Şəhid Ruslan
Tağıyevin döyüş
yoldaşları onun
ailəsini ziyarət ediblər
Vətən müharibəsində öz borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan İsmayıllı sakini, polkovnik-leytenant Ruslan Tağıyevin ailəsi onun döyüş yoldaşları tərəfindən ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, döyüş yoldaşları şəhid zabit barədə öz xatirələrini danışıb, onunla fəxr etdiklərini söyləyiblər. Ruslan Tağıyevi hamıya sevdirən onun mehriban olduğu qədər tələbkarlığı, döyüş ərəfəsində qısa zamanda öz əsgərlərində böyük ruh yüksəkliyi yaratmaq bacarığı olduğunu söyləyən yoldaşları onun yüksək peşəkarlığı barədə də danışıblar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin həm də Ruslan Tağıyev kimi Vətənini sevən, peşəkar zabitləri olan Silahlı Qüvvələrimizin şücaətinin nəticəsi olduğu vurğulanıb. Şəhid zabitin valideynləri onları ziyarət etdikləri üçün minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Ruslan Tağıyev Aprel döyüşlərində də peşəkarlıqla vuruşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Kəlbəcər, Tərtər, Suqovuşan döyüşlərində tabeliyində olan hərbi hissənin önündə şərəflə vuruşub və noyabrın 4-də Laçın istiqamətindəki döyüşlərdə şəhid olub. Ruslan Tağıyev ailəli idi, 3 övladı var.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
ölümündən sonra “Vətən uğrunda”,
“İgidliyə görə”, “Laçının azad
olunmasına görə” medalları ilə təltif olunub. Şəhid
zabit indi II Fəxri xiyabanda uyuyur. Bəli, polkovnik-leytenant Ruslan Tağıyev və onun
kimi qəhrəman zabit
və əsgərlərimizin qanı ilə otuz
illik işğaldan sonra bənzəri olmayan Zəfər
salnaməsi yazıldı. O salnamə ki, min illər boyu qürurla vərəqlənəcək, fəxrlə
anılacaq.
Azərbaycan.-2021.- 17 yanvar.- S.7.