Ömrünü elmə və
təhsilə həsr edən alim
İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə daha mənalı və qürurlu olur. Çünki xalq, vətən üçün yaşanan həyat əsl insan ömrüdür. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim İbrahim Cəfərov da belə insanlardandır.
Tanınmış ictimai xadim, görkəmli fitopatoloq alim, dəyərli pedaqoq, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərovun həyatı, fəaliyyəti xalqına, vətəninə xidmətə həsr olunmuşdur. Dəyərli alimin 65-ci doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq.
İbrahim Cəfərov 1956-cı il yanvarın 20-də qədim və zəngin tarixi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980-1985-ci illərdə həmin institutun tələbəsi olmuşdur. İnstitutun Bitki mühafizəsi fakültəsini fərqlənmə diplomu ilə bitirən İbrahim Cəfərov 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Fitopatologiya kafedrasının əyani aspirantı olmuş, 1989-cu ildə namizədlik, 2006-cı ildə “Azərbaycanın çəyirdəkli meyvə bitkilərinin mikobiotası (növ tərkibi, törədicilərin biologiyası, zərərlilik, mühafizə tədbirləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildən professor olan İ.Cəfərovun həyatı Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr olunmuşdur.
2014-cü ildə AMEA-nın müxbir üzvü seçilən alim elmin bu mərtəbəsinə pillə-pillə qalxmışdır. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Fitopatologiya və bitkilərin immuniteti kafedrasında assistent (1989), dosent (1994), professor (2011) kimi fəaliyyət göstərmiş, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültələrinin dekanı, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru (2009-2013) vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilmişdir.
Görkəmli alim həm Azərbaycanın, həm də xarici ölkələrin elmi qurumlarının üzvüdür. O, 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən dissertasiya şurasının sədri təyin edilmişdir.
Professor İbrahim Cəfərov fitopatologiya sahəsində işlərin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndiriməsi üçün bir çox işlər görmüşdür. Alimin elmi tədqiqatlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 150-dən çox elmi əsərdə, o cümlədən dərslikləri, dərs vəsaitləri, fitopatologiya fənninin öyrənilməsinə dair metodik tövsiyələrdə öz əksini tapmışdır. İbrahim Cəfərovun yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də xidmətləri olmuşdur. Onun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilmişdir.
Alim keçən əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikası şəraitində üzüm bitkisinin əsas xəstəliklərini tədqiq etmiş, mildyu və oidium kimi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirləri sistemini bioloji cəhətdən əsaslandırmış, müxtəlif üsulların kombinasiyasında inteqrir mübarizə üsulunun elementlərini işləmişdir. Onun tərəfindən Azərbaycanın müxtəlif bölgələrində aparılan bioloji müayinələr, bitki xəstəlik törədicilərinin növ tərkibinin öyrənilməsi, zərərli patogen növlərinin aşkar olunması biologiya və kənd təsərrüfatı elmi üçün fundamental və praktik əhəmiyyət kəsb etmişdir.
Professor bitki mühafizəsi sahəsində, xüsusilə üzüm, çəyirdəkli meyvə bitkiləri və şəkər çuğundurunun mikobiotasını öyrənmiş, əsas xəstəliklərə qarşı mübarizə tədbirlərini işləmişdir. İbrahim Cəfərov tərəfindən həmçinin çəyirdəkli meyvə bitkilərində ən təhlükəli xəstəliklərdən hesab edilən klasterosporioz və ya deşikli ləkəlik, sitosporoz, monilioz və ya boz meyvə çürüməsi, kokkomikoz, unlu şeh və deformasiya mənşəli bir sıra xəstəliklərin bioloji inkişaf xüsusiyyətləri tədqiq edilmiş və onun əsasında mübarizə tədbirləri işlənib hazırlanmışdır.
İbrahim Cəfərov tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə sıx əlaqələnən bacarıqlı müəllimdir. Professorun 30 ildən çox olan pedaqoji fəaliyyətinə “Fitopatogen göbələklər kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləridir”, “Buğda bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Tağlı bitkilərin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri”, “Açıq və örtülü qruntda becərilən pomidor, bibər bitkilərinin xəstəlikləri və onlarla mübarizə”, “Üzüm və çiyələk bitkisinin xəstəlikləri, onlara qarşı mübarizənin prinsipləri”, “Bitki xəstəliklərinin müqayisəli təhlili”, “Sitrus və subtropik bitkilərin əsas xəstəlikləri, onlarla mübarizə”, “Dənli-paxlalı bitkilərin xəstəlikləri, onlarla mübarizə”, “Pambıq və günəbaxan bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə”, “Şəkər çuğunduru və kələm bitkilərinin xəstəlikləri, onlara qarşı mübarizə”, “Fındıq və digər qərzəkli meyvə bitkilərinin əsas xəstəlikləri, onlarla mübarizə” və s. pedaqoji ustalıqla tədris edilən fənlər daxildir.
Bu gün İbrahim Cəfərovun fəaliyyətinin ən önəmli hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. Azərbaycan elmində, ictimai fikrində öz yeri, öz sözü olan alimin ADAU-nun inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhməti var. İndi onun rektoru olduğu universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən Aqrobiznes inkubasiya mərkəzi, aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə, kənd təsərrüfatı maşınlarının intellektual idarəedilməsi laboratoriyaları, quşçuluq, bildirçin və süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, patoloji anatomiya muzeyi-auditoriyası tələbələrin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır.
Ömrünü elmə, təhsilə həsr edən, elmi və ictimai mühitdə adı hörmətlə çəkilən, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən İbrahim Cəfərov yenilikçi, daim tələbələrin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir insandır. O həm rektor, həm də müəllim kimi istedadlı tələbələrə hər zaman dəstək verir, köməyini əsirgəmir. Məhz buna görə də professor İbrahim Cəfərov 176 min istifadəçi arasında keçirilən “2018-ci ilin ən yaxşı rektoru” adlı sosial tələbə sorğusunda səslərin 53 faizini toplayaraq qalib olmuşdur. Dəyərli alim sözün həqiqi mənasında tələbələri üçün yaşayan, çalışan rektordur. Professorun uğurlu rəhbərliyi sayəsində Azərbaycan Dövlət Aqrar Universitetində keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, təqaüdlər, beynəlxalq mübadilə proqramlarında iştirak, tələbələrin sosial-məişət şəraitinin müasir tələblərə cavab verməsi, valideyn-universitet əlaqələrinin inkişafı, aqrar sahədə uğurlu karyera imkanları təmin edilmişdir.
Alimin gərgin və səmərəli əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Alim Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. İbrahim Cəfərov həmçinin 2016-cı ildə Qazaxstan Milli Aqrar Universitetinin fəxri professoru, 2018-ci ildə Moldova Dövlət Aqrar Universitetinin fəxri doktoru adlarına layiq görülmüşdür.
Qərib
MƏMMƏDOV,
AMEA Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun direktoru, akademik
Azərbaycan.-2021.- 15 yanvar.- S.6.