Moskva görüşünün nəticələri və perspektivlər

 

Bildiyimiz kimi, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılması ilə əlaqədar görüş keçirildi. Görüş zamanı Putin, Əliyev və Paşinyan razılaşmanın, həmçinin Rusiya tərəfindən həyata keçirilən sülhməramlı prosesin uğurunu təsdiqlədilər.

Görüşdə Rusiya tərəfinin əsas mövqeyi noyabrın 10-da əldə olunan razılaşmanın uğurunu nümayiş etdirmək və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə nisbətən prosesdə daha operativ iştirak etdiyini göstərmək oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 30 ilə yaxın müddətdə fəaliyyət göstərən Minsk qrupunun heç bir işə yaramadığını və münaqişənin rəşadətli Ordumuzun gücü ilə qısa müddətdə, cəmi 44 gün ərzində həll edildiyini dünyaya nümayiş etdirdi.

Keçirilən görüş nəticə etibarilə aşağıdakı qənaətə gəlməyə əsas verir:

 

sülh prosesi hər üç tərəfin təsdiqlədiyi üçtərəfli formatda uğurla davam edir;

 

digər həmsədrlərin müdaxiləsi sülh prosesini pozmaq təhdidi nümayiş etdirir. Nəticədə ABŞ və Fransa kənara çəkilir, Rusiya isə münaqişənin həllində gedişat ilə bağlı digər həmsədrləri məlumatlandırmağı öhdəsinə götürür. Eyni zamanda, ATƏT-in mandatı qorunurbütün razılaşmalar beynəlxalq hüququn tələblərinə uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də, V.Putin öz çıxışında 10 noyabr Bəyanatını "sülh razılaşması'' adlandırdı.

 

Məlumdur ki, Rusiya üçün ABŞ-ın Cənubi Qafqazda gedən proseslərə təsirlərini azaltmaq vacibdir. 28 ilin nəticələri açıq-aydın göstərdi ki, 1992-ci ilin yayında yaradılan Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermədi. Əksinə, böyük imkanlara malik erməni lobbilərinin fəaliyyət göstərdiyi ABŞ və Fransanın həmsədrliyi yalnız və yalnız danışıqlar prosesində Ermənistanın mövqeyini gücləndirdi, münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına, status-kvonun saxlanmasına səbəb oldu.

 

Təsadüfi deyildir ki, Ermənistan hələ də Minsk qrupunun hər üç həmsədrinin iştirakı ilə danışıqları canlandırmağa çalışır. Zənnimcə, Fransa Prezidenti Emmanuel Makrona məlumat sızdırmalarında əsas məqsəd də danışıqlar prosesinə digər həmsədr ölkələri də qoşmaq və münaqişənin həllini dalana dirəmək cəhdi idi. Paşinyan Moskva görüşündə bir daha Minsk qrupunun vasitəçiliyini qeyd etdi. Buna baxmayaraq, Azərbaycanın mövqeyi, Ermənistanın Fransanı prosesə cəlb etmək istəyini təsirsiz hala gətirdi.

 

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il 11 yanvar tarixli Bəyanatı ötən il 10 noyabrda imzalanmış sülh müqaviləsinin 9-cu bəndinin həyata keçirilməsini izah edən bəyanat kimi qəbul edilə bilər. Hər üç liderin imzaladığı yeni sənəd prosesə lazımi ağırlıq və qaçılmazlıq verir, habelə sülh prosesini və Ermənistanın kapitulyasiyasını birbaşa təsdiqləyir.

 

Bəyanatdan aydın olur ki, layihələrin qəti təsdiqinə dair danışıqlar 2021-ci ilin martında baş tutacaq. Göründüyü kimi, tərəflər inşaat işlərinə yazın əvvəlində başlamağı planlaşdırır, layihələr bir çox məsələlərin həllini əhatə edəcək və tərəflər arasında ətraflı müzakirə olunacaq. Həmin layihələrdə Zəngilandan Naxçıvana doğru Zəngəzurdan keçən dəmir yolumagistral yolların çəkilişi, Azərbaycanla Naxçıvan və Türkiyə arasında nəqliyyat infrastrukturunun bərpası, dəmir yolunun salınması əsas məsələdir.

 

Qeyd etmək lazımdır ki, Türkiyə ilə ölkəmiz arasında ticarət dövriyyəsi hər keçən gün daha da artır, iqtisadi əlaqələr güclənir, amma indiyədək bütün tranzit yollar yalnız Gürcüstan ərazisindən keçdiyi üçün daşımalar yalnız o marşrutla mümkün olurdu. Ona görə də, birbaşa yolların açılması vacibdir. Rusiya ilə Türkiyə arasındakı mövcud siyasiiqtisadi tərəfdaşlıqlar fonunda Rusiya üçün də etibarlı rabitə əlaqəsi vacibdir. Rusiya-Türkiyə daşımalarının ölkəmiz üzərindən keçməsi təbii ki, Azərbaycana əlavə qazanc gətirəcək.

 

Yeni imzalanmış Bəyanatda vurğulanan mühüm məsələ qısa müddətdə yeni yollar salınaraq infrastrukturun bərpası, iqtisadi əlaqələrin genişlənməsidir. Təbii ki, bütün bu layihələr ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

 

Onu da qeyd edək ki, hazırda Qarabağ ermənilərinin tərksilah edilməsi və üçüncü şəxslərin Qarabağa girişi məsələləri Paşinyanla deyil, birbaşa Rusiya Prezidenti Vladimir Putinlə həll edilir, çünki indi Laçın dəhlizinə və Qarabağ ermənilərinə nəzarəti Rusiya sülhməramlıları həyata keçirir. Bu faktın özü həm Ermənistan rəhbərliyinə və cəmiyyətinə, eyni zamanda, bütün dünyaya açıq mesaj verir ki, Azərbaycanın razılığı olmadan nəinki Dağlıq Qarabağda, eləcə də Cənubi Qafqazda heç bir məsələ həll edilə bilməz və hər hansı bir təxribat Ermənistan üçün daha böyük itkilər hesabına başa gələr. Azərbaycan rəhbərinin dediyi kimi, "dəmir yumruq yerindədir!''.

 

Sülh razılaşmasından sonrakı dövrə nəzər saldıqda görürük ki, ötən iki ayda erməni diversantlarına qarşı tərəfimizdən iki hərbi əməliyyat keçirilib. Həmin əməliyyatların birində Ermənistan silahlı qüvvələrinin 62 hərbçisi yaxalanıb. Moskva görüşündə Paşinyan həmin hərbçilərin qaytarılmasını xahiş etsə də, bu xahiş rədd edildi. Çünki həmin hərbçilər sülh danışıqlarından sonra təxribat törədərkən yaxalanıblar. Bu səbəbdən də onların qaytarılması istisnadır.

 

Ermənistandakı mövcud durumda Paşinyanın vəziyyəti olduqca ağrılıdır. O, hakimiyyətə gəldiyi gündən etibarən xalqın etimadını qazana bilməyib, üstəlik də fəaliyyəti dövründə ölkə daxilində çox ciddi narazılıqlar yaradıb. Baş verənlərin fonunda azad mətbuata tətbiq etdiyi senzura, bloqqerlərin və jurnalistlərin həbsi və təqib edilməsi, müxalifətlə çəkişmələri, uğursuz kadr siyasəti erməni xalqı tərəfindən daim narazılıqla qarşılanıb. Habelə 44 günlük müharibədə Ermənistanın rüsvayçı məğlubiyyəti və kapitulyasiya aktına imza atması, habelə döyüşlərdə on mindən çox hərbçinin ölümü bu ölkədə çox ciddi narazılıq yaradıb. Vəziyyət o yerə çatıb ki, günlərlə davam edən etiraz mitinqləri və istefa çağırışları ilə ürəyi soyumayan narazı kütlə Paşinyanın aeroporta gedən yolunu belə bağlamışdı. Bu səbəbdən də, Moskva görüşündə ən kiçik uğur qazanmaq belə Paşinyan üçün çox vacib idi, lakin yeganə istəyi olan əsirlərin qaytarılmasından da imtina olundu.

 

Xülyalarla yaşayan Ermənistan tərəfi hələ də "status” çağırışlarını davam etdirir. Amma artıq qatar gedib, bu məsələ tarixdə qalıb. Azərbaycan illər uzunu Qarabağa ən yüksək muxtariyyət verməklə Ermənistan silahlı qüvvələrinin oradan sülh yolu ilə çıxarılmasını istəyib, lakin erməni havadarlarının iştahası böyük olduğundan buna razılıq verməyiblər. Vətən müharibəsindən sonra isə bu, mümkün deyil. Çünki rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarını döyüşərək, itkilər verərək, igid oğullarının qanı bahasına işğaldan azad edib.

 

Azərbaycan Prezidenti deyib ki, status-kvo artıq yoxdur. Tezliklə azərbaycanlılar Dağlıq Qarabağa, Şuşaya, işğaldan azad olunmuş digər şəhər kəndlərə qayıdacaqlar. Azərbaycan əhalisi öz yurdunda məskunlaşdıqca erməni əhalisi ilə say nisbəti aydınlaşacaq. Madrid prinsipləri ilə bağlı danışıqlarda olduğu kimi, 1988-ci ildən əvvəlki nisbətlərə istinadlar bu çərçivədə işləmir. Çünki Dağlıq Qarabağ Ermənistanın nəzarəti altında olduğu zaman ermənilər azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına icazə verməməyə çalışırdılar. İndi isə vəziyyət dəyişib soydaşlarımız öz evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Azərbaycanlıların işğaldan azad olunmuş torpaqlarımıza qayıtmasına az qalıb.

 

Adil Əliyev,

Milli Məclis Sədrinin müavini

Azərbaycan.-2021.- 15 yanvar.- S.2.