Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində
əldə etdiyi uğurları Beynəlxalq
Forumun gündəliyində
Yanvarın 14-də Moskvada ənənəvi Qaydar Forumu işə başlayıb. “Rus Davos”u kimi səciyyələndirilən toplantıda hər il olduğu kimi dünyanın müxtəlif ölkələrindən nüfuzlu ekspertlər, dövlət qurumlarının təmsilçiləri, ictimai və siyasi xadimlər iştirak ediblər.
“Rusiya və dünya pandemiyadan sonra” başlığı altında keçirilən forum çərçivəsində “Postsovet məkanı ölkələrində dövlət idarəçiliyinin təkamülü” informasiya-analitik hesabatının təqdimatı baş tutub. Təqdimata o cümlədən Avropa İttifaqı üzvü olan bütün postsovet ölkələrinin aparıcı idarəçilik məktəblərinin rəhbərləri qatılıblar. Sözügedən ölkələrdə dövlət idarəçilik sisteminin və bütövlükdə dövlətlərin davamlı inkişafı və inklüziv cəmiyyətin formalaşdırılması müqayisəli təhlillər əsasında müzakirə edilib.
Onlayn keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb. Bildirib ki, hazırda qlobal prioritet olan inklüziv inkişaf beynəlxalq qurumlar tərəfindən 12 iqtisadi, sosial, ekoloji, demoqrafik göstərici əsasında dəyərləndirilir və ölkələrdəki dinamik dəyişikliklərin geniş spektrini dolğun şəkildə xarakterizə edir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, inklüziv inkişaf indeksinə görə Azərbaycan Respublikası postsovet ölkələri arasında Litva və Estoniyadan sonra üçüncü yeri tutur.
Akademik U.Ələkbərovun
qeyd etdiyinə görə, eyni zamanda Davos
Forumu Azərbaycanı davamlı inkişaf edən inklüziv
cəmiyyətin qurulması naminə dünyada
resurslardan ən səmərəli istifadə
edən ölkə olaraq müəyyənləşdirib.
Natiq Dünya Bankı və Dünya
İqtisadi Forumunun
bilgilərinə əsasən ölkənin inklüziv
inkişaf indeksinin
ABŞ, Yaponiya, İsrail,
İtaliya, İspaniya,
Yunanıstan, Portuqaliya və digər iqtisadi imkanları Azərbaycanınkından bəzi
hallarda hətta dəfələrlə
yüksək olan dövlətlərdən
üstün olduğunu
diqqətə çatdırıb. Bu
durumun çoxmillətli və
çoxkonfessiyalı Azərbaycanda aparılan uğurlu
sosial siyasətlə
bağlılığını qeyd edən
akademik Davos Forumunun prezidenti, professor Klaus
Şvabın dünyanın 146
ölkəsində iqtisadi imkanlar
və sosial siyasətlə əlaqədar
hesabatından bəhs edib. Qeyd edilib
ki, ABŞ, Almaniya, Danimarka, Braziliya, Cənubi
Afrika, Vyetnam kimi ölkələrin nailiyyətlərinin
müqayisə edildiyi həmin hesabatda Azərbaycan iqtisadi
imkanlarından sosial problemlərin həlli
və inklüziv cəmiyyətin
formalaşdırılması naminə ən səmərəli
istifadə edən nümunəvi ölkə kimi
təqdim olunub. Həmin hesabata görə, Azərbaycanın reytinqi +23-dür və bu,
dünyada ən yaxşı göstəricidir.
Akademik Urxan Ələkbərov
həmin indikatora əsasən ikinci yerdə +13 göstərici ilə Çex Respublikasının qərarlaşdığını
bildirib. Rektor həmçinin Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
uğurla yerinə yetirilməsində və
30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin
azad edilməsində təzahürünü
tapdığını da xüsusi
vurğulayıb. U.Ələkbərov bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi
bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli
yekunu kimi dəyərləndirib.
Azərbaycan.-2021.- 15 yanvar.- S.2.