Zəfər salnaməsi
Azərbaycan tarixinin 44 şərəf
günü
Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.
Azərbaycanın maraqlarına cavab verməyən bəyanat layihəsi geri götürüldü
Bir neçə il əvvəl ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər. Bu bəyanat münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaratmışdı. Lakin bir müddət sonra bu mövqe də dəyişdi, status-kvonun qəbuledilməz olması barədə bir daha danışılmadı və ortaya qoyulan mövqe yalnız status-kvonun qorunmasına xidmət edirdi.
Müharibənin ilk günündən Azərbaycan beynəlxalq hüquqa istinad edərək status-kvonu dəyişdi və sübut etdi ki, işğalçını ən qısa müddətdə torpaqlarından qovmağa qadirdir. 44 gün ərzində Azərbaycan bəzi xarici qüvvələrin təzyiqləri ilə üzləşdi. Ayrı-ayrı dövlətlər Ermənistanı xilas etmək üçün dəridən-qabıqdan çıxdılar. Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatlara başlayandan sonra atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həll olunması üçün canfəşanlıq etdilər. Lakin Prezident İlham Əliyev bütün bu təzyiqlərə mətinliklə, qətiyyətlə sinə gərdi, Azərbaycanın haqq işinin qarşısını heç bir qüvvə ala bilmədi. Humanitar atəşkəs razılaşmalarını da Ermənistan pozdu və buna görə hər dəfə layiqli cəzasını aldı.
Cəbhədə ordumuzun irəlilədiyi bir vaxtda BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Fransanın təşəbbüsü ilə Azərbaycana növbəti təzyiq göstərilməyə cəhd edildi. Belə ki, TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş qapalı iclasdan sonra Fransanın təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından bəyanat layihəsi hazırlandı və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldı. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməmişdi. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 dövlət - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təkid etdilər.
Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur qaldılar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana olan təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alındı. “Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk” deyə Prezident İlham Əliyev bu barədə bildirdi.
Xatırladaq ki, son 25 ildə ilk dəfə idi ki, Dağlıq Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi isə sırf onların üslubunda idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Lakin Azərbaycan onun qəbul olunmasının qarşısını layiqincə aldı.
Bəzən bir sıra müxalifət nümayəndələri “QH-yə qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma həmin qətnamənin qəbulunun qarşısının alınmasının nümunəsində hər kəs gördü ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nin sədri seçilib. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19-la bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Buna görə BMT TŞ-də ədalətsiz bəyanatın qəbul edilməməsi və QH-yə üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi oldu.
Ermənistana
informasiya məkanında da zərbə vuruldu
“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun
üstünlüyünü göstərir. Biz bir-birinin
ardınca kəndləri, şəhərləri azad edirik.
Döyüş meydanındakı bu müddət ərzində
Azərbaycan, demək olar ki, 30 il
işğal altında olan ərazisinin böyük hissəsini
azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı
davam edir. Bu, bir daha onu göstərir ki,
biz güclü ölkəyik və öz
torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazisini, Azərbaycanın ərazi
bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən,
biz BMT Təhlükəsizlik Şurasının Ermənistan
qoşunlarının bizim ərazilərimizdən
çıxarılmasını tələb edən, lakin Ermənistan
tərəfindən, demək olar ki, 30 il ərzində əməl
olunmayan qətnamələrini icra edirik”. Bu
fikirləri Prezident İlham Əliyev noyabrın 4-də
İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində
bildirdi. İlham Əliyev bir daha
vurğuladı ki, ATƏT-in Minsk qrupu tərəfindən təklif
olunan həll üçün əsas prinsiplər faktiki olaraq
Azərbaycanın işğal olunmuş ərazilərinin
boşaldılmasını tələb etsə də, Ermənistan
bunu könüllü şəkildə həyata keçirmədi.
Ona görə də Azərbaycan Ermənistanı
buna məcbur etdi.
Ümumiyyətlə isə 44 günlük müharibədə
Azərbaycan həm də informasiya cəbhəsində
mübarizə apardı və qalib çıxdı. Həmin
günlərdə respublikamız düşmənin saxta
informasiya cəbhəsini darmadağın etdi. Hətta Ermənistanın havadarları olan dövlətlərdə
belə KİV-in saxta təbliğatı nəticəsiz
qaldı və ictimaiyyət onların yalan
informasiyalarını qəbul etmədi.
Ermənistana
qarşı həm informasiya mübarizəsinin, həm
düşmənin saxta təbliğatının
qarşısının alınması, həm də Azərbaycanın
həqiqətlərinin
dünyaya çatdırılması prosesinin
önündə olan Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev idi. Hərb
meydanında olduğu kimi, informasiya məkanında da İlham
Əliyev düşmənə sarsıdıcı zərbə
vurdu.
Xatırladaq ki, Azərbaycan hələ əks-hücum əməliyyatından
əvvəl Ermənistan tərəfindən törədilən
ardıcıl təxribatları və erməni
yalanlarını sistemli şəkildə, bütün
mümkün vasitələrdən istifadə etməklə
beynəlxalq arenada ifşa etməyi bacarmışdı. 2020-ci ilin iyul
təxribatından əvvəl və sonra Prezident İlham
Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın
işğalçı siyasətini ifşa etmişdi,
düşmən ölkənin Azərbaycana qarşı yeni
işğal planları qurduğunu faktlarla sübuta
yetirmişdi.
Sentyabrın
27-də Ermənistanın növbəti təxribatı nəticəsində
bərpa olunan hərbi əməliyyatlar dövründə isə
İlham Əliyev dünyanın nüfuzlu televiziya
kanallarına müsahibələrində münaqişənin
tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə
Azərbaycanın mövqeyini əsaslandıran hüquqi,
siyasi, mənəvi və digər amilləri bir daha dünya
ictimaiyyətinin diqqətinə çatdırdı.
İlham
Əliyev sentyabrın 29-dan noyabrın 6-na kimi 26 xarici KİV-ə
müsahibə verdi. Bunlar Rusiyanın
“Rossiya-1, “Pervıy”, RBK
televiziya kanalları, Ria Novosti, TASS və İnterfaks agentlikləri,
Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber
Türk”, NTV, “A Haber”
televiziyaları,
Fransanın “Sky News”,
“France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın ARD televiziyası,
Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News”
televiziyası, İtaliyanın Rai-1 televiziyası və “La Repubblica” qəzeti,
İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada
yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”,
“Əl-Ərəbiyə”,
“Euronews”, “CNN International”,
“BBC News” televiziya kanalları idi.
Prezident İlham Əliyev erməni təbliğatına
hətta düşmənin maraqlarını müdafiə edən
informasiya məkanlarında belə tutarlı zərbə
vurdu. Ermənistanın erməni lobbisi və xaricdəki
havadarlarına əsaslanaraq yenidən özü
üçün münbit informasiya mühiti yaratmaq
xülyası iflasa uğradı.
Beləliklə, Ali Baş Komandan kimi Prezident İlham
Əliyev eyni vaxtda həm döyüş, həm də
informasiya cəbhəsində məharətli sərkərdə
kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə
müdafiə etdi. Dövlət başçısının istər daxili,
istərsə də xarici auditoriya qarşısındakı
çıxışları xalqın ürəyindən xəbər
verdi. Ən əsası
İlham Əliyev məsələlərə operativ
müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə
götürmək, vəziyyəti idarə etmək
bacarığı ilə istənilən ağır şəraitdə,
taleyüklü anlarda Azərbaycanın milli maraqlarının
müdafiəsinin necə təşkil edilməsi ilə
bağlı şəxsi nümunə göstərdi. Bir
daha sübut etdi ki, milli maraqlar Prezident İlham Əliyev
üçün ən ali dəyərdir.
İlham
ƏLİYEV: “Biz Şuşaya qayıtmışıq!”
Azərbaycan Ordusu irəlilədikcə,
rayonlarımızı azad etdikcə bütün diqqətlər
Şuşaya yönəlirdi. Hər bir azərbaycanlı
səbirsizliklə Şuşanın azad edilməsi barədə
xəbəri gözləyirdi. Hələ
oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına
müsahibə verən Prezident İlham Əliyev jurnalistin
“Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı
Şuşadan gələcək xəbərdədir.
İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?”
sulını cavablandırarkən demişdi: “İstiqamət
hər tərəfdir. İşğal
edilmiş torpaqların hər bir qarışı, hər bir
şəhər bizim üçün doğmadır, əzizdir.
Mənim üçün hər bir kəndin dəyəri,
qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə
müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki,
Şuşanın Azərbaycan xalqının qəlbində
xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim
mədəniyyət ocağıdır. Şuşa
Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər
bəxş edibdir. Əlbəttə ki,
Şuşasız bizim işimiz yarımçıq olar.
Təbii ki, müzakirələr prosesində də
hər zaman bu məsələ gündəlikdə idi”.
Hərbi əməliyyatların gedişində
bütün Azərbaycan xalqı Şuşanın azad
olunacağı günü gözləyirdi. Noyabrın 8-də, Dövlət
Bayrağı Günü ərəfəsində qədim Azərbaycan
şəhəri, milli mədəniyyətimizin, musiqimizin
beşiyi, qürur ünvanımız Şuşa şəhərinin
azad edilməsi İkinci Qarabağ müharibəsində
bütün Azərbaycan dövlətçiliyinin tarixinə
qızıl hərflərlə düşən hadisəsi
oldu. İlham Əliyev həmin gün and yerimiz olan Şəhidlər
xiyabanından xalqa müraciətində Şuşanın azad
olunduğunu bəyan edərək dedi: “Böyük fəxarət
və qürur hissi ilə bəyan edirəm ki, Şuşa
şəhəri işğaldan azad edildi! Şuşa bizimdir!
Qarabağ bizimdir! Bu münasibətlə
bütün Azərbaycan xalqını ürəkdən təbrik
edirəm. Bütün
şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal
altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!
Biz Şuşaya qayıtmışıq! Biz bu
tarixi Qələbəni döyüş meydanında
qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan
tarixində əbədi qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin,
zəfərimizin günüdür!”
Bu xəbər
Azərbaycanın hər yerində böyük coşqu ilə
qarşılandı. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan
sonra qədim Azərbaycan şəhəri, milli qürurumuzun
ünvanı Şuşanın da azad edilməsi Azərbaycan
xalqının dərin sevincinə səbəb oldu.
İnsanlar əllərində Azərbaycan və bu müharibədə
respublikamıza mənəvi dəstəyini əsirgəməyən,
Türkiyənin və Pakistanın bayraqları ilə tarixi
hadisəni qeyd etmək üçün küçələrə
axışdılar.
Şuşanın işğaldan azad edilməsi müasir
Azərbaycan tarixinə ən möhtəşəm hadisə
kimi həkk olundu. Bu qələbənin fatehi isə Ali
Baş Komandan İlham Əliyevdir. İlham
Əliyevin gücləndirdiyi ordu, qəhrəman əsgərlər
bu qələbəni, bu sevinci xalqımıza
yaşatdılar.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edərək Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə onu təbrik etdi. Dövlət başçısı Şuşanın azad edilməsində rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırdı.
Həmin gün Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik etdi. Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı etdiyi paylaşımda deyilirdi: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!
İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!
Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!
Əziz qardaşlar və bacılar!
Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan Xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
(Ardı var)
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2021.- 17 yanvar.- S.4.