Azərbaycanda iqtisad elminə dəyərli töhfə verən alim

 

 

İstedadı, zəhmətkeşliyi, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə elmin zirvəsinə ucalmış görkəmli alim, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Süleyman oğlu Vəliyev Azərbaycan iqtisad elminin yaradıcılarından biridir. 1926-cı ildə Ağdamın Seyidli kəndində anadan olmuş Teymur Vəliyev Azərbaycanın ilk iqtisadçı alimlərindən biri kimi ömrünü respublikamızda iqtisad elminin və təhsilinin inkişafına həsr etmişdir. O, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət göstərmişdir.

 

Teymur Vəliyev 1953-cü ildən başlayaraq respublikanın müxtəlif ali məktəblərində siyasi iqtisaddan (iqtisadi nəzəriyyədən) dərs demiş, gənc nəslin iqtisadi təfəkkürünün formalaşmasında böyük xidmətlər göstərmişdir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda iqtisadiyyat elmi üzrə doktorluq dissertasiyası müdafiə edən ikinci şəxs məhz Teymur Vəliyev olmuşdur.

 

Əməkdar elm xadiminin yaradıcılıq fəaliyyəti çoxsahəli və genişdir. Təsadüfi deyil ki, onu iqtisad elminin zirvəsini fəth etmiş alim adlandırırdılar. Teymur Vəliyevin müxtəlif problemləri əhatə edən 150-dən artıq elmi əsəri bu günöz aktuallığı ilə fərqlənir. Onun  elmi potensialının yüksək olmasını bu gün hamı etiraf edir. İstər iqtisad, istərsə də ictimai, humanitar və təbiət elmlərini dərindən bilən Teymur Vəliyev geniş dünyagörüşlü alim imicini qazanmışdı. Elmin müxtəlif sahələrini təmsil edən mütəxəssislər daim ondan məsləhətlər alır və hər dəfə də dəmir məntiqinə, ensiklopedik biliyinə heyran qalırdılar.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra Teymur Vəliyevin elmi yaradıcılığı daha da genişlənib zənginləşdi. Onun 1999-cu ildə nəşr olunanİqtisadi nəzəriyyə” kitabı ali məktəb tələbələri üçün yeganə dərslik olmuşdur. Həmin il Teymur müəllimin “İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü” adlı monoqrafiyası da çapdan çıxmışdır.

 

Respublikada iqtisad elmi sahəsində ən məhsuldar alim olan professor  Teymur Vəliyevin 2000-2002-ci illərdə alim həmkarları ilə birgə yazdığı “İzahlı iqtisadi terminlər” adlı lüğət kitabı, “Azərbaycan iqtisadi fikir tarixi”, “Ümumi iqtisadi nəzəriyyə” və başqa əsərləri iqtisadçılara qiymətli töhfədir. Onun orta məktəblərin IX-XI sinifləri üçün nəzərdə tutulan “İqtisadiyyatın əsasları” dərsliyi də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.

 

Əsl vətənpərvər, müdrik ağsaqqal olan Teymur Vəliyev iqtisadiyyat elmi sahəsində beynəlxalq aləmdə də tanınmış alim idi. O, bir çox beynəlxalq konfranslarda, simpoziumlarda, elmi forumlarda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Dəfələrlə Moskvada, Kiyevdə, Çexoslovakiyada, Rumıniyada, Danimarkada keçirilən beynəlxalq konqres, simpoziumkonfranslarda iqtisadi məsələlərə dair elmi-nəzəri məruzələrlə çıxış etmişdir.

 

Elm aləmində böyük nüfuz sahibi olan Teymur Vəliyev insanlarla ünsiyyətdə nə qədər mehriban, qayğıkeş olsa da, işində bir o qədər ciddi və tələbkar idi. O, gənc iqtisadçılar üçün lazımlı bir alim idi. Fəxrlə deməliyik ki, bu gün Azərbaycan iqtisadiyyatında rəhbər vəzifələr tutan əksər iqtisadçıların peşəkar mütəxəssis kimi formalaşmasında professor Teymur Vəliyevin böyük rolu olmuşdur. O, iqtisadiyyat elmi sahəsində elmi-pedaqoji kadrların hazırlanmasında xeyli qüvvə sərf etmişonun rəhbərliyi altında 19 aspirant namizədlik dissertasiyası yazmış və müvəffəqiyyətlə müdafiə etmişdir. O, həm də iqtisad elmləri üzrə 15 doktorluq və 17 namizədlik dissertasiyasına rəsmi opponentlik etmişdir.

 

Maraqlı və zəngin həyat yolu keçmiş Teymur Vəliyev uzun müddət SSRİ AAK-ın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunda doktorluq dissertasiyası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının həmsədri, eyni zamanda Az.DİU-da ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur.

 

Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçi

 

lən Teymur Vəliyev uzun illər respublikamızın ali məktəblərində rəhbər vəzifələrdə çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda tədris işləri üzrə prorektor, 1971-ci ildən Azərbaycan Dövlət Universitetində 12 il tədris işləri üzrə prorektor, 1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 8 il elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

 

Teymur Vəliyev iqtisad elminin inkişafında səmərəli xidmətlərinə görə Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1983-cü ildə Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

 

Böyük vətənpərvər olan Teymur Vəliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanan vaxtdan öz qələmi ilə ermənilərə qarşı mübarizəyə qalxmış, onların əsassız iddialarını daim ifşa etmiş, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmışdır. Bu münaqişənin bünövrəsini qoyan Aqanbekyanı telekörpü vasitəsi ilə debatda ifşa etmiş, ermənilərin üzünü açmış, onların böhtan dolu yalanlarını bütün xalqlara çatdırmışdır.

 

Birinci Qarabağ savaşı dövründə Teymur Vəliyev dəfələrlə cəbhə bölgəsinə getmiş, döyüşən dəstələrə maddi və mənəvi dəstək olmuşdur. Qarabağlılar onu xeyirxah, nüfuzlu bir ağsaqqal kimi tanıyırdılar.

 

Vətənini, torpağını canı kimi sevən Teymur Vəliyev 2002-ci ildə Qarabağ həsrəti ilə dünyasını dəyişdi. Yaşasaydı, bu il 95 yaşı olardı. Elmimizə ləyaqətlə, vicdanla xidmət etmiş Teymur Vəliyev onu tanıyanların qəlbində həmişə yaşayacaq, Azərbaycan iqtisad elminin bünövrəsini qoyanlardan biri kimi xatirəsi böyük hörmət və ehtiramla yad ediləcək.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qarabağı ermənilərdən azad etməklə sınmış qürurumuzu da bərpa etdi. Ruhun şad olsun Teymur müəllim, məzarında rahat yat. Qarabağ bizimdir!

 

 

 

Şöhlət KƏRİMOV,

Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 14 yanvar.- S.6.