Azərbaycanın zəfəri regionun iqtisadi inkişafı üçün yeni perspektivlər yaradır

 

Moskva bəyanatı həmin perspektivlərin reallaşmasına imkan verir

 

 

 

Son günlər dünyanın diqqətini çəkən vacib xəbərlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri, eləcə də həmin görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanatın imzalanmasıdır. Sözügedən bəyanat 44 günlük müharibədən sonra ölkələr arasında siyasi deyil, iqtisadiregional əməkdaşlıq məsələlərini nəzərdə tutan ilk sənəddir.

 

Moskva görüşlərinə hələ bir neçə gün qalmış KİV-də və sosial şəbəkələrdə ciddi müzakirələr açılmışdı. Ekspertlər şərhlərini, politoloqlar proqnozlarını verərək hərə öz baxış bucağından bu tədbirdə üç dövlətin gözlənti və məqsədlərini deməyə çalışırdılar.

 

Buna baxmayaraq, işğalçı Ermənistan aktyorluğundan qalmadı. Yerevanda baş nazirin guya Moskvaya buraxılmaması üçün yolunu kəsdilər, polislər Ermənistanın Rusiyadakı səfirliyini hiddətlənən erməni diasporundan qorumaq üçün mühasirəyə aldılar.

 

Erməni millətçilərinin əndazədən çıxan aqressivlik nümayiş sərgiləməsinə, Paşinyanı çarmıxa çəkməklə hədələmələrinə baxmayaraq, görüş baş tutdu. Görüşdə Azərbaycan Prezidentinin özgüvənliyi, Paşinyanın isə məğlub görkəmi diqqətdən kənarda qalmadı. Kapitulyasiya aktına gizlində imza atan baş nazirin Moskvadakı dilxor görkəmində ermənilərin daim nümayiş etdirdiyi qalib pozasından əsər-əlamət belə yox idi. Bunlar vacib məqam olsa da, görüşün, necə deyərlər, texniki tərəfi idi.

 

Diqqəti cəlb edən əsas məqam isə emosional çalarlardan daha çox görüşün  iqtisadi müstəvidə yeni regional vəziyyətin yaranmasına səbəb olmasıdır. Regional nəqliyyat kommunikasiyalarının bərpası, sadə dillə desək, yolların açılması 44 günlük müharibədən sonra münaqişə tərəfləri arasında Rusiyanın vasitəçiliyi ilə imzalanan ilk iqtisadi razılaşmadır. O üzdən həmin razılaşma iqtisadçıların və politoloqların diqqət mərkəzindədir.

 

Bu, təsadüfi deyil. Çünki indi gündəmdə iqtisadi müstəvidə müzakirə edilən məsələlər daha çox aktuallıq kəsb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı hesab edir ki, Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yarada bilmişdir: “Aparılan iqtisadi-riyazi hesablamalar kommunikasiyaların açılmasının və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin region və ayrı-ayrı ölkələr üçün faydalı olacağını göstərir”.

 

V.Qasımlı deyir ki, regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2, emal sənayesini 3 və mədən sənayesini 2,7 faiz artıra bilər. Qravitasiya modeli əsasında aparılan hesablamalara görə, kommunikasiyaların açılması nəticəsində eyni zamanda Ermənistanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə qədər arta bilər: Bizim ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası ortamüddətli dönəmdə kənd təsərrüfatında 10,4, turizmdə 5,5, mədənçıxarma sənayesində 5,3, nəqliyyat xidmətlərində 4,9, emal sənayesində 4,3 və digər xidmətlərdə 1,4, bütövlükdə isə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq”.

 

İİTKM-nin apardığı hesablamalar belə qənaətə gəlməyə imkan verir ki, Ermənistan Gümrü-Naxçıvan-Mehri-Bakı və İcevan-Qazax-Bakı istiqamətlərində Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada bilər. Əgər Qarsdan Gümrüyə ermənilər dəmiryolu çəkmək istəsələr, xarici mənbələrin hesablamalarına görə, bütövlükdə Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı marşrutu üçün təxmini 434 milyon ABŞ dolları xərcləmək lazımdır. Bu dəmiryolu layihəsi illik

 

10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti həmin layihəni tamamlayır. Yeri gəlmişkən, əgər Ermənistan

 

30 il ərzində müharibəyə xərclədiyi pulları belə zəruri layihələrə sərf etsəydi, fərqli iqtisadi imkanların sahibi ola bilərdi.

 

Bundan sonra Ermənistanın Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına qoşulmaq imkanları rəsmi Yerevanın yürüdə biləcəyi rasional siyasətdən asılıdır. İşğalçı dövlət anlamalıdır ki, onun üçün Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarından başqa Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şansları da mövcuddur. Onu da deyək ki, çətin coğrafi şəraitdə Ermənistan-İran dəmiryolu layihəsinin tikintisi üçün 2-3 milyard dollar vəsait yatırmağa heç bir investor razı deyil. Amma Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İranOman körfəzlərinə, eləcə də Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır.

 

İqtisadçı V.Qasımlı hesab edir ki, Qars-Naxçıvan-Mehri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması, nəqliyyat xərclərinin və ətraf mühitə təsirlərin azaldılması, xarici ticarət imkanlarının artması, turizmin və sərnişin dövriyyəsinin yüksəlməsi, həmçinin regiona sərmayə cəlbi baxımından əhəmiyyətlidir: “Faktiki olaraq Azərbaycan Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin böyük İpək yolu və “Şimal-Cənub dəhlizi” üzrə daha bir inteqrasiyasına rəvac verir. Orta AsiyaAvropa, Türkiyə və Rusiya, İranAvropa, Türkiyə və Orta Asiya arasında yeni nəqliyyat imkanları yaranır”.

 

V.Qasımlı həmçinin bildirib ki, vaxtilə Avropa İttifaqı da kömürpolad haqqında sazişin üzərində qurulub: Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasistrateji arxitekturasını şərtləndirəcək”.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 17 yanvar.- S.1;6.