İlham Əliyev qalib rəhbər statusu ilə Azərbaycanın mənafeyini layiqincə təmin etdi

 

Moskvada imzalanan Bəyanat ölkəmizin hərbi və siyasi qələbəsinin növbəti təcəssümü oldu

 

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident  İlham Əliyevin hər zaman çıxışlarında bəyan etdiyi kimi Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycanın “dəmir yumruğu” Ermənistanı döyüş meydanında darmadağın etdi, işğalçıya tarixboyu unudulması mümkün olmayan dərs verdi, maddi və mənəvi zərbə vurdu.

 

 

 

Ermənistan məğlub olmağa məhkum idi

 

 

 

Noyabrın 10-da İlham Əliyevin şərtləri əsasında imzalanan Bəyanat Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü. Məğlubiyyətini bəyan edən rəsmi Yerevan 3 rayonu Azərbaycana döyüşsüz qaytarmağa məcbur edildi. Bu sənədi Ermənistanın baş nazirinin imzalaması, o cümlədən burada Qarabağın statusuna dair heç bir fikrin yer almaması isə ermənilərin yaratdığı qondarma respublikaya, separatçı rejimə Azərbaycan tərəfindən birdəfəlik son qoyulması deməkdir. Bütövlükdə, bu Bəyanat 44 günlük müharibəyə yekun vuran çərçivə sənədi oldu.

 

Noyabrın 10-dan sonra Ermənistanda hərbi məğlubiyyətlə əlaqədar yeni siyasi böhran yarandı. Bəyanatın müddəalarını qəbul etmək istəməyən müxalifət partiyaları günlərlə baş nazir Paşinyanın istefasını tələb etdilər. Reallıq ondan ibarət idi ki, Azərbaycan Paşinyanın deyil, vaxtilə Koçaryan-Sarkisyan cütlüyünün yaratdığı işğalçı ordunu darmadağın etmişdi. Hakimiyyətdə Paşinyan deyil, başqası olsaydı belə,  Ermənistan bu müharibədə məğlub olacaqdı. Digər tərəfdən etiraz edən Ermənistan müxalifəti alternativ variant da ortaya qoya bilmirdi. Bu baxımdan məğlub Ermənistanın 10 noyabr Bəyanatının bəndlərinə uyğun siyasət yürütməkdən başqa yol yox idi.

 

Yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsində də məqsəd həmin Bəyanatda yer alan məsələlərdən irəli gələn prioritetlərin müəyyənləşdirilməsidir.

 

 

 

Kommunikasiyaların bərpasının həyata keçirilməsinə başlanılır

 

 

 

Moskvadakı görüşün yekunu ilə bağlı üçtərəfli Bəyanat imzalandı. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadiregional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

 

Bu Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupunun, yarımqrupların yaradılmasını, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha təsdiqləyir və  kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

 

Sənəddə əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının gerçəkləşməsi  istiqamətində əhəmiyyətli addımdır.

 

 

 

İlham Əliyev məğrur, Paşinyan isə məyus və çaşqın idi

 

 

 

Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışı diqqəti cəlb etdi.  Prezident İlham Əliyev qalib dövlət rəhbəri statusundan, kəskin şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur. “Bu gün imzalanmış Bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair Bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”, - deyə Prezident İlham Əliyev bildirib.  

 

Ermənistanın baş naziri N.Paşinyan isə Moskvada həddən artıq gərgin idi. Bu görüş onun  çaşqın, məyus durumu ilə yadda qaldı. Təsadüfi deyil ki, Rusiya mediası Ermənistanın baş nazirinin durumunu, jestlərini, qeyri-adekvat davranışını geniş müzakirə etməkdədir. Digər tərəfdən, dövlət başçılarının mətbuat üşün bəyanatları zamanı Paşinyanın çıxışında qaldırdığı məsələlər müzakirə mövzusu deyildi. Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə, ümumiyyətlə, toxunmadı. Həmin məsələlər birgə Bəyanatda da əksini tapmadı. Çünki Qarabağ Azərbaycandır və Ermənistanın status xülyasına birdəfəlik son qoyulub.

 

Paşinyanın toxunduğu hərbi əsirlər məsələsinə gəldikdə isə Vladimir Putin üçtərəfli görüşdə “Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib” deməklə bu mövzunun qapandığını bildirdi. Çünki noyabrın 10-dan sonra işğal olunmuş Azərbaycan ərazilərində ələ keçirilən erməni silahlıları hərbi əsir sayıla bilməz, onlar terrorçu və diversantlardır. Ona görə Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili auditoriyaya, Ermənistan əhalisinə hesablanmış iddialardan başqa bir şey deyildi.

 

Yanvarın 11-də imzalanan üçtərəfli Bəyanat, ilk növbədə, Ermənistanın işğal siyasətinə qarşı növbəti hüquqi sənəddir. Eyni zamanda sənədə əsasən, Naxçıvanla yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində prioritetlər də dəqiqləşdirildi. Bununla həm də Azərbaycanla Türkiyənin nəqliyyat əlaqələrində yeni mərhələ başlayacaq. Ona görə Moskvada imzalanan növbəti Bəyanat Prezident İlham Əliyevin  uğurusiyasi-diplomatik qələbəsidir.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 14 yanvar.- S.1-2.