Müqəddəs amal uğrunda
canlarından keçənlər unudulmur
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Azər Nazim oğlu Yusiflidir.
1994-cü il mart ayının 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olan Azər tam orta təhsilini böyüyüb boya-başa çatdığı Muğanlı kəndində almışdır. Orta məktəbi bitirdikdən sonra - 2012-ci ilin aprelində hərbi xidmətə yollanmış və Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik çavuş rütbəsi ilə xidmət etmişdir.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra sənədlərini Sərhəd Qoşunlarına təqdim edən Azər arzu etdiyi işə qəbul olunmuşdur. Sərhəd xidmətində fəaliyyətinə Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin “N” saylı hərbi hissəsində başlayan A.Yusifli xidmətdə fərqləndiyinə görə dəfələrlə fəxri fərman və medallarla mükafatlandırılmışdır.
Sonra hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə öz arzusu ilə Mərdəkanda yerləşən sərhəd qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndərilmişdir. Orada keçirilən döyüş təlimlərində fərqlənən Azər sentyabrın 27-də - Vətən müharibəsi başlayanda torpaqlarımızın azad olunması üçün ön sırada xidmətə yollanmışdır. O, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərmişdir. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünə, Zəngilan azad ediləndə isə rayon prokurorluğu binasına bayrağımızı məhz Azər sancmışdır. 26 yaşlı igid döyüşçü ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaltmışdır.
Lakin bunacan - müharibənin ilk həftəsində Azər yaralanmış və hospitalda müalicə almalı olmuşdur. Buna baxmayaraq, o, tam sağalmamış döyüş meydanına qayıtmışdır. Daxil olduğu kiçik kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürmüş, 42 nəfərini isə məhv etmişdir. Lakin həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanmış və aldığı yaralardan şəhid olmuşdur.
Ölümündən sonra Azər Yusifli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Sabir ƏLİYEV,
Azərbaycan.-2021.- 15 yanvar.- S.5.