“Cənub qaz
dəhlizi” yeni əməkdaşlıq
formatının təməlini qoyur
Layihədə bütün
iştirakçı tərəflərin maraqları təmin olunub
Keçən ilin son günü xoş bir xəbər aldıq - Azərbaycan qazı Avropaya çatdı. Bu, “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi sayəsində mümkünləşdi. TAP-ın istismara daxil olması ilə “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi.
Bu hadisənin təkcə neft-qaz sənayemizin deyil, ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən müşavirədə layihənin önəmini xüsusi vurğulayaraq demişdir: “Bu, bizim tarixi nailiyyətimizdir. Çünki “Cənub qaz dəhlizi”nin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək”.
“Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da genişləndirmək imkanı verir.
“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.
Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd hissəsinin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir. Onu da qeyd edək ki, 2015-ci ildən başlayaraq “Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının altı görüşünün hamısı Bakıda keçirilib. Bu da layihəyə Azərbaycanın liderlik etdiyinin daha bir təsdiqidir.
“Cənub qaz dəhlizi”nin rəsmi açılışı 2018-ci il mayın 29-da Səngəçal terminalında oldu. Layihənin ilk iki hissəsinin hazır olması buna imkan verdi. Belə ki, “Şahdəniz-2”dən qaz hasilatına başlandı və CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi yekunlaşdı. Bundan az sonra - 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi.
Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır. Məhz bu yatağın uğurla işlənməsi və istismarı sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb.
“Şahdəniz” yatağı “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir.
Hazırda burada iki hasilat platforması
istismar olunur. Odur ki,
“Şahdəniz Alfa” və
“Şahdəniz Bravo” platformalarını
“Şahdəniz”in qoşa
qanadı da adlandırırlar. “Şahdəniz Alfa” 15 ilə
yaxındır yatağın
işlənməsinin birinci
mərhələsi çərçivəsində
fəaliyyət göstərir.
“Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb.
“Şahdəniz”də bp
(operator - 28,8 faiz), TPAO
(19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), PETRONAS
(15,5 faiz), LUKOYL (10 faiz),
NİKO (10 faiz) şirkətləri
iştirak edirlər.
“Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi
42 düymlük CQBK-dır.
Ümumi
uzunluğu 692 kilometr olan bu xəttin
443 kilometri Azərbaycanın,
249 kilometri Gürcüstanın
ərazisindən keçir.
Kəmər “Şahdəniz” yatağından
hasil edilən qazı Gürcüstana çatdırmaq, eləcə
də Gürcüstan-Türkiyə
sərhədinə nəql
etmək məqsədilə
çəkilib. CQBK
2006-cı ildən fəaliyyət
göstərir.
CQBK-nın genişləndirilməsi
Azərbaycan və Gürcüstan ərazilərindən
keçən yeni 48 düym diametrli boru kəmərinin, həmçinin Gürcüstanda
2 yeni kompressor stansiyasının inşasını
əhatə edib. Yeni kəmərin uzunluğu təqribən
489 kilometr təşkil
edir (Azərbaycanda
424, Gürcüstanda 63, TANAP ara bağlantısında
2 kilometr). Genişləndirilmiş
CQBK-nın fəaliyyətə
başlaması ilə
“Cənub qaz dəhlizi” ilə mavi yanacağın nəqlinə start verilib.
CQBK-nın sərmayədarları
bunlardır: bp (28,8 faiz), TPAO (19faiz), AzSCP (10 faiz), Cənub Qaz Dəhlizi Midstrim (6,7 faiz), PETRONAS (15,5 faiz),
LUKOYL (10 faiz), NİKO (10 faiz).
Son zamanlar dünyada baş verən COVID-19 pandemiyası, həmçinin
Ermənistan tərəfindən
Azərbaycana edilən
hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”nin
yekunlaşmasına mane ola
bilmədi. Beləliklə, Avropanın enerji
bazarını şaxələndirəcək
və onun enerji təhlükəsizliyini
gücləndirəcək yeni
enerji təchizatı layihəsi uğurla tamamlandı. Bu, ölkəmiz üçün
də xüsusi əhəmiyyətli hadisədir.
Çünki Azərbaycan artıq
Avropa bazarı üçün təbii qaz ixracatçısıdır
və regionlararası
iqtisadi əməkdaşlığa,
enerji mənbələri
və marşrutlarının
şaxələndirilməsinə öz sanballı töhfəsini verir.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident
İlham Əliyev demişdir: “Cənub qaz dəhlizi” tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Biz Avrasiyanın enerji xəritəsini yenidən
tərtib etdik. Biz bir-birinə bağlı
olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan
qazını alırlar.
Bu həm onlar,
həm də bizim üçün faydalıdır. Eyni zamanda
digər layihələr
üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin
işlənməsi bizə
əlavə dividendlər
gətirəcək - həm
iqtisadi, həm siyasi”.
Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm
rol oynayan layihədir. Bu layihənin
həyata keçirilməsində
maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin
maraqları təmin edilib ki, bu
da çox önəmli amildir.
Flora SADIQLI
Azərbaycan.-2021.- 14 yanvar.- S.1;7.