Vətəndaşların
sağlamlığı prioritetdir
Yeni növ koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Xeyli vaxtdır əksər ölkələrdə sərt karantin məhdudiyyətləri tətbiq olunsa da, hələ ki bu tədbirlər xəstəliyin qarşısını almaqda təsirli olmayıb. Virus hər gün daha çox insana yoluxmaqda davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında məlumat verilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 347 mindən çox artıb. Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti isə ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya, Kolumbiya, Argentina və Meksika bölüşür.
Onu da qeyd edək ki, ÜST-ün ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə yollanıb. On nəfərdən ibarət heyətin diqqət mərkəzində epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uhan şəhəridir. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.
Dünyada sürətlə vaksinasiya
prosesi gedir. Amma ÜST ekspertləri
hesab edirlər ki, peyvəndləmə işlərinin aparılması
ilə əlaqədar
nə rahatlaşmaq, nə də təlaşa düşmək
olar. Odur ki, məlum
olan təhlükəsizlik
tədbirlərinə səbrlə
və ciddi şəkildə riayət
etmək lazımdır.
Ətrafdakılardan mümkün
qədər uzaq durmaq, otaqları yaxşı havalandırmaq,
maska taxmaq, tez-tez əlləri yumaq və öskürərkən
dirsəyin iç tərəfi ilə ağzı örtmək vacibdir.
Tezliklə vaksinasiya başlayacaq
Ölkəmizdə də peyvəndləmə
prosesinə hazırlıq
işləri görülür
və ən yaxın vaxtlarda prosesə start veriləcək.
Vaksinlərin alınıb gətirilməsi
ilə əlaqədar
aparılan bütün
danışıqlar müsbət
nəticələnib və
yanvarın axırlarına
4 milyon doza vaksinin respublikamıza gətiriləcəyi gözlənilir.
Əhalinin vaksinasiyasının fevraldan gec olmayaraq
başlanılacağı nəzərdə
tutulub.
Azərbaycanda aparılacaq vaksinasiyanın
təşkili və əlavə təsirlərinin
idarə edilməsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi (TƏBİB) tərəfindən
təlimlər keçirilir. Ölkəmizdə vaksinasiyanın aparılacağı
150 məntəqədə xəstənin
qeydiyyatı, şikayətlərin
qəbulu, qızdırmanın
ölçülməsi, kompüterdə
və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumat veriləcək.
Bütün dünyada olduğu
kimi, Azərbaycanda da ilk növbədə,
risk qrupuna daxil olan insanlar peyvənd
olunacaq.
Vaksinasiyanın dövlət hesabına və könüllülük
prinsipi əsasında
aparılması nəzərdə
tutulur.
TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanovun sözlərinə görə, insanların bir qismi xəstələnməklə, bir qismi isə vaksin vasitəsilə koronavirusa qarşı immunitet qazanacaq. O, qeyd etmişdir ki, əgər insanların təqribən üçdəikisi bu xəstəliyə qarşı immunitet qazansa, artıq virus aradan çıxacaq və bizi narahat etməyəcək: “Hesablamalara görə, bu vaxt da təqribən gələn ilin yayında olacaq. Deməli, gələn ilin yayına qədər bu virus bizi narahat edə bilər, amma sonra demirik ki, pandemiya bitəcək. Sonra xəstələnmələr olacaq, amma bizi daha bu qədər narahat etməyəcək. Bu, elmi proqnozlardır”.
Kompleks tədbirlər bəhrəsini verir
Azərbaycanda virusla hərtərəfli mübarizə davam etdirilir. COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, respublikamızda koronavirusun yayıldığı ilk günlərdən vəziyyət nəzarətə götürülmüş, genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanmışdır. İstər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həllini tapmışdır.
Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıblar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün vacibdir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən virusun yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə epidemioloji vəziyyətə uyğun sərt karantin rejimi və yumşaldılmalar həyata keçirilmişdir. Bu baxımdan ötən il dekabrın 14-dən bu il yanvarın 18-dək sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqi uyğun görülmüşdür ki, elə bu müddət ərzində koronavirusa yoluxma sayında xeyli azalmalar olmuşdur. Xəstəlikdən sağalanların sayı gündəlik yoluxanların sayını üstələmişdir.
Tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardımın göstərilməsi qərara alınmışdır. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilmişdir.
Ümumilikdə götürsək, pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edir.
Görülən bütün bu kompleks tədbirlərin nəticəsidir ki, ölkəmizdə pandemiyanın fəsadlarını minimum həddə saxlamaq mümkün olub. Vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini prioriteti hesab edən Azərbaycan dövləti pandemiyaya qarşı bütün mümkün vasitələrdən istifadə edir. Vətəndaşların vəzifəsi isə məsuliyyət göstərərək qoyulan qaydalara ciddi riayət etmək və təhlükəli virusla mübarizəyə öz töhfələrini verməkdir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2021.- 15 yanvar.- S.1;4.