“Şəhidlik zirvəsi” layihəsinin ilk buraxılışı Vüsal Babayevə həsr olunub

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq məqsədilə “Şəhidlik zirvəsi” adlı layihəyə start verib.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana ilk olaraq şəhid baş leytenant Vüsal Babayevə həsr olunmuş videoçarx hazırlayıb.

 

Videoçarxda qeyd edilir ki, Vüsal Sübbuh oğlu Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib.

 

Vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı arzusu onun gələcək taleyini müəyyənləşdirib və Vüsal elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbdə oxuyan zamanlarda da Vüsal tərbiyəsi, savadı, ağlı, məsuliyyəti və səriştəsi ilə fərqlənib. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.

 

Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək, hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi fəxri fərman və medalla təltif olunub. Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib.

 

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - şəhidlik zirvəsinə ucalır.

 

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

 

Azərbaycan.-2021.- 17 yanvar.- S.7.