildə şovinist kimi davrananlar da var idi. Onlardan ikisi yaxşı yadımdadır. Biri fakültəmizin dekan müavini idi. Deyirdi, Azərbaycandan bura gəlib yer tutursuz, qoymaram burda oxuyasınız. 1-ci kursun I semestrində çox çalışdı məni imtahandan kəssin. Bütün kurs qapını açıb imtahanı maraqla izləyirdi görsün sonu nə ilə nəticələnəcək. Komissiyada 4 müəllim vardı. Dedilər biletin bütün suallarına, bizim, sizin suallarınıza cavab verdi, onu necə kəsək? Beləcə, heç nə edə bilmədi. Sonralar, yuxarı kursda onunla dostlaşdıq. Amma bu, mənə yuxusuz gecələr, əziyyət bahasına başa gəlirdi. Olduqca çətin fənlər keçirdik, tələbkarlıq yüksək idi. Ağdamdan gəlmiş, Azərbaycan dilində təhsil almış gənc indi rus dilində yeni terminləri, elmləri öyrənirdi. Bu basqıları başa düşə bilmirdim. Amma mübarizə aparmağa çalışırdım.
İkincisi, bir professor qadın idi. O da II semestrdə
açıq şəkildə təzyiq göstərir,
şovinist çıxışlar edirdi. Bir
dəfə cavab verdim ki, biz sizin hesabınıza oxumuruq, təhsil
haqqımızı öz dövlətimiz-Azərbaycan ödəyir.
O vaxt belə söz demək ciddi problem yarada bilərdi. Sonra mənimlə söhbət etdilər və dedilər
ki, gəncsiniz, harda nə danışdığınıza
diqqət verin. Başa düşdüm ki,
məndən şikayət ediblər. Həqiqətən
də bizim təhsil haqqımızı Azərbaycan dövləti
ödəyirdi. Özü də yuxarı
kurslarda əlaçı təqaüdü alırdım - 55
manat, o vaxt üçün böyük pul idi. işləyirdim. Yay vaxtı hər
yerdə olduğu kimi, I və II kursda tələbə
inşaat dəstəsində tikintilərə gedirdik, ya da
universitetdə müəyyən təmir işləri
görürdük, əlavə pul qazanırdıq. Fəal olduğum üçün həmkarlar komitəsinin
büro üzvü idim. İctimai fəallığıma
görə 3-cü kursda məni Moskva Dövlət
Universitetinin Tələbə Komitəsinin sədr müavini
seçdilər. Bu tələbə
üçün çox yüksək vəzifə idi. Biz universitet üzrə ciddi qərarlar qəbul
edirdik.
20 Yanvarla
bağlı jurnalları Moskvada payladığım
üçün DTK-ya çağırıldım
- Xatirələr
bizim həyatımızdır. Kino lenti kimi hər
zaman xəyalımızda dolaşır. Ağdam mənim
xəyalımda, xatirələrimdə hər zaman möhtəşəm
qalıb... Çox inkişaf etmiş rayon və
şəhər idi. Son illər o qədər
sürətlə tikilirdi ki, gedəndə özüm də təəccüblənirdim.
Öz-özümə deyirdim, bu binaları nə
vaxt tikdilər, küçələr necə dəyişib?!
Özü də şəhər planlı şəkildə
tikilirdi. İndiki xarabalıqlarına
baxanda da görünür necə simmetrik küçələri
var. Yağış suları üçün ayrıca xətlər,
hər yerdə kanalizasiya sistemi vardı. Çoxlu
parklar salınmışdı. Gözəl
infrastruktur, sənaye müəssisələri tikilmişdi.
80-ci illərin Ağdamında onlarca sənaye
müəssisəsi, o cümlədən aerokosmik
cihazqayırma zavodu var idi. O məhsulların bir
çoxu hərbi təyinatlı idi və SSRİ-nin çox
yerinə göndərilirdi. Bu, rayonun elmi
potensialının güclənməsinə, yeni
texnologiyaların tətbiqinə imkan verirdi. İndiki dillə desək, artıq Ağdamda
yüksək texnologiyalara əsaslanan yeni sənaye məhəllələri
yaranırdı. Böyük planlar, arzular var idi...
Ağdam kimi nəhəng şəhəri söküb
dağıtmaq üçün neçə illər və nə
qədər qüvvə lazım idi ki,
işğalçı Ermənistan o boyda şəhəri
indiki vəziyyətə salsın. Əminəm ki, bu hərbi cinayəti
törədənlər cəzalarını alacaqlar...
O vaxt
Qarbağ hadisələri başlayanda mən tez-tez Ağdama
gedirdim. 1987-ci ildə daşnak Zori Balayan
Yerevanda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin
mətbəəsində “Ocaq” adlı kitab çap etdirdi.
Kitab türklərə, azərbaycanlılara
nifrət, düşmənçilik yayır və
torpaqlarımıza qarşı işğalçılıq
siyasətinə rəvac verirdi. Azərbaycanın
bir qrup ziyalısının təşəbbüsü ilə
Moskvaya məktub yazdıq. Tələb
etdik ki, buna qiymət verilsin, tədbir görülsün.
Necə ola bilər heç bir həqiqəti
əks etdirməyən, xalqlar arasında nifaq salan,
düşmənçilik toxumları səpən belə
uydurma əsər kommunist partiyasının mətbəəsində
çap edilsin. Bu fakt və sonra baş verənlər
göstərdi ki, terrorçuluq həmişə Ermənistanın
dövlət siyasəti olubdur. Təəssüf,
buna kifayət qədər ciddi münasibət bəslənilmədi.
Azərbaycan rəhbərliyi də buna ciddi
reaksiya vermədi. Məktubu yazanlar
Moskvanın təpkisi ilə rastlaşdılar.
Ardınca erməni hiyləsinin nəticəsi olaraq Heydər
Əliyev SSRİ rəhbərliyindən
uzaqlaşdırıldı və bu, xalqımızın əzablı
günlərinin başlanğıcı oldu...
Sonra bu proseslər daha da dərinləşdi. Əvvəl Ermənistanda
yaşayan azərbaycanlılar soyqrımına məruz
qaldılar, etnik təmizləmə başladı,
soydaşlarımız öz əzəli, tarixi dədə-baba
yurdlarından qovuldular... 1987-ci ilin dekabrından Ermənistanın
Qafan rayonundan qovulan azərbaycanlılar ayaqyalın, heç nəsiz
qarlı dağlardan piyada keçərək Azərbaycana-Qarabağa
gəldilər. Oradan da ovaxtkı SSRİ rəhbərliyinin
təkdi ilə Sumqayıta və digər rayonlara
köçürüldülər. Növbəti
ssenari Xankəndidəki azərbaycanlıların qovulması,
evlərinin yandırılması, öldürülməsi
prosesilə bağlı oldu. Bütün
bunların fonunda Ermənistanın atdığı
addımlara Moskvadan dəstək verilir, Azərbaycana isə
ciddi təzyiq göstərilirdi. Sonra ermənilərin
və onların havadarlarının əli ilə Sumqayıtda
Azərbaycan xalqına qarşı
düşünülmüş,
planlaşdırılmış təxribat törədildi.
Bu bəs deyilmiş kimi, azərbaycanlılara qarşı 20 Yanvar faciəsi törədildi,
yüzlərlə dinc sakin sovet ordusunun muzdluları tərəfindən
qətlə yetirildi.
20 Yanvar hadisələrindən sonra bu faciəni əks etdirən xronika şəklində “Qara yanvar” jurnalı çap olundu. 1990-cı ilin aprelində Moskvada komsomolun qurultayı keçiriləcəkdi. Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində BDU-nun müəllimi kimi mən də vardım. Biz o jurnallardan gizli şəkildə aparıb Moskvada yaymaq qərarına gəldik. Qurultayda bütün müttəfiq respublikalardan nümayəndələr, xarici jurnalistlər var idi. Jurnalın nüsxələrini onlar arasında yaydıq. Mərkəzi televiziyalara müsahibələr verdik. Mən o vaxt birinci kanala müsahibəmdə dedim ki, bütün respublikalar müstəqil olmalıdır, komsomol təşkilatı da müstəqil olmalıdır və qarşılıqlı münasibətlər bərabərlik, könüllülük əsasında qurulmalıdır. Gecə saat 24:00 xəbərlərində bu müsahibəm yayılandan sonra aləm qarışır. Mixail Qorbaçov Bakıya zəng edir və bildirir ki, sizin nümayəndə SSRİ-ni dağıdır, tədbir görün. Bütün bunlara baxmayaraq, biz öz mövqeyimizdə israrlı idik.
Bakıya qayıdandan sonra mənimlə söhbətlər oldu, suallar verdilər, mən də cavablarını verdim. O vaxt ədalətli, vicdanlı insanlar bizi dəstəkləyirdi. Ancaq təəssüf ki, həmin dövrdə bizdə birlik, siyasi lider olmadı... Xalqın ümid bəslədiyi, köməyə harayladığı xilaskar siyasi liderə qarşı isə bəlli qüvvələr çirkin kampaniyalar aparmaqla məşğul idi... Beləliklə də, faciələrimiz baş verdi, igid oğullarımız mərdliklə vuruşdular, şəhid oldular, amma torpaqlarımız işğal edildi.
Valideynlərimin arzusu gerçəkləşdi, indi qalıb evimizi tikmək...
- O vaxt azərbaycanlılardan ov tüfənglərini də yığmışdılar. Amma vəzifədə olan, imkanlı, vətənpərvər insanların köməyi ilə silahlar alınırdı. Həmin silahlarla özünümüdafiə batalyonları yaradıldı. Çalışırdıq bacardığımız qədər kömək edək. Sonradan özünümüdafiə dəstələrini Ağdamdan çıxartdılar, guya Surət Hüseynovun hərbi birləşməsi oranı qoruyacaqdı. Lakin nəticəsi o oldu ki, Ağdam işğal edildi.
Təhlükə artanda uşaq və qadınları Ağdamın üst hissəsindən aşağı hissəyə çıxarmağa başladılar. Çox az adam Bərdəyə, Gəncəyə, Bakıya getdi. Çünki heç kim inanmırdı bu boyda Ağdam işğal oluna bilər. Hamı fikirləşirdi ki, döyüş əməliyyatları gedir deyə, dinc əhali daha az təhlükəli yerə getsə yaxşıdır. Hətta olub ki, insanlar günlərlə Ağdamın giriş hissəsində yolun kənarlarında, maşınların kölgəsində gözləyirdilər ki, döyüş səngiyəcək, qayıdacaqlar evlərinə. Özlərinə əlavə paltar da götürmürdülər.
Bizim də ailəmiz sona qədər Ağdamda oldu. Bir qardaşım Sankt-Peterburqda, mən və böyük qardaşım Bakıda işləyirdik. Qalan hamı Ağdamda qalırdı. Atam o vaxt rayon İcraiyyə Komitəsinin sədr müavini, Ali Sovetin deputatı idi. Ağdamda yaradılmış qərargaha rəhbərlik edirdi. Son günə qədər iş başında olub. Hətta şəhər boşaldılmış, icra hakimiyyətinin binası “Qrad”dan atəşə tutulurdu, o, yenə işdəydi.
İşğaldan sonra valideynlərim bir müddət Quzanlıda yaşadılar. 1992-ci ildə hakimiyyətə gələn qüvvələr də əvvəlki hakimiyyət kimi atamla mübarizəyə başladı və onu işdən azad etdilər. Nə qədər paradoksal olsa da, hər ikisinin də ittihamı o idi ki, siz Heydər Əliyevi dəstəkləyirsiniz. Sonra Bakıya köçdülər. Atam 1994-cü ildən 2000-ci ilə qədər Bakıda işlədi. Bütün bu illər ərzində atam da, anam da bir arzu, ümid və inamla yaşayıblar - torpaqlarımız geri alınacaq, Ağdama qayıdıb yenidən evimizi tikəcəyik...
Şükür ki, onların arzusu gerçəkləşdi, indi qalıb evimizi tikmək...
Bütün şəhidlərimizin intiqamı alındı
- Bir tələbəm var idi. Savadlı, vətənpərvər və cəsur insan idi - Milli Qəhrəman Nadir Əliyev. Ağdamda Milli Təhlükəsizlik Nazirliyinin bölmə rəisi, kəşfiyyat qrupunun rəhbəri idi. Onu nazirlikdə yüksək vəzifəyə təyin etmişdilər, amma icazə alıb Ağdama döyüşlərə getdi. Deyirdi düşmənə imkan vermərəm ki, Ağdama girsin. Qəhrəmancasına şəhid oldu. Bizi ən çox ağrıdan da o idi ki, bu cür igidlərimiz canlarından keçdilər, şəhid oldular, amma yenə torpağımız Ermənistan tərəfindən havadarlarının köməyi ilə işğal edildi və onların ruhları düşmən əsarətində qaldı.
İndi isə təsəllimiz odur ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad edərək bütün şəhidlərimizin intiqamını aldılar. İndi onların ruhu rahat və şaddır. Bu döyüşlərdə iştirak edən bütün döyüşçülərimiz, şəhidlərimiz ən xoşbəxt insanlardır. Onlar Azərbaycan dövlətinə və xalqına qürur verdilər.
Bu gün Azərbaycan xalqı ikinci dəfə özünə qayıdır, özünü tanıyır və dünyaya tanıdır. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Artıq xalqımız əvvəlki xalq deyil. Azərbaycan bütün dünyaya sübut etdi ki, ən sülhpərvər dövlət və xalqdır. Qalib xalq, qalib dövlət kimi yeni dövlətçilik ənənəsini dünyaya təqdim etdi. Dünyaya nümayiş etdirdi ki, bütün siyasi partiyalar, təbəqələr, cərəyanlar bir amal - dövlətçilik, azadlıq, müstəqillik uğrunda Ali Baş Komandanın ətrafında sıx birləşdi, zəfər çaldı. Ona görə də, bu gün siyasi mövqeyindən, dini baxışlarından, sosial mənşəyindən asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Bundan sonra da hər birimiz qürurla deyəcəyik - Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Hə,
bax indi rahat nəfəs almaq olar...
- Bu illər ərzində “Qarabağ şikəstəsi” beynimdə çox səslənib, daima məni körəldib. Düşünürdüm, bizim borcumuz var. Əvvəlcə o borcu qaytarmalıyıq, torpaqları azad edəndən sonra isə nəfəsimizi dərib deyə bilərik “bağışlayın, gec oldu, amma oldu”... Bu hissləri yaşamaq çətindir.
Bütün torpaqlarımız, eləcə də Ağdam işğaldan azad olunub, amma mən içimdəki o yükdən, ağırlıqdan hələ də xilas ola bilməmişəm. Yəqin ki, çox böyük itkilərimiz olduğuna, dövlətimizə, xalqımıza qarşı ədalətsizliklərlə, haqsızlıqlarla üzləşdiyimizə görə. Həm də xarabalıqlara çevrilmiş şəhər və kəndlərimizi əvvəlki görkəminə qaytarmayana qədər o ağırlıq ürəyimizdə qalacaq. Baxıb deyəcəyik bax bu evdə filankəs yaşayırdı, uşaqlar bu məktəbə gedirdi... Yenidən qurulacaq şəhər və kəndlərimizdə uşaqlar bağçaya, dərsə gedəndə, məktəbdə zəng çalınanda, kinoteatrlar açılanda, parklarda insanlar deyib-güləndə yəqin ki, mən də dərindən nəfəs alıb, deyəcəm - hə, bax indi rahat ola bilərik...
Bundan sonra qarşımızda duran əsas vəzifə işğaldan azad edilmiş bütün şəhər və kəndləri abadlaşdırmaq, əvvəlkindən də gözəl inkişaf etdirməkdir. Hər ağdamlı Ağdamda bir ev, yurd qurmalıdır. Məktəb, bağça tikməli, çoxlu ağac əkməli, parklar salmalıyıq. Ağdama yeni həyat gələcək. Bax onda bu torpaq uğrunda şəhid olanların ruhu qarşısında rahatlıq duyacağıq ki, bəli, sizin göstərdiyiniz qəhrəmanlıq hədər getməyib.
Məcburi köçkünlər üçün salınan müasir şəhərciklərin hər birinin açılışında çıxış edən zaman Prezident İlham Əliyev deyirdi ki, bu binalar sizin rahat yaşamağınız üçün tikilir, amma onlar müvəqqətidir. Biz torpaqlarımızı işğaldan azad edəndən sonra şəhər və kəndlərimizdə daha gözəl binalar tikəcəyik, xoşbəxt həyat quracağıq. Bəlkə də buna inanmayanlar da var idi. Amma hamımız Prezidentimizə inanmışıq, güvənmişik. Çünki Prezident dediyini həmişə edib, bunu da etdi. Görkəmli sərkərdə öz qəhrəman ordusu, xalqı ilə Azərbaycanın Zəfər tarixini yazdı. Tezliklə bütün şəhərlərin, kəndlərin baş planları hazırlanacaq, tikinti-quruculuq işləri vüsət alacaq. Azərbaycanın İntibah dövrü başlayacaq...
1993-cü ildən 2020-ci ilə qədər o yerlərin keçən yolunu xəyallarda yaşamışıq. İndi isə XXI əsrin müasir kəndlərini, şəhərlərini, yollarını quracağıq... Artıq Qarabağa yuxularımızda, xəyallarımızda, xatirələrimizdə yox, ürəyimiz istəyən zaman gedə biləcəyik. Könlümüzə hansı yer düşəcəksə, oranı ziyarət edəcək, gəzəcəyik...
Nənəmin bişirdiyi o çörəyin ətri bir gün də olsun yadımdan çıxmadı
- Ağdam 27 il yuxularımdan çıxmadı... Ağdamı yuxularımda qarış-qarış gəzdim... Tək Ağdam yox, Şuşada uşaq vaxtı etdiyimiz nadincliklər, futbol oynamağımız, Kəlbəcərdə dağlara, bulaqlara çıxmağımız, İstisuda yumurta bişirməyimiz... hər zaman röyalarıma girirdi. İstisuda yumurtanı qoyurduq suya, mərc gəlirdik görək neçə dəqiqəyə bişəcək... Ağdamın bol sulu kəhrizləri vardı. Gizlin gedib kəhrizin suyu çıxan yerlərə girib maraqla baxırdıq. Su dupduru, buz kimi olurdu, amma onu içəndə boğazımız ağrımazdı...
Şahbulaq qalasında o qədər olmuşuq... O qala 80-ci illərdə bərpa olunmuşdu. Çox gözəl yer idi. Dağlarımızda qədim qalaların, məscidlərin qalıqları vardı. Oralara gedirdik... Ağdamın özü şəhər kimi o qədər maraqlıydı, gözəl, gəzməli-görməli yerləri çox idi. İmarət unikal kompleks sayılırdı. Şəhərin özünün arxitekturası müasir olsa da, tarixi abidələrlə də zəngin idi. Axı, bu şəhərin minillik yaşı var. 27 il ərzində o yerləri bir-bir yuxularımda yenidən gəzmişəm. Və həmişə də inanmışam ki, bu yuxular nə vaxtsa gerçək olacaq.
Yaxşı xatirimdədir, nənəm təndirdə çörək bişirirdi. O çörəyin ətri bütün qonşulara yayılırdı. Çörək bişəndən sonra ailə sayından asılı olaraq qonşulara pay göndərilirdi. Əvvəllər sual verirdik ki, ay nənə, biz çox böyük ailə deyilik axı. Neynirsən bu qədər xəmir qatırsan? Böyük teştlə bir xəmir yoğururdu. Bişəndə görürdük ki, qonşuların payı gedəndən sonra özümüzə 7-8 çörək qalıb. Onları da büküb qoyurdu kənara ki, bu da bizim payımızdı. Nənəmin bişirdiyi o çörəyin ətri, o isti qonşuluq münasibətləri bu müddət ərzində bir gün də olsun yadımdan çıxmadı. Həmişə də inamla dedim ki, o təndir yenidən tikiləcək, o çörəklər yenə də bişəcək və ən əsası, o münasibətlər bərpa olunacaq...
Tezliklə Ağdamın üzərində yenidən Günəş doğacaq. Şəhər əvvəlkindən də çox canlanacaq, gözəlləşəcək. Həyat yenidən öz axarına qayıdacaq...
Evlər abadlaşacaq, yurdlar qurulacaq, ocaqlar gur yanacaq... Xoşbəxt, şən, qayğısız insanların sevinc səsləri səmaya yayılacaq...
O zaman Ağdamda yeni həyatın, yeni dövrün, yeni tarixin başlanğıcını əbədiyyətə qovuşduracaq fotolardan ibarət yeni bir albom hazırlanacaq...
Xəyalə MURADLI
Azərbaycan.-2021.- 14 yanvar.- S.5.