Gənclərə örnək ömür

 

Qarabağın azadlığı uğrunda 44 günlük müharibə ordumuzun parlaq qələbəsi ilə başa çatmışdır. Xalqımız 30 il idi ki, zəfərə aparan bu yolda addım-addım irəliləyirdi. Yurd həsrəti, Qarabağ nisgili belimizi bükmüş, gözümüzü qaraltmışdı. Bəzən adi sözdən uşaq kimi kövrəlir, göz yaşlarımızı saxlaya bilmirdik. Hər il Novruz tonqalları başında əllərimizi göyə qaldırıb dualar edir, Qarabağın işğaldan azad olunmasını Allahdan istəyirdik.

 

Beləcə ağrılı-acılı, məhrumiyyətlərlə dolu illər bir-birinə calanırdı. Amma bu illər ərzində dövlətimiz son dərəcə təmkinli, məqsədyönlü siyasət yürüdürdü. Qarabağın işğaldan azad edilməsinə hesablanan bu siyasətin mərkəzində ölkənin iqtisadi qüdrətini artırmaq, müasir hərbi texnikasilah-sursatla təchiz edilmiş modern bir ordu yaratmaq dururdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər xalqımızı hər gün Qarabağa, milyonların təşnəsi olduğu parlaq qələbəyə addım-addım yaxınlaşdırırdı. Yenimüasir hərbi texnikaların alınmasına, ölkədə güclü hərbi-sənaye potensialının yaradılmasına, vətənpərvər peşəkar hərbi kadrlar hazırlanmasına dövlət başçısı səviyyəsində böyük önəm verilirdi.

 

Ermənistan silahlı qüvvələrinin davamlı təxribatları sentyabrın 27-də Qarabağın azadlığı uğrunda müqəddəs savaşa başlamağımızı labüd etdi. Vətən müharibəsinin ilk günlərindən başlayaraq ordumuz sürətlə irəliləyir, erməni faşistlərinin tapdağında təkcə adları qalmış kəndlərimizi, şəhərlərimizi işğaldan azad edirdi. Düşmənin topdağıtmaz istehkamları müzəffər Ali Baş Komandanın müharibənin simvoluna çevrilmiş dəmir yumruğu, qəhrəman Azərbaycan əsgərinin hünəri qarşısında aciz idi. Yoxsa erməni əsgər və zabitləri hərbi texnikalarını, silah-sursatlarını döyüş meydanında qoyub rüsvaycasına qaçmazdılar.

 

Ali Baş Komandanın yeni-yeni ərazilərin işğaldan azad edilməsi barədə televiziya vasitəsilə vaxtaşırı verdiyi şad xəbərlər ölkədə qeyri-adi bayram ovqatı yaratmışdı. Belə xəbərlər bir az ara verəndə adamlar darıxır, həyəcanlanırdılar. Beləcə öz ordusuyla nəfəs alan xalq “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarını özünün yaşam tərzinə çevirmişdi. Taxıl zəmisində, pambıq tarlasında, fabrikzavodlarda, emalistehsal müəssisələrində çalışanlar da özlərini sıradan bir əsgər hesab edirdilər.

 

İlham Əliyevin qüdrətli sərkərdə bacarığı, xalq-ordu vəhdətinin gücü parlaq qələbəmizi təmin etdi. Bu zəfər bizə doğma Qarabağı qaytardı. Bu zəfər öz vətənində qaçqına, köçkünə çevrilən bir milyon soydaşımızın həsrətinə son qoydu. Bu zəfər xalqımızı doğma yurd yerlərinə qovuşdurdu. Bu zəfərin qüruru müqayisəedilməz dərəcədə çox böyük oldu.

 

Amma neyləyəsən ki, qələbə qurbansız olmur. Bu parlaq zəfər də sinəsini düşmən gülləsinə sipər edən qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı. İgid övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular. Amma onlar bu şərəfli yolu ürəklərinin hökmü ilə seçmişlər, özlərinin vətəndaşlıq borcu bilmişlər. Nə xoş ki, bu gün şəhid ailələrinə də, qazilərə də dövlət və xalq səviyyəsində ali ehtiramböyük qayğı göstərilir. Əlbəttə, bu, belə də olmalıdır. Heç zaman unutmamalıyıq ki, bizim onlara namus, qeyrət və şərəf borcumuz var. Onlar həyatları bahasına bunu özlərinə haqq ediblər.

 

Vidadi Xəlilov Göyçay şəhərində ziyalı ailəsində doğulub, boya-başa çatıb. Özünə həyat yolu seçdiyi tarixi dövr ölkəmiz və xalqımız üçün ağrılı bir zaman idi. Qarabağda erməni işğalçılarının yandırdığı ocaq getdikcə alovlanırdı. Onlar  qanlı Xocalı faciəsini törətmişdilər. Mənfur düşmən Qarabağda kəndləri, şəhərləri odlara qalayır, dinc əhalini xüsusi amansızlıqla qətlə yetirir, əsir götürürdü. Arxalı və azğın düşmənin qarşısında dayanmağa isə yetərincə gücümüz yox idi. Ovaxtkı  rəhbərliyin siyasi səriştəsizliyi, müdafiənin ayrı-ayrı silahlı dəstələrinin iştirakı ilə özfəaliyyət formasında təşkili, vahid komandanlığın və milli birliyin olmaması ölkəmizi başdan-başa xaosa bürümüşdür.

 

O illərdə püxtələşən, bir vətəndaş kimi formalaşan Vidadi Xəlilov bir zərrə də tərəddüd etmədən hərbçi olacağına qərar verdi. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub 2004-cü ildə oranı bitirərək leytenant rütbəsi aldı. Müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə çalışdı. Həmişə nümunəvi xidməti, yüksək intizamı ilə seçildi. 24 avqust 2019-cu ildə isə “N” saylı hərbi hissədə döyüş hazırlığı üzrə bölmə rəisi vəzifəsinə təyin olundu.

 

Vidadi Xəlilovun qəhrəmanlıqlarla dolu şərəfli döyüş yolu Kəlbəcər rayonu ərazisindəki Murovdağ yüksəkliyindən başlayır. Polkovnik-leytenant Vidadi Xəlilov Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Qubadlının Muradxanlı, Laçının Güləbird kəndləri istiqamətindəki döyüşlərdə onun rəhbərlik etdiyi dəstə düşmənə ağır zərbələr endirmiş, yüzdən çox erməni əsgər və zabitini məhv etmişdir.

 

Təəssüf ki, döyüşçü dostlarının “Qubadlı fatehi” adlandırdıqları polkovnik-leytenant oktyabrın 30-da ağır döyüşdə qəhrəmanlıqla həlak oldu. Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirən qəhrəman zabit Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra yüksək mükafatlara - “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif edildi.

 

Vidadi şəhid olandan sonra ermənilər sosial şəbəkələrdə “Azərbaycanın alovunu söndürdük” yazılarını sevinclə paylaşırdılar. Döyüşçü yoldaşları da onun ermənilərin başına həqiqətən od yağdırdığını qürurla xatırlayırlar.

 

Heç şübhəsiz, vətənin azadlığı uğrunda şirin canına qıyan oğulların hər biri bizim üçün əzizdir, müqəddəsdir, unudulmazdır. Cəmi 38 il yaşayan Vidadinin ömür yolu, həyat kredosu müasir Azərbaycan gəncləri üçün örnəkdir, vətəni sevməyin, vətənin bir parçasına çevrilməyin gerçək nümunəsidir.

 

Onun özündən sonraya qoyduğu bir cüt ciyərparasını, ailəsini ziyarət etməyi özümüzə borc bilib Göyçaya getməyə qərar verdik. Göyçayda soraqlaşıb şəhid polkovnik-leytenantın qayınatası Arzu həkimlə görüşdük. Birlikdə M.Rəsulzadə küçəsindəki 123 nömrəli ünvana getdik. Onu da qeyd edim ki, şəhidin ailəsi bu mənzildə kirayədə yaşayır.

 

Şəhidin anası Əminə xanımla, həyat yoldaşı Nərminə ilə, qızı Zəhra, oğlu Vaqiflə görüşüb, hal-əhval tutduq. Əlbəttə, onların düşüncələrini bölüşmək maraqlı idi. Həm də müdriklərimiz deyiblər ki, dərdi, qəmi böləndə, paylaşanda yüngülləşir. Elə söhbətimizə də bu baxış bucağından körpü saldıq. Onların dediklərini maraqla, diqqətlə dinlədik.

 

Şəhid anası Əminə xanım: “Vidadinin dəfnindəki izdihamı görəndə böyük təsəlli tapdım. Oğlum bu gənc yaşında necə böyük el məhəbbəti qazanıbmış. Məni çox sevirdi. Ailəsinə hədsiz dərəcədə bağlıydı. Axırıncı dəfə döyüşə gedəndə dedi ki, ana, şəhid olsam, ağlama. Yəqin qismət beləymiş...”

 

Həyat yoldaşı Nərminə xanım: “Onun yoxluğuyla barışmaq çox çətindir. Dövlət, qohum-qardaş nə qədər qayğı və diqqət göstərsə də, o boşluğu doldurmaq mümkünsüzdür. Vidadi çox vətənpərvər idi. Geyindiyi zabit mundirindən, ay-ulduzlu paqonlardan qürur duyurdu. Çox ailəcanlı idi. İmkan tapan kimi uşaqları gəzməli, görməli yerlərə, istirahət mərkəzlərinə aparardı. Zəhrayla, Vaqiflə vaxt keçirməkdən xüsusi zövq alardı. Bu mənim taleyimdi, alın yazımdı. İnanın, son dərəcə səmimi deyirəm, zaman geri dönsə, hər şey təzədən başlayası olsa, son aqibətimin yenə gözyaşı olduğunu bilsəm belə tərəddüd etmədən yenə Vidadini seçərdim...”

 

11 yaşlı qızı Zəhra: “Mən atamla fəxr edirəm. Fəxr edirəm ki, qəhrəman qızıyam. Atam hər dəfə evə gələndə elə bil ailəmizdə toy-bayram olurdu. O, bizim sevgi payımız idi. Heyif, tez getdi. Mən inanıram ki, onun şərəfli adı hər zaman başımızın üstündə bir çətir olacaq. Atamın arzusuydu ki, mən həkim olum. Dərs əlaçısıyam. Mütləq həkim olub atamın ruhunu şad edəcəyəm. Çalışacağam ki, atama layiq övlad olum”.

 

7 yaşlı oğlu Vaqif: “Mən də atam kimi komandir olub düşmənlərimizi məhv edəcəm”.

 

Cəmi 38 ilə sığan şərəfli bir ömür yaşadı Vidadi. Ondan bizə, doğmalarına bir ömürlük xatirələr qaldı. Yaddan çıxması, unudulması mümkünsüz olan şirin xatirələr... Şəhidlər ölmür axı. O, hər gecə balalarıyla qol-boyun yatır, hər səhər onlarla oyanıb yeni günə başlayır.

 

Sən həmişə bizimləsən, vətənin qəhrəman oğlu!

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2021.- 15 yanvar.- S.5.