İLHAM ƏLİYEV
Şuşaya Qələbə yolu ilə gəldi
“Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:
-Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir.
Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxardı.
Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi.
Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.
Prezident İlham Əliyev: Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanının hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydular.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Prezident İlham Əliyev dedi:
- Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Qarabağ Azərbaycandır!
xxx
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev: Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyduq. Bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq artıq vətəndaşlar, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ bilsinlər. Bununla paralel olaraq, göstəriş verildi ki, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılsın. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən - Lənkərandan, Naxçıvandan, Gəncədən buraya gəlib, Şuşaya rahat gedə bilərlər. İndi isə istiqamət Şuşa şəhəridir və yol boyunca əlavə məlumat veriləcəkdir.
Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcəyik. Qarşımızda gözəl mənzərə açılır, gözəl, vüqarlı dağlar, dağların başında qar, gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir. Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedib. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Biz artıq Füzuli şəhərində olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb, bütün dünya görüb və görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib və bu bölgələrə gətirib, onlara erməni vəhşiliyi, əməlləri göstərilsin. Artıq bütün dünya görür ki, biz hansı vəhşi düşmənlə müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir.
Bura Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisidir. Baxın, bizim ölkəmiz necə də gözəldir. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan Ordusu azad edib.
Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla burada xatirə şəkli çəkdirdilər.
xxx
Prezident
İlham Əliyev: Yolumuza davam edirik. Baxın, Günəş
də çıxdı. Günəş də bizi
salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik
Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi
aparılır. Əminəm ki, ölkəmizin ən gözəl
yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə
tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi
yoldur, Qələbəyə aparan yoldur
Bu yol
heç vaxt olmayıb. Qəhrəman hərbiçilərimiz
bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində
bu yolu açmışıq. Sonra əlbəttə ki, yol
genişləndiriləcək və asfalt döşənəcək.
Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər.
Sonra
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Şuşa şəhərinə
gəldilər.
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev Şuşa şəhərində üçrəngli
bayrağımızı ucaltdı.
Dövlətimizin
başçısı hərbçilərlə görüşdü
və çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Əziz
hərbçilər, noyabrın 8-i xalqımızın
tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim
Şuşa şəhərimizi düşməndən azad edərək
Azərbaycan parlaq qələbə qazandı.
Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq,
peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri
bütün bu ülvi xüsusiyyətləri nümayiş
etdirmişdir.
Mən
Şuşaya Qələbə yolu ilə gəlmişəm. O
yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən,
dərələrdən keçərək, onlarla kilometr məsafəni
qət edərək qəhrəman Azərbaycan hərbçiləri
yol boyunca kəndləri, qəsəbələri düşməndən
azad edib, Şuşa şəhərinə
yaxınlaşıb, Daşaltı kəndini azad edib və
ondan sonra Şuşanı işğalçılardan azad
edib.
Əminəm
ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq
hərbi məktəblərin dərsliklərinə
salınacaqdır. Artıq məndə məlumat var ki,
inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri
44 günlük Vətən müharibəsinin hər bir
gününü təhlil edirlər. Çünki 44
günlük müharibənin hər bir günü qələbə,
zəfər günüdür. Şuşanın
işğaldan azad edilməsi düşmənə vurulan ən
böyük zərbə idi. Çünki düşmən
hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və
yəqin ki, müəyyən dərəcədə haqlı
idi. Çünki Pənahəli xan bu şəhəri elə
salmışdır ki, hər tərəfdən
sıldırım qayalar və təbii landşaft
Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o
vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət
uğrunda mübarizə aparan AXC-Müsavat
cütlüyünün xəyanəti nəticəsində
Şuşa işğal altına düşdü. O vaxt ermənilər
öz dırnaqarası əməliyyatına bir ad vermişdilər
– dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi.
Şuşa şəhəri boşaldılmışdı. O
vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən
getsə, başıma güllə çaxacağam,
qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra
isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr
uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy
tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman
Azərbaycan övladları mükəmməl hərbi əməliyyat
keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq,
güc, milli ruh nümayiş etdirərək Şuşanı
işğalçılardan azad etmişlər və uzun fasilədən
sonra noyabrın 8-də Şuşada Azərbaycan
bayrağı qaldırılmışdır.
Bakıda
möhtəşəm Dövlət Bayrağı Meydanı
açılanda mən çıxış edərkən
demişdim ki, gün gələcək və Azərbaycan
bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən
Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi.
Xatırlayıram, erməni separatçı rejiminin bəzi
dırnaqarası nümayəndələri o vaxt demişdilər
ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada
qaldırıla bilər, o da əgər Azərbaycan
“Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan
Dağlıq Qarabağda öz səfirliyini açsa.
Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü
ifadələr işlədilib. İndi siçan kimi oturublar,
dillərini qoyublar qarınlarına. Bir kəlmə də
söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik,
bayrağı da qaldırmışıq, azad edilmiş
bütün torpaqlarda Azərbaycan bayrağı
dalğalanır. Döyüşə-döyüşə gəlmişik.
Heç kim bu torpaqları bizə elə-belə verməyib.
Heç bir danışıqlar heç bir əhəmiyyətə
malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə
öz torpaqlarımızı azad etməliyik və bunu etdik.
Bütün dünyaya gücümüzü sübut etdik,
göstərdik, düşmənin başını əzdik.
Düşməni məcbur etdik ki, qabağımızda diz
çöksün, kapitulyasiya aktına imza atsın. Belə də
oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi
qalacaq. Bütün dünya bizim Qələbəmizdən
danışır. Bütün dünyanın aparıcı
media orqanları Azərbaycanın parlaq qələbəsi
haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi
analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.
Bizim
şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin
müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq
və bunu gizlətmirdik. Mən dəfələrlə
demişdim ki, o cümlədən hərbçilərlə
görüşlərimdə, çoxsaylı
görüşlərimdə, əgər düşmən
torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur
edəcəyik onları, qovacağıq torpaqlarımızdan,
güc amili öz rolunu oynayacaqdır və belə də oldu,
44 günlük müharibənin hər bir günü zəfər
günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün
belə geri addım atmadıq. Bu, müharibələrdə
çox nadir hallarda müşahidə edilən bir mənzərədir.
Müharibələrdə hücumlar olur, geriyə çəkilmə
olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik.
Hər həftə onlarla yaşayış məntəqəsini
işğalçılardan azad edirdik. Nəticədə
düşmənə sarsıdıcı zərbələr
endirərək 300-dən çox yaşayış məntəqəsini
və Şuşanı azad etdik. Onları məcbur etdik və
cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər
rayonlarından qoşunlarını çıxardılar, rədd
oldular bizim torpaqlarımızdan və biz
qayıtmışıq. Müharibə başlayan gündən
mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal
öhdəlik götürün. Özü də demişdim
ki, bu öhdəliyi Ermənistan rəhbərliyi götürməlidir,
deməlidir, tarix verməlidir ki, filan tarixdə mən
torpaqlardan çıxıram, mən də müharibəni
dayandırıram. Əks-təqdirdə, sona qədər gedəcəyik.
Bütün təzyiqlərə, bütün telefon zənglərinə,
bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər
gedəcəyik, düşməni torpaqlarımızdan
qovacağıq. Etdik də, getdik də, qovduq da və
düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya
aktını imzaladı və beləliklə müharibəyə
son qoyuldu.
Bu
müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu
müharibəni biz şəhidlərimizin canı, qanı
bahasına, hərbçilərimizin şücaəti
hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə
rəhmət eləsin! Allah onların yaxınlarına səbir
versin! Bütün şəhid ailələri dövlət tərəfindən
qayğı ilə əhatə olunub. Bütün şəhid
ailələrinə dövlət tərəfindən mənzillər,
evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq
göstəriş verildi. Şəhid ailələri
üçün müavinət 300 manatdan 500 manata
qaldırıldı və daim o ailələr diqqət mərkəzində
olacaqlar. Birinci Qarabağ müharibəsində həlak
olmuş 9 min şəhidin ailəsinə dövlət
artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz
dövlət tərəfindən qayğı ilə əhatə
olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası,
onların müasir protezlərlə təmin edilməsi məsələsi
öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq
göstərmiş minlərlə hərbçi mənim tərəfimdən
yüksək orden və medallarla təltif edilib. “Vətən
Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi
ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu
ordenlərin adlarını mən özüm təklif
etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin
azad edilməsi işində fərqlənmiş hərbçilərə
o rayonların adlarını daşıyan medallar verilib.
Ordumuz Şuşaya qədər qələbə yolu ilə,
uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd
rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini,
Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini,
Qubadlı, Zəngilan rayonlarını azad edib və
noyabrın 8-də Şuşa şəhərini azad edib.
Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq
qaldırıb, diz çöküb və öz məğlubiyyətini
etiraf edib.
Biz qalib
xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl
gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm
və birinci dəfə yanvarın 14-də gəlmişəm.
Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu
dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan
Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.
Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı
kimi gəlmişəm və burada müqəddəs
bayrağın altında, qəhrəman hərbçilərin
önündə deyirəm ki, biz bu torpaqlarda əbədi
yaşayacağıq! Biz Şuşanı və
dağıdılmış bütün başqa şəhər
və kəndlərimizi bərpa edəcəyik.
Dağıdılmış bütün tarixi abidələrimizi
bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək
bütün dünyaya Şuşa haqqında uydurmalar
çatdırırdı ki, guya Şuşa onların qədim
şəhəridir. Pənahəli xanın saldığı
şəhər necə erməni şəhəri ola bilər?!
Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər
onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə,
nə üçün belə bərbad vəziyyətə
qoydular, nə üçün bütün binaları
dağıtdılar? Görün, nə gündədir bu
şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində,
ancaq özləri üçün villalar tikdiriblər,
özləri üçün şərait yaradıblar.
Biz bu şəhəri
bərpa edəcəyik. Mənim göstərişimlə
böyük bir qrup ezam edildi, bütün təhlil
aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə
edildi, artıq müvafiq göstərişlər verilibdir.
Yaxın zamanlarda biz Şuşanın bərpasını
planlı şəkildə təmin edəcəyik. Əlbəttə
ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi
qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman
övladlarımız Şuşanı qoruyacaqlar ki,
düşmən heç bu tərəfə baxmağa
özündə cəsarət tapmasın. Mən demişəm
ki, əgər kimsə Ermənistanda revanş haqqında
düşünürsə, o, bizim dəmir yumruğumuzu bir
daha görəcək. Bu dəmir yumruq onların belini
qırdı, onların başını əzdi. Əgər
bizə qarşı hər hansı bir təxribat törədilərsə,
cavabımız çox sərt olacaq, çox peşman
olacaqlar və yenə də acı məğlubiyyətlə
üzləşəcəklər. Heç kim bizim qabağımızda
dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan
Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman
övladlarımız, hərbi birləşmələrin
döyüşçüləri Şuşanı və azad
edilmiş bütün torpaqları göz bəbəyi kimi
qorumalıdırlar ki, düşmən bir daha belə cəhd
etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.
Noyabrın
8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına
Şuşanın azad edilməsi müjdəsini verərkən
çıxışımın sonunda demişdim: Əziz
Şuşa, sən azadsan! Əziz Şuşa, biz
qayıtmışıq! Əziz Şuşa, biz səni
dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
xxx
Hərbçilərlə
xatirə şəkli çəkdirildi.
xxx
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Şuşa şəhərindəki
Saatlı məscidini ziyarət etdilər.
Dövlətimizin
başçısı məscidə “Qurani-Şərif” hədiyyə
etdi.
Prezident
İlham Əliyev dedi:
-Saatlı
məscidini ziyarət etdik, dualarımızı etdik, Məkkədən
gətirilmiş “Qurani-Şərif”i Saatlı məscidinə
hədiyyə etdim. Sonra Aşağı Gövhərağa,
Yuxarı Gövhərağa məscidlərində
olacağıq. Oraya da müqəddəs Məkkədən gətirdiyim
“Qurani-Şərif”i bağışlayacağam. Düşmən
bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi
işğal dövründə məhv edib, 67 məscidi
dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə
salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar
əl gəzdirib, məscidi təmizləyib və müəyyən
təmir işlərini görüblər. Ancaq, əlbəttə
ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq,
bütün müvafiq göstərişlər verilib, Heydər
Əliyev Fondu bu missiyanı öz üzərinə
götürüb. Mehriban xanım bu barədə
açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi
bərpa edəcəyik.
Bildirməliyəm
ki, ziyarət etdiyim Ağdam cümə məscidinin əsaslı
təmiri və bərpası işlərinə start verildi.
Artıq mütəxəssislər oraya ezam edildi və
yaxın zamanlarda təmirlə bağlı təkliflər
veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri
də bərpa ediləcək. Minarənin
dağıdılması düşmənin islamofob xislətini
göstərir. Ermənistan daim çalışır ki,
müsəlman ölkələri ilə münasibətlər
qursun, bəzi ölkələrlə münasibətləri
inkişaf etdirsin, özünü sanki müsəlman
xalqlarına müsbət münasibət bəsləyən
bir ölkə kimi qələmə versin. Hamısı
yalandır. Əgər buna kimsə bu günə qədər
inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla,
bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan
rəhbərliyi nə günə salıb müsəlman məscidlərini.
Hər bir müsəlman üçün müqəddəs
olan məbədlərimizi nə günə salıb.
Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək
saxlayıb, məscidlərimizin üzərində təhqiramiz
ifadələr yazdırıb. Belə bir ölkə müsəlman
ölkələri ilə dost ola bilərmi? Əlbəttə
ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq
kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin
liderlərinə müraciət edərək həm ikitərəfli
formatda, həm çoxtərəfli görüşlər əsnasında,
beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan
müsəlman ölkələri üçün dost ola bilməz,
məscidləri bu günə qoyan ölkə müsəlman
ölkələri ilə dost ola bilməz. Bu,
riyakarlıqdır və Ermənistanı dost ölkə kimi
qəbul etmək də riyakarlıqdır,
Allahsızlıqdır. Bunu dağıdanla müsəlman
ölkələrinin liderləri necə dost ola bilərlər?
Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab
versinlər. Məscidləri dağıdan, oraya inək salan
müsəlman ölkələri ilə dost ola bilər? Qoy,
onların xalqları buna cavab versinlər.
Biz
bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq.
Heç kimdə şübhə olmasın. Artıq bunu
müstəqillik tarixi də göstərib, müstəqillikdən
əvvəlki tarix də göstərib. Bütün dinlərin
abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o
cümlədən erməni kilsəsi Bakının mərkəzində
dövlət tərəfindən qorunur, təmir edilib. Onlar nə
ediblər? Mən Zəngilanda olarkən
dağıdılmış, divarları qalmış məscidin
önündəki çıxışımda Azərbaycan
xalqına müraciət edərək dedim onlar nə ediblər,
beynəlxalq təşkilatlara müraciət edərək
dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın,
öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin
və onun havadarlarının yalan məlumatlarına
inanmayın, gəlin, öz gözlərinizlə baxın nə
günə salıblar bizim məscidlərimizi. Sadəcə
olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı
Gövhərağa məscidini guya bir xarici şirkətlə
birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım
deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq,
görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi
məscidləri təmir etdirir. Əfsuslar olsun ki, bir ölkənin
şirkəti bu çirkin əməllərdə onlarla şərik
olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin
təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz
olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla
oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub
bu məscidi guya təmir ediblər. Bizə belə təmir
lazım deyil və heç kimi aldatmasın, heç kim bu
yalana uymasın. Biz bütün məscidlərimizi yenidən
təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və
bütün dünya görməlidir ki, mənfur düşmən
bizim müqəddəs məbədlərimizi nə günə
salıb.
Şuşa
işğaldan azad olunandan sonra şəhərin, bütün
tarixi binaların bərpa edilməsi prosesinə start verilib.
Şuşanı erməniləşdirmə cəhdlərinə
son qoyulub. Otuz il onlar çalışırdılar ki,
Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər.
Bu, onlar üçün yad şəhərdir, öz şəhəri
saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl
sahibləri qayıdıb, biz qayıtmışıq.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
XXX
Ermənistanın
Azərbaycan torpaqlarını, o cümlədən
Şuşanı işğal etməsi nəticəsində
tarixi, mədəni abidələrimiz dağıdılıb,
ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu
Natəvanın, Üzeyir Hacıbəylinin,
Bülbülün Şuşadakı büstləri də var.
Güllələnmiş bu büstlər erməni vandalizminin
şahidləridir. Prezident İlham Əliyev
çıxışlarının birində demişdi ki, ərazi
bütövlüyümüz bərpa ediləndən sonra
Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin
büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin
başçısının bu sözləri artıq
reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin
büstləri Şuşada yenidən əvvəlki yerlərinə
qoyulub.
Bununla
bağlı keçirilən tədbirdə çıxış
edən Prezident İlham Əliyev dedi:
-Bu
gün Şuşaya gələrkən 30 ilə yaxın
Bakıda İncəsənət Muzeyinin həyətində
saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu
Natəvanın, Üzeyir Hacıbəylinin və
Bülbülün büstlərini gətirmişəm. Bu yerdə
Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin,
Bülbülün büstləri məhz bu yerdə
qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət
Evini dağıdıb və dahi şəxsiyyətlərimizin
büstlərini gülləbaran edib.
Xurşidbanu
Natəvanın büstünü Heydər Əliyev
özü şəxsən açmışdır, 1982-ci
ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada
idim. Bax, buradan bir qədər aralı bir yerdə
Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər
dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən
sonra onları əridib satmaq, pul əldə etmək
üçün Ermənistana aparmışdılar.
Görün nə qədər alçaq keyfiyyətli insan
olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə
büstlərini güllə ilə vurasan, təhqir edəsən,
sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad
Bülbüloğlu bundan xəbər tutmuş və ulu
öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş
tədbirlər nəticəsində bu büstlər ermənilərdən
alındı. Onu da açıq deməliyəm, pulla
alındı. Satdılar onlar. Necə ki, hər şeyi
satıblar ömrü boyu. Büstləri də biz pulla
almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət
Muzeyinin həyətində yerləşdirildi.
Sonra
müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət
etmişdilər ki, bəlkə bu büstləri
Bakının hər hansı bir yerində qoyaq, orada olsun.
Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən
azad edəndən sonra gətirib öz yerlərində
qoyacağıq və öz yerlərində də qoyduq.
Dahi şəxsiyyətlərimizin
büstləri bizim Qələbəmizin rəmzidir. Onların
ruhu şaddır. Onlar doğma Vətənə
qayıdıblar. Biz qaytarmışıq onları,
düşməni qova-qova, düşməni məhv edərək,
torpaqlarımızdan rədd edərək, Şuşanı
geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq,
Şuşaya gələn hər bir insan yaxından görəcək
erməni vəhşiliyini.
Tarixi ədalət
bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc
hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət
hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy,
Bülbül milli ruhumuzun təcəssümüdür.
Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi
yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ
Azərbaycandır!
XXX
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon
Partiya Komitəsinin binasında oldular.
Prezident
İlham Əliyev: Mənfur düşmən burada özü
üçün “meriya” adlı bir qurum yaratmışdı.
Bu, Şuşa şəhərinin xunta
başçısının qəbul otağı olub. Bu da
keçmiş, batmış, gorbagor olmuş qondarma
“Dağlıq Qarabağ respublikası”nın “Şuşi”
şəhərinin “icra başçısı”nın
otağı idi. “Şuşi” yox, Şuşa. Unutmasınlar, dəmir
yumruq yerindədir. Bu otaqda isə quldurlar istirahət ediblər.
Bu da onların kitablarıdır, baxın. Bunların yeri
zibilxanadır. Hamısı muzey eksponatları olacaq.
Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda o
qaça-qaçda vaxt tapıb kondisioneri də aparıb
oğrular. Buradan meydana mənzərə açılır.
Sınmış şüşələr, eyni zamanda,
büstlər də buradan görünür.
xxx
Ermənilər
Şuşanı tərk edərkən inzibati binalarda da
kütləvi oğurluq və talançılığa yol
veriblər. Məsələn, bu binadakı bütün
kondisionerlər və istilik sistemi avadanlıqlarını
söküb aparıblar. Bu, şübhəsiz ki,
acgözlüyün, amma həm də oğru xislətinin təzahürüdür.
Bu, həm də 30 illik işğal dövründə Azərbaycan
xalqının mədəniyyətini vandalizmə məruz
qoyanların rəzil aqibətinin göstəricisidir.
xxx
Dövlətimizin
başçısı, birinci xanım və qızları
Leyla Natəvan bulağı ilə tanış oldular.
Prezident
İlham Əliyev: 1982-ci ildə atamla birlikdə burada idik, Natəvan
bulağının önündə. 39 ildən sonra müzəffər
ordunun Ali Baş Komandanı kimi qayıtmışam.
Şuşa yenə bizimdir! Şuşa yenə Azərbaycandır!
Dövlətimizin
başçısı Şuşa şəhərinin su və
elektrik enerjisi təchizatı ilə maraqlandı.
Bildirildi
ki, indi şəhər su ilə də, işıqla da normal
şəkildə təchiz olunur.
Prezident
İlham Əliyev sovet dövründə uşaq
sanatoriyası kimi fəaliyyət göstərən,
işğaldan sonra ermənilər tərəfindən
dağıdılan Natəvan sarayının xan
qızının evi kimi bərpa ediləcəyini bildirdi.
Dövlətimizin
başçısı və ailə üzləri Natəvan
sarayının önündə xatirə şəkli çəkdirdilər.
xxx
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Bülbülün
dağıdılmış ev-muzeyinə də baxdılar.
Bülbülün
dağıdılmış büstünü göstərən
Prezident İlham Əliyev dedi:
-Ermənilərin
növbəti vandallığı, növbəti düşmənçiliyi.
Görün, dahi Bülbülün büstünü, evini nə
günə qoyublar. Cavabını artıqlaması ilə
alıblar. Biz onların cavabını döyüş
meydanında verdik, bütün şəhidlərimizin
qisasını aldıq, onların qanları yerdə
qalmadı. Xocalı soyqırımını, mədəni
soyqırımı törədən mənfur düşmən
döyüş meydanında məğlub oldu, məhv oldu.
Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir.
xxx
Dövlətimizin
başçısı, birinci xanım və qızları
Leyla Aşağı Gövhərağa və Yuxarı
Gövhərağa məscidlərini də ziyarət etdilər.
Prezident
İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif”
bağışladı.
XXX
Sonra
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Şuşadakı
Qazançı kilsəsində oldular.
xxx
Şuşa
şəhərində erməni vandalizminə məruz qalan
abidələrdən biri də XVIII əsrdə
yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim,
Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər
Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinin
açılışı olub.
Şuşa
şəhərinin məşhur yerində - Cıdır
düzünə yaxın bir ərazidə böyük
şairin məzarı üstündə inşa edilən məqbərə
dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi.
Burada Vaqifin Şuşa həyatını əks etdirən
dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri
tərəfindən Şuşa şəhərinin
işğal edilməsi nəticəsində kompleksin binası
və burada sərgilənən eksponatlar məhv edilib.
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin
büstünün olduğu yerə gəldilər.
Prezident
İlham Əliyev: Bu da tarixi şəkildir. Heydər
Əliyev Vaqifin büstünün önündə. Şəkildə
məscidin minarələri də görünür. Vaqifin
büstü ermənilər tərəfindən
dağıdılıb. Onun yerində belə bir eybəcər
dükan tikiblər. Bu, erməni vandalizminin növbəti təzahürüdür,
növbəti cinayətdir.
Dövlətimizin
başçısı və ailə üzvləri Vaqifin
dağıdılmış məqbərəsinə
baxdılar.
Məqbərənin
qarşısında çıxış edən Prezident
İlham Əliyev dedi:
- Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin
düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də
açılışı olmuşdur. Bu tarixi gün mənim
yadımdadır. Çünki o vaxt atamla bərabər, bax,
bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var.
Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar
yağırdı. Amma buna baxmayaraq, bu tədbirə
yığışmış insanlar, Azərbaycan
ziyalıları heç o soyuğu hiss etmirdilər.
Çünki Qarabağ xanının vəziri olan Molla Pənah
Vaqifin möhtəşəm məqbərəsi
açılırdı. Bu təşəbbüsü ulu
öndər Heydər Əliyev irəli
sürmüşdü, onun rəhbərliyi ilə inşaat
işləri aparılmışdı və gözəl, əzəmətli
məqbərə ucaldılmışdı.
Xanın
vəziri olan insanın şərəfinə o vaxt - sovet
dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə
idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər,
amma o vaxt - sosializm dövründə xanın vəzirinin
şərəfinə məqbərə ucaltmaq doğrudan da
fövqəladə bir hadisə idi. Məhz Heydər
Əliyevin təkidi və cəsarəti nəticəsində
o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən
seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin
yaradılması və açılışı bir tərəfdən
Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan
xalqının öz dahi şəxsiyyətlərinə olan
hörmətin əlaməti idi. Digər tərəfdən bu
məqbərənin Şuşada açılması bir daha təsdiq
edirdi ki, Şuşa Azərbaycan şəhəridir.
Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu
vilayətin tərkibinə salmaqla güdülən məqsəd
də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan
izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar
öz respublikasının bu ərazisində azlıq təşkil
etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər
Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri
nəticəsində, siyasəti nəticəsində, o
cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir
yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin
yaradılması və bu müəssisələrə Azərbaycanın
müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi
burada milli tərkibin Azərbaycan xalqının xeyrinə
xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar
Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25
faizini təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev
Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində
Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar
əksəriyyət təşkil edəcəkdilər və
beləliklə, heç vaxt burada hər hansı bir
münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi,
separatizm baş qaldıra bilməzdi.
Ulu
Öndərin uzaqgörənliyi, doğma xalqına
bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə
olan sevgisi, bax, bu məqbərənin tikintisində
özünü göstərib. Bir daha demək istəyirəm
ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə
verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim
edilirdi. Sovet dövlətinin rəsmi ideologiyası elə idi
ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar
insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki
gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet
hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır,
Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik
eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki,
tariximizin böyük əksəriyyəti müstəmləkəçilik
formatında keçib. Biz başqa dövlətlərin tərkibində
yaşamışıq. Bizi buna məcbur ediblər, zorla,
öz xoşumuzla yox.
Ulu
Öndər sovet dövründə də milli ruhun yüksək
səviyyədə olması üçün çox böyük
işlər görürdü. Bu məqbərənin
açılışı tarixi hadisə idi. Mən o
günü çox yaxşı xatırlayıram. Mən təxminən
orada, kənarda durmuşdum, burada atam və görkəmli mədəniyyət
xadimləri. Yadımdadır, Azərbaycan və erməni
şairləri şeirlər deyirdilər. Hətta erməni
şairləri Azərbaycan dilində şeirlər deyirdilər.
Bu, bir dostluq bayramı, dostluq tədbiri idi və heç kimin
ağlına gələ bilməzdi ki, bir neçə ildən
sonra burada separatizm baş qaldıracaq, Ermənistan Azərbaycana
qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi
əlimizdən alacaqlar, tarixi abidələrimizi, məscidlərimizi,
bu məqbərəni bu günə salacaqlar, Azərbaycan
xalqının çoxəsrlik irsini Qarabağ diyarından
silməyə çalışacaqlar. Heç kimin
ağlına gələ bilməzdi. Mən dəfələrlə
demişəm və bir daha deyirəm, əgər Heydər
Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər
onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi
ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər
Əliyev hakimiyyətə gələndə artıq
Şuşa işğal altında idi, Kəlbəcər
işğal altında idi, Laçın işğal
altında idi, Daşaltı işğal altında idi,
bütün ətraf bölgələr işğal altında
idi və Dağlıq Qarabağla Ermənistan arasında
coğrafi bağlantı yaradılmışdı.
Xalq Cəbhəsi-Müsavat
hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti
törətdilər, ondan sonra da qorxaqcasına qaçıb
gizləndilər, fərarilik etdilər, Şuşanı
satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə
təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti
yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə
də oldu. Şuşanın əldən getməsi o vaxtkı
hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi
bundan istifadə edib Şuşa əldən gedəndən
sonra və Laçın düşmənə təhvil veriləndən
sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə
bilər, bu, yaxın tarixdir. Xalq Cəbhəsi-Müsavat ancaq
hakimiyyətə gəlmək üçün xəyanət,
satqınlıq, cinayət törədib. Sonra nə edib? Sonra
da Azərbaycanda talançılığı dövlət
siyasətinə çevirib, rüşvətxorluğu öz
ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan
xalqının tarixinə bir ləkə kimi
yapışdırıb. Xalq Cəbhəsi-Müsavat
satqınları xalqımızı dünyanın gözü
qarşısında rəzil etmişlər, biabır
etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub
olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər
Şuşanı düşmənə verdilər, özləri
də qaçıb gizləndilər.
Ondan sonra
erməni vandalları bizim bütün şəhərlərimizi
yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən
bunu öz gözümlə görürəm və
bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi,
tarixi abidələrimizi, bütün binalarımızı
yerlə bir ediblər. Bu məqbərəni də yadelli
düşmənlər dağıdıblar. Məqbərənin
bu hissəsində naxışlar var idi, indi tarixi şəkillər
var, hamısı sökülüb talan edilib, məqbərə
dağıdılıb.
Onların
ürəyində nə qədər düşmənçilik
hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər.
Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür.
Bizim şəhərlərimizi bu günə salan
Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları,
Xocalı cəlladlarını, özündən
yalançı qəhrəman düzəldənləri biz məhv
etmişik. Onların ordusunu biz məhv etmişik.
Şuşanı onların ordusunun əlindən biz geri
almışıq, qəhrəmanlıq göstərərək,
sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla,
bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv
etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənmişdilər
İrəvanda. Biri burnunu soxmuşdu buraya. Amma beş gündən
sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə,
heç səsini çıxarmırdı.
Üçüncüsü də var, müharibə cinayətkarı
- Ohanyan, özü də burada doğulub, bizim
torpağımızda. Müharibə dövründə guya
Şuşanı müdafiə etməyə gəlmişdi.
İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda.
Ağzını açıb çirkin sözlər deyir.
Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs
gördü. Heç kim unutmasın bu dəmir yumruğu.
Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha
qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan
xalqının düşmənləri, siz buranı bu günə
saldınız. Mən müzəffər Ordunun Baş
Komandanı kimi gəlmişəm və burada durmuşam,
öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd
olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.
Bu gün
Dağlıq Qarabağda özünü siyasətçi
adlandıran bəzi ünsürlər yenə də baş
qaldırmağa çalışırlar. Unutmasınlar, bizim
səbrimizlə oynamasınlar, 44 günlük müharibə
onların yadından çıxmasın. Yoxsa ordu qurub
torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz
buradasınız, yaxındasınız. Gəlin alın,
görüm necə alırsınız? İti qovan kimi
qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə
göndərmişik.
Vaqif
Poeziya Günləri bərpa ediləcək. Mən artıq
göstəriş vermişəm, bu il keçiriləcək.
“Xarı bülbül” festivalı bu il keçiriləcək.
Biz artıq Şuşanın bərpasını
başlayırıq. İndi baş plan hazırlanır.
Bütün binaların təftişi aparılıbdır.
Şuşa Azərbaycan dövlətinin mədəniyyət
paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin
birinə çevriləcəkdir. Əslində, həmişə
belə olub. Sadəcə olaraq, mənfur düşmən
bütün tarixi abidələrimizi dağıdıb. Amma biz
bərpa edəcəyik. Onların əsl simasını
qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan
sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
xxx
Şuşaya
səfər çərçivəsində Prezident İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Leyla Əliyeva Cıdır düzündə də olublar.
Cıdır
düzü tarixən cıdır yarışlarının
keçirildiyi və Qarabağ xanlığı
dövründən yerli əhalinin Novruz bayramını
keçirdiyi ərazidir. Bu ərazidə bir çox milli xalq
oyunları keçirilirdi. Bu oyunların qalibinə bəzən
qızıl pullar, bəzən isə taxıl, buğda, məişət
əşyaları verilirdi. Bu düzdə güləş,
qaçış, oxatma və sair oyunlar keçirilirdi.
Sonralar həmin ərazidə at yarışları,
çövkən oyunları keçirildiyinə görə
bu ərazini Cıdır düzü adlandırıblar.
Prezident
İlham Əliyev:
-Bura
Cıdır düzüdür. Hər birimiz üçün əziz,
doğma Cıdır düzü. Şuşanı
Cıdır düzüsüz təsəvvür etmək
mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür
etmək mümkün deyil. Biz Şuşaya
qayıtmışıq, Cıdır düzünə
qayıtmışıq və tarixi yerdə bundan sonra
muğam səsi eşidiləcək, Azərbaycan
mahnıları ifa olunacaq, böyük tədbirlər
keçiriləcək, toy-bayram olacaq.
Bir
müddət bundan əvvəl işğalçı qüvvələr
bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə
toxunmaq, Azərbaycan xalqını təhqir etmək
üçün eybəcər hərəkətlər
etmişlər, - bütün dünya artıq bundan xəbərdardır,
- “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd
etmişik. İndi Cıdır düzü də, Şuşa
da, Qarabağ da azaddır. Bu torpağın sahibləri
qayıdıblar, əllərində silah, əllərində
bayraq, ürəklərində Vətən sevgisi. Vətən
sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi,
vətənpərvərlik Qələbəmizin əsas amilinə
çevrildi.
Mən
çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər,
güclü, milli ruhda tərbiyə almış gənc nəsil
yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm.
Bu illər ərzində yetişən insanlar bu torpaqları
azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın
bu Qələbədə böyük zəhməti var,
payı var. Ancaq onu da bildirməliyəm ki, əsas
yükü, əsas vəzifəni gənc nəsil yerinə
yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı
olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik
ruhunda tərbiyə alması, düşmənə nifrət
hissi bizi Qələbəyə apardı və Azərbaycan
tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı
nəsil, təcrübəli insanlar, bütün
xalqımız, bütün etnik qrupların nümayəndələri,
bütün dinlərin nümayəndələri bir yumruqtək
birləşib. Qələbəmizin rəmzi təsadüfən
yumruq seçilməyib. Mən demişəm, burada -
Cıdır düzündə bir daha demək istəyirəm
ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə
birlik kifayət qədər yüksək səviyyədə
idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr
qələbə qazanırlar. İradəli olan liderlər qələbə
qazanırlar. Heç nəyə baxmayan, heç kimdən
çəkinməyən, milli maraqları müdafiə edən
liderlər qələbə qazanırlar. Azərbaycanın
timsalında bunu hər kəs gördü.
Biz Qələbə
qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni
zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın
davası işğalçılıq davasıdır. Haqq-ədalət
zəfər çaldı, güc hesabına, iradə
hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun
Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
x x x
İşğal
dövründə ermənilər qondarma “Dağlıq
Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə
köçürmək üçün burada bina tikməyə
başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu
düşmənin bu niyyətini puç etdi. Şuşa
2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma
rejimin “parlamenti” binasının inşası
yarımçıq qaldı.
Prezident
İlham Əliyev dedi:
-Qondarma
rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ
respublikası”nın “parlamentini” Şuşa şəhərinə
köçürəcək. Beləliklə, Şuşa
şəhərini erməniləşdirmək
üçün növbəti cəhd edilməli idi. Bax, bu
binanı onlar “Dağlıq Qarabağ respublikası”nın
“parlament” binası kimi inşa etməyə
başlamışdılar. Ancaq çatdıra bilmədilər.
Biz gəldik, bu torpağın sahibləri gəldi, onları
buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri
həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da
gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!
xxx
Daha sonra
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva erməni vandalizminin qurbanı
olmuş Şuşa Realnı Məktəbinin
dağıdılmış binası ilə tanış
oldular.
Prezident İlham Əliyev: Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq.
Qeyd edək ki, Şuşa Realnı Məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar.
1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.
XXX
Yanvarın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzünə gəldilər.
Prezident İlham Əliyev dedi:
-Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.
Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.
Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq oldular.
Prezident İlham Əliyev: Cıdır
düzündə armudu stəkanda çay, paxlava ilə.
Dostlarımız sevinsin, düşmənlərin gözü
kor olsun!
Azərbaycan.-2021.- 16 yanvar.- S.1-12.