Keçmişi yalana, bugünü dalana dirənən xalqın gələcəyi yoxdur

 

 

Prezident İlham Əliyevin Anar Kərimovun mədəniyyət naziri təyin olunması ilə bağlı videoformatda qəbulundakı çıxışı yalnız yeni nazirə yox, həm də bütün ölkə ictimaiyyətinə, regiona və beynəlxalq aləmə ünvanlanan ciddi mesajlardan ibarət siyasi dərs idi.

İndi hamı görür ki, qalib Azərbaycan və məğlub Ermənistan fərqli mövqelərdən çıxış edirlər. Gözlənilməz məglubiyyətdən şoka düşən işğalçı ölkədə qarşıdurmalar güclənir, məğlub edilən ordu tör-töküntülərini cəmləyərək revanş eşqinə düşür, havadarlar axtarır. Azərbaycan isə can verən düşmənin çabalarına məhəl qoymadan perspektivlərə, yeni quruculuq işlərinə köklənir.

Prezident İlham Əliyev sözügedən çıxışında da təkrarolunmaz mədəni irsimizin zənginliyini qabardaraq onun qorunmasının vacibliyini önə çəkdi. Məlumdur ki, möhtəşəm qələbənin əldə edilməsində hərbi üstünlüklərimizlə yanaşı, xalqımızın iradəsi, milli köklərə bağlılığı, mədəniyyətimizi və milli mənsubiyyətimizi qorumağımız da vacib rol oynadı. Dövlət başçısı həmçinin ana dilimizin dünyada 50 milyondan çox insanın doğma dili olduğunu, onun qorunmasının və inkşaf etdirilməsinin vacibliyini qeyd etdi, bu il Nizaminin 880 illik yubileyinin ölkəmizdə və bütün dünyada geniş qeyd olunacağını diqqətə çatdırdı. Ermənistanda nasist ideologiyası ilə zəhərlənən siyasi elitanın təmsilçiləri bir-birini çarmıxa çəkirlər, Azərbaycan isə Nizami, Nəsimi, Füzuli ilə öyünür, yeni hədəflərə köklənir, düşməni normal qonşuluğa dəvət edir. Fərqimiz bundadır.

Dövlət başçısı çıxışında musiqi sənətimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən, muğamın milli sərvətimiz olmasından, ölkəmizdə beynəlxalq muğam festivallarının keçirilməsindən və məhz Azərbaycanın muğam sənətinin mərkəzi sayılmasından danışdı: Bildiyiniz kimi, mənim sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır - Bakı şəhərində, AğdamFüzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır”.

Məlumdur ki, 44 günlük müharibədə olduğu kimi, bu gün də Azərbaycan Prezidentinin çıxışları, bəyanatları diqqətlə izlənilir, müxtəlif dövlətlərin KİV-ində geniş şərh edilir. Dost dost kimi, düşmən də düşmən kimi vacib saydığı məqamlara toxunur.

Dövlət başçısı çıxışının əvvəlində bütünlükdə Azərbaycan mədəniyyətinin zəngin çalarlarına toxunmuş, aşıq sənətinin, müxtəlif xalçaçılıq məktəblərinin və zəngin memarlıq nümunələrinin milli-mədəni irsimizin inkişafındakı rolunu vurğulamaqla yanaşı, “qədim keçmişi və “mədəniyyət”i ilə öyünən erməni işğalçılarının vandallığını xüsusi qeyd etmişdir: “Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmişazad edilmiş torpaqlarda dağıdılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır”.

44 günlük müharibənin sonunda Xankəndidə təslim olmamaqdan ötrü şivən qoparan ermənilər indi oralarda guya müdafiə sədləri qurur, səngər qazır, hərdən də partizanlıq edirlər. Onları qınamırıq. Mayaları elə yoğrulub ki, istənilən sülhü savaşa çevirmək üçün dəridən-qabıqdan çıxırlar. Nə etdiklərini, nə qədər gülünc göründüklərini özləri də anlamırlar.

Azərbaycan isə qarşısına məqsəd qoyur ki, dağıdılmış ərazilərdə ilk növbədə mədəniyyət ocaqları bərpa edilsinQarabağda yaşamaq istəyən ermənilər də görsünlər ki, 30 ildə Ermənistan onlaraverdi, bir neçə ilə Azərbaycan nələri verəcək. Prezident İlham Əliyevin tələbi belədir: “Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik”.

Dövlət başçısının Şuşa şəhərini “Azərbaycan mədəniyyətinin paytaxtı” elan etməsi  xüsusi əhəmiyyət kəsb edən qərardır. İşğalçı dövlət 30 ildə Şuşanın mahiyyətini və miqyasını dərk etmədi. Paşinyan, Arutunyan burada özlərinə villa tikdirdilər, Topxana meşəsində kef məclisi qurdular. Bununla da sübut etdilər ki, onların Şuşaya və ümumən Qarabağa heç bir bağlılığı yoxdur.

Müharibəni Qələbə ilə başa vuran Ali Baş Komandan müharibə mövzusuna toxunmadan yeni nazirə bunu dedi: “...biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Ermənilər işğal etdikləri ərazilərdə bütün məscidləri yerlə-yeksən etmişlər, Ağdam məscidində donuz saxlamışlar, cəllad Köçaryan bu məscidin önündə “qalib pozası”nda şəkil çəkdirmişdir. Bundan başqa əllərindən nə gəlirdi ki? Budurmu erməni xalqının qədimliyi, mədəniyyəti? Prezident çıxışında erməni faşizminin bütün bəşəriyyət üçün təhlükə olmasını diqqətdən kənarda qoymadı: “Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır”.

Azərbaycan isə gələcəklə bağlı planlar qurur: Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı bərpa ediləcək! Özübu il. Vaqifin məqbərəsini xarabazarlığa çevirən erməni cəlladlarının əməllərini Azərbaycan Prezidenti belə qiymətləndirdi: “Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması”.

Dövlət başçısı bu parallelləri aparmaqla beynəlxalq aləmə kimin kim olduğunu anladır: “Bütün qonşulara meydan oxuyurlar. Əsassız iddialar irəli sürürlər, torpaq iddiası, ərazi iddiası. Hər şeyi onlar özününküləşdirmək istəyirlər. Bizim musiqimizi oğurlayırlar. Gedin açın, onların öz musiqisi kimi təqdim etdikləri musiqilərin böyük hissəsinin müəllifi Üzeyir Hacıbəylidir və bizim digər bəstəkarlarımızdır. Bizim mətbəximizi oğurlayırlar. Qonşu xalqların mətbəxini oğurlayırlar. Tarixi abidələri oğurlayırlar. Kilsələri başqa xalqlardan, qonşu xalqlardan oğurlamağa çalışırlar”.

Prezident həmçinin ölkə ictimaiyyətinə də, möhtəşəm xalq-iqtidar birliyini şübhə altına almağa cəhd edən qüvvələrə də sözünü birbaşa dedi. Bildirdi ki, Qarabağda islahatlar sürətlə davam edəcək, Füzulidə beynəlxalq aeroport tikiləcək. Şuşaya isə yeni yolun çəkilişinə artıq başlanılıb. Bu yol daha qısa olacaq. Eyni zamanda Şuşaya Xankəndidən, Laçın dəhlizindən gedən yollar da bizim üçün açıqdır: “Bizvaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq”.

Azərbaycan Prezidenti çıxışında azad edilmiş torpaqlarda bütün dağıntıların siyahıya alındığını, onları törədənlərin hüquqi müstəvidə məsuliyyətə cəlb ediləcəklərini bildirdi, UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat olduğunu diqqətə çatdırdı: “Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur”.

Erməni vandallığına qiymət bütün dünya tərəfindən verilməlidir. Hamı, o cümlədən ermənilərin özləri bilməlidirlər ki, keçmişi uydurulan, bu günü faşist ideologiyasına söykənən xalqın gələcəyi yoxdur.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 15 yanvar.- S.6.