Böyük
qayıdış yollardan başlayır
İşğaldan azad edilmiş ərazilərdə
digər infrastruktur layihələri də
icra olunur
2020-ci ilin yekunlarına həsr olunan müşavirənin başlıca mövzularından biri məcburi köçkünlərin öz yurd-yuvalarına böyuk qayıdışı oldu. Müşavirədə Prezident İlham Əliyev bildirdi ki, əsas diqqət azad edilmiş torpaqlar olmalıdır və ardınca da qeyd etdi ki, orada ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıb.
Təbii ki, işğaldan azad edilmiş torpaqları dirçəltmək üçün ilk növbədə yollar çəkilməli və paralel olaraq digər zəruri infrastruktur yaradılmalıdır. Hazırda bu istiqamətdə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur. Yolun qrafikdə nəzərdə tutulan vaxtdan tez istifadəyə verilməsi planlaşdırılır. Digər önəmli layihə isə Toğanalı-Kəlbəcər yoludur. Qeyd edək ki, keçdiyi ərazinin relyefi çətin olduğundan bu yolun tikintisi asan deyil. 3500 metr hündürlükdə yerləşən yolun qış aylarında tikintisi daha çətindir. Buna baxmayaraq, layihənin icrası ləngimir. Onu da bildirək ki, bu magistral yolun çəkilişi dağların altından tunellərin tikintisini də tələb edir.
Bununla yanaşı, Horadizdən Zəngilana, oradan Qubadlıya və sonra Laçına qədər yolun çəkilişi işlərinə də hazırlıq görülür. Qeyd edək ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol da Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, hər iki tərəfdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa, Füzuli, Cəbrayıl rayonlarına rahat şəkildə gedə biləcəyik.
İşğaldan azad olunmuş ərazilərdə təkcə avtomobil yollarının çəkilişi həyata keçirilməyəcək. Bu ərazilərdə hava nəqliyyatının da yaradılması nəzərdə tutulur.
Dövlət başçısı tərəfindən verilən tapşırığa əsasən, Laçın və ya Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Hazırda əlverişli ərazinin seçilməsi üçün araşdırmalar aparılır. Füzuli şəhərində də hava limanı inşa olunacaq. Bu ərazilərdə beynəlxalq hava limanlarının tikintisi ilk növbədə turizmin inkişafına yönəlib.
Sözügedən müşavirədə dəmir yolları tikintisi ilə bağlı da göstərişlər verildi. Qeyd olundu ki, Horadiz-Füzuli və bundan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi planlaşdırılır. Dövlət başçısı Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun çəkilməsinin gərəkli olduğunu xüsusi vurğuladı. Bununla yanaşı, Horadiz-Ağbənd dəmir yolu da ermənilər tərəfindən dağıdıldığı üçün yenidən tikiləcək.
Naxçıvan yolunun açılması üçün də tədbirlər görülür. Bu dəhliz təkcə ölkəmiz üçün deyil, bütün region üçün geniş imkanlar açacaq və gələcəkdə region ölkələri arasında iqtisadi əməkdaşlığı genişləndirəcək. Həmin yoldan Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, həmçinin İran istifadə edəcək. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də lazımi işlər görüləcək.
Məlumdur ki, azad edilmiş ərazilərin torpağı kənd təsərrüfatı üçün yararlıdır. Amma burada əkinçiliyin inkişafı və məhsuldarlığın artırılması üçün yeni suvarma sistemlərinə ehtiyac var. Odur ki, dövlət başçısının göstərişi ilə artıq bu ərazilərdə müasir suvarma sistemlərinin yaradılması üçün hazırlıq işləri görülür.
Qarabağda elektrik enerjisi sistemi də yenidən qurulacaq. İşğaldan azad edilmiş rayonlarda həm ənənəvi, bəm bərpaolunan enerji növündən istifadə olunacaq.
Düşmən tərəfindən dağıdılmış şəhər, qəsəbə və kəndlərin bərpası indi əsas məsələdir. Buraya köçəcək insanlar üçün hər cür şəraitin yaradılması diqqət mərkəzindədir. Həmin məqsədlə şəhərsalma qaydalarının tələblərinə uyğun yeni yaşayış məntəqələrinin tikintisi üçün layihələndirmə sənədləri hazırlanır. Dövlət başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, buraya köçəcək insanlar üçün əvvəlkindən də yaxşı şərait yaradılmalıdır.
Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək geniş quruculuq-abadlıq işləri barədə demişdir: “Bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.
2021-ci il bu baxımdan əlamətdar olmalıdır. Məhz bu il Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, planlarımız həyatda gerçəkləşir.
Rüstəm
KAMAL,
Azərbaycan.-2021.- 15 yanvar.- S.1;4.