Qarabağ ən qısa zamanda cənnətə
çevriləcək
İşğaldan azad
edilmiş bölgələrdə vətəndaşlarımızın
layiqli yaşayışı təmin olunacaq
“Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.
İlham ƏLİYEV
İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Terrorçu düşmənlə, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzanan yollarda Mehriban Əliyevanın çəkilişləri bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq.
Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.
30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, vəhşi qəbilə şürunun daşıyıcısı olmaqdan başqa bir şey deyil. Düşmən xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməzliyə vurmaqla elə öz barbarlıqlarını nümayiş etdirirlər.
Dağıdılmış yurd yerlərimizin hamısı tam qiymətləndiriləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən noyabr ayında Ağdamı və Kəlbəcəri yandıran düşmən bunların da cavabını mütləq verəcək.
Cocuq Mərcanlıdan başlayan “Böyük Qayıdış”
Vətən müharibəsindəki qələbə 30 ilə yaxındır ki, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoydu. İllərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünlər ən müqəddəs arzularına qovuşdular. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi.
Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək. O gün yetişdi və “Böyük Qayıdış”ın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başladı.
Suqovuşana və Talışa yeni yol çəkilişi müharibə günlərində başladı
Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə respublikamızın inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Müvəqqəti komendantlar Daxili İşlər Nazirliyi tərəfindən təyin edilir.
Eyni zamanda bir sıra dövlət orqanlarının işğal olunmuş ərazilərdə yerli strukturlarının formalaşdırılmasına da başlanılıb. Bunlara misal kimi Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yerli orqanlarının fəaliyyətə başlamasını göstərmək olar.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Həyata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın
3-də işğaldan azad edilib və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişinə başlanılıb.
Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Artıq bu yollar 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.
Yeni Şuşa yolu - Qələbə yolu
Prezident İlham Əliyevin başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədə oldu. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi.
Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yol çəkiləcək.
Qeyd edək ki, Şuşaya çəkilən yolun cığırını qəhrəman əsgərlərimiz açıblar. Bu onların dağlardən, dərələrdən keçib Qarabağın qəlbinə doğru irəlilədikləri yoldur. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: “Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”.
Artıq icrasına başlanan başqa bir yol Toğanalı - Kəlbəcər yoludur. Bu da çox çətin relyefdən keçən yoldur. Bu yol Kəlbəcərdən Laçın rayonuna qədər davam etdiriləcək. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib və bu istiqamətlərdə hazırlıq işləri başlayıb. Bununla da iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına aparan müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 kilometr uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 kilometr respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollar olub. Onların hamısı bərpa ediləcək, həm də əvvəlkindən də keyfiyyətli və gözəl şəkildə. Bütün bunlar ilkin mərhələdə yükləri daşımaq və işğal olunmuş əraziləri yenidən qurmaq, o cümlədən gələcəkdə Qarabağı və onun turizm potensialını inkişaf etdirmək üçün geniş imkanlar açacaq.
İki
beynəlxalq hava limanı inşa olunacaq
İşğaldan azad edilmiş ərazilərdə iki
beynəlxalq hava limanı da inşa ediləcək. Onlardan
birincisinin - Füzuli hava limanının təməli
yanvarın 14-də qoyuldu. Bu aeroportun
uçuş-enmə zolağının uzunluğu 2800 metr
olacaq, beynəlxalq standartlara uyğun infrastrukturla təchiz
ediləcək. Burada təyyarələrin
qəbulu və yola salınması, sərnişinlərin
rahatlığı üçün hər cür şərait
yaradılacaq.
Bu, azad edilmiş bölgələrimizin inkişafı
üçün çox önəmli bir layihədir. Hava
limanının inşasında məqsəd xarici qonaqların
Şuşaya gəlişini təmin etməkdir. “Çünki buradan Şuşaya olan məsafə o
qədər də böyük deyil. Nəzərə
alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və
bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli
qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək,
çox rahat və qısa müddət ərzində
Şuşa şəhərinə gedə biləcəklər”,
- deyə Prezident İlham Əliyev bu barədə deyib.
Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava
limanı isə Kəlbəcər və ya Laçın
rayonlarının birinin ərazisində inşa ediləcək. Bu barədə də
İlham Əliyev məlumat verdi: “İndi
yer seçilir və beləliklə, iki beynəlxalq hava
limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir”.
Yeni dəmir
yolları artıq çəkilir
İşğaldan
azad edilmiş ərazilərdə dəmir yollarının da
yenidən qurulmasına
başlanılıb. Bunlardan biri Bərdə-Ağdam
dəmir yolu xəttidir. Bərdə-Ağdam
dəmir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi
dəmir yolunun bir hissəsidir. Bu polad yol
1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə
Ağdamın işğal edilməsi ilə doğma sərnişinlərinə
həsrət qalıb. 27 ildir ki,
qatarların son dayanacağı Tərtər rayonunun
Köçərli stansiyasıdır. Lakin
düşmən üzərində qazandığımız
qələbə ilə bu yol da aydınlığa
çıxıb. Hazırda dəmir yolu xəttinin
Bərdədən başlayaraq Ağdama qədər uzanan 45
kilometrlik hissəsi yenidən tikilir.
Prezident
İlham Əliyevin “Bərdə-Ağdam dəmir yolu xəttinin
layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər
haqqında” 24 noyabr 2020-ci il tarixli sərəncamı
ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir
yolu xəttinin layihələndirilməsi və tikintisi
üçün ilkin olaraq 5 milyon manat ayrılıb. Dəmir yolu xəttinin layihələndirmə və
tikinti işləri iki mərhələdə həyata
keçiriləcək. İlkin layihə
olaraq Bərdə-Təzəkənd istiqamətində 19
kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam
dəmir yolu bərpa ediləcək.
Eyni
zamanda işğaldan azad olunmuş ərazilərdə
Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xətləri
də inşa olunacaq. Horadiz-Ağbənd dəmir
yolu da yenidən tikiləcək. Bu yol Ermənistan
ərazisindən keçməklə Naxçıvana gedən
nəqliyyat dəhlizinin əsas komponentlərindən biridir.
İşğaldan azad olunmuş ərazilərin su təchizatı
ilə də bağlı tədbirlərin də həyata
keçirilməsinə başlanılıb. İlk addım isə Şuşa şəhərinin dayanıqlı
içməli su ilə təminatıdır. Şuşa
şəhəri işğaldan azad olunduqdan sonra şəhərə
içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk
edərkən magistral su kəmərini də sıradan
çıxarmışdı. Yaranmış içməli
su probleminin həlli məqsədilə ilkin olaraq
Daşaltı kəndinin içməli su təchizatı bərpa
edilmiş, Şuşa şəhərini
müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək
üçün Daşaltıda sudoldurucu məntəqə
yaradılmışdı. Sonra Kiçik Kirs mənbəyində
və uzunluğu 9,4 kilometr olan Kiçik
Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində
bərpa işləri aparılaraq noyabrın 25-də
Şuşa şəhərinə suyun verilməsi təmin
edilmişdi.
Daha sonra isə Şuşadan 11 kilometr məsafədə
yerləşən Zarıslı mənbəyi və
Laçın-Şuşa avtomobil yolunun kənarı ilə
çəkilmiş magistral su xətti tam təftiş edilib,
kəmərin qəzalı hissələri müəyyənləşdirilib. “Azərsu” ASC-nin
şəhərə ezam olunmuş mühəndis-texniki heyəti
tərəfindən qısa müddətdə qəzalar aradan
qaldırılıb, kəmərin sıradan
çıxmış hissələri dəyişdirilib.
Beləliklə, Zarıslı mənbəyi və
Zarıslı-Şuşa magistral kəmərində
aparılan təmir-bərpa işləri
yekunlaşdırılaraq şəhərə yeni mənbədən
suyun verilməsi təmin olunub. Zarıslı-Şuşa
magistral kəməri ilə yeni mənbədən suyun verilməsi
nəticəsində isə Kiçik Kirs mənbəyindən
asılılıq da aradan qaldırılıb.
Azad
olunmuş ərazilər elektrik enerjisi ilə təmin olunur
Böyük Qayıdışa aparan yolda qarşıda
duran mühüm vəzifələrdən biri də
işğaldan azad edilmiş torpaqlarımızda enerji
infrastrukturunun qurulmasıdır. Hələ noyabr
ayından Füzuli rayonunda, Cəbrayıl şəhərində
və Hadrut qəsəbəsində həyati vacib obyektlər
elektrik enerjisi ilə təmin olunub. Sərhəd
zastavalarının, o cümlədən Şuşa
şəhərinin enerji ilə təminatı həll edilib. Prezident İlham Əliyev Şuşada olarkən
şəhərin su və elektrik enerjisi təchizatı ilə
də maraqlanıb və bildirib ki, indi şəhər su ilə
də, işıqla da normal şəkildə təchiz olunur.
“Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti də Şuşa
ilə bağlı paylaşım edib. Paylaşımda
işğaldan azad edilmiş Şuşa
şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində
Yuxarı Gövhər ağa məscidinin və əsas
küçələrin işıqlandırılması
nümayiş etdirilib.
Hazırda “Azərişıq” ASC tərəfindən
işğaldan azad edilmiş ərazilərdə xüsusi
dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə
təchizatının təcili təmin olunması
üçün “Azərişıq Qarabağda” layihəsi
çərçivəsində təxirəsalınmaz tədbirlər
həyata keçirilir. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin,
ən müasir texnologiyaları tətbiq etməklə şəbəkələrin
yaradılması, elektrik verilişi xətlərinin çəkilməsi
üzrə layihələr hazırlanıb və onlar mərhələli
şəkildə həyata keçirilir.
Məlum olduğu kimi, ermənilər Azərbaycanın
işğaldan azad olunan ərazilərində vaxtilə
mövcud olan kiçik su elektrik stansiyalarını
darmadağın edərək yararlı
avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini
yandırıb və ya partladıblar. Hazırda həmin
elektrik stansiyalarından heç biri, ümumiyyətlə,
yararlı vəziyyətdə deyil və tamamilə,
dağıdılıb. Artıq “Azərenerji”
ASC Prezident İlham Əliyevin işğaldan azad olunan
torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə
bağlı qarşıya qoyduğu məqsədlərə
çatmaq üçün tədbirlərin həyata keçirilməsinə
başlayıb. Laçında 8 meqavat gücündə
“Güləbird” kiçik su elektrik stansiyasında,
Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat
olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik
stansiyalarında əsaslı təmir
və bərpa işlərinə başlanılıb. O
cümlədən Cəbrayıl rayonu ərazisindəki “Xudafərin”
və “Qız qalası” su elektrik stansiyalarının
tikintisinin başa çatdırılması da azad olunmuş ərazilərin
enerji təminatına öz töhfəsini verəcək.
İşğaldan
azad olunmuş ərazilərdə paylayıcı elektrik şəbəkələrinin
yaradılması ilə bağlı tədbirlər davam
etdirilir və may ayınadək Füzuli rayonundakı
“Şükürbəyli” yarımstansiyası yenidən
qurulacaq. Ümumiyyətlə, ilkin olaraq Füzuli, Cəbrayıl,
Zəngilan və Qubadlı rayonlarının hər birində
110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın
tikilməsi və onların arasında 110 kilovoltluq elektrik
verilişi xətlərinin çəkilməsi nəzərdə
tutulur.
Prezident
İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr
olunmuş videoformatda keçirilən müşavirədə
qeyd olundu ki, hazırda işğaldan azad olunmuş ərazilərdə
75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli
elektrik verilişi xəttinin tikintisi həyata keçirilir.
Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və
Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr
elektrik verilişi xəttinin çəkilməsi və yeni
yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə
yaradılacaq.
Bu ərazilərin təbii qazla təminatı ilə
bağlı hazırlanmış proqramda SOCAR tərəfindən
müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin
çəkilməsi də təklif olunur.
Bunlarla
yanaşı, Prezident İlham Əliyevin
tapşırığına əsasən, ən qabaqcıl
beynəlxalq təcrübə nəzərə alınmaqla,
Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən
istifadə, enerji səmərəliliyi, ekoloji təmiz
texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin
tətbiqi və digər məsələləri əhatə
edəcək yaşıl zona, yaxud yaşıl məkan
konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji
Agentliyi ilə müzakirələr aparılmaqdadır.
İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə
4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək
enerjisi potensialı var. Yaşıl enerji layihələrinə
xarici investorların cəlb edilməsi üzərində də
iş aparılır.
Şuşanın
bərpası üçün qiymətləndirmə işlərinə
başlanılıb
Növbəti mərhələlərdə isə
işğaldan azad olunmuş ərazilərdəki
bütün şəhər və kəndlər yenidən
qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın
məşğulluğunun təmin edilməsi
üçün iqtisadi layihələr həyata keçiriləcək,
o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham
Əliyevin tapşırığına əsasən,
işğaldan azad olunmuş ərazilərdə bərpa və
yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın
mədəni paytaxtı və bütün Qafqazın incisi
hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin
və digər daşınmaz əmlakın mövcud vəziyyətinin
ilkin qiymətləndirilməsi və
inventarlaşdırılması istiqamətində işlərə
başlanılıb.
Qarşıya
qoyulan vəzifələrdən biri Şuşa
şəhərinin bütövlükdə ərazi və
şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni
və dini abidələrin mövcud vəziyyətinin, o
cümlədən binaların
dayanıqlılığının, arxitektura
görünüşünün, yolların və digər
infrastrukturun dəyərləndirilməsi və bərpası
ilə bağlı geniş təkliflərin
hazırlanmasıdır. Bu məqsədlə
Şuşada infrastrukturun, tikililərin mövcud vəziyyəti
- mənzil fondu, binaların dayanıqlılığı
araşdırılıb. Həmçinin
şəhərdə olan tarix və mədəniyyət abidələrinin
öyrənilməsi, onların durumunun təyin edilməsi
istiqamətində araşdırmalar aparılıb.
Qiymətləndirmə
və inventarlaşdırma işləri başa
çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu
qorunub saxlanılmaqla Şuşa şəhərinin,
tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə
bərpa olunması istiqamətində məqsədyönlü
tədbirlər görüləcək. Qısa zamanda həyata
keçiriləcək yenidənqurma işləri nəticəsində
Şuşa dünyanın ən gözəl
şəhərləri siyahısında öz layiqli yerini
tutacaq.
Onu da qeyd
edək ki, işğaldan azad olunan ərazilərdə radio və
televiziya yayımı məqsədilə Şuşa
Radio-Televiziya Yayım Stansiyasının işi də bərpa
edilib. Stansiyada rəqəmli TV yayım
avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən
qəbulu üçün baş stansiya avadanlığı
qurulub, istismara verilib. Avadanlıqların elektrik enerjisi
ilə təmin olunması üçün müvafiq işlər
görülüb və Şuşa
Radio-Televiziya Yayım Stansiyasından normal yayıma
başlanılıb. Respublika üzrə yayımı həyata
keçirilən televiziya kanalları artıq Şuşa,
Xankəndi şəhərləri və Xocalı, Ağdam
rayonlarında yayımlanır.
Qarabağ
Dirçəliş Fondu bərpa və yenidənqurma işlərinə
böyük töhfə verəcək
Prezident
İlham Əliyevin yanvarın 4-də imzaladığı sərəncamla
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşma üçün müasir və
layiqli həyatın təmin edilməsi, bütün sahələrdə
quruculuq-bərpa və abadlıq işlərinin
aparılması, habelə təhlükəsiz
yaşayışın, səmərəli fəaliyyətin və
rifahın davamlı artmasının dəstəklənməsi
məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik
hüquqi şəxs yaradılıb.
Fərmanda Azərbaycan xalqının ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq.
Sənəddə həmçinin deyilir: “İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq qələbəmizi daha da parlaq edəcəkdir”.
Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaq. Çünki fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə vətəndaşlıq töhfələrini verməkdən qürur duyacaqlar.
İlham ƏLİYEV: “Qarabağı da qısa müddətdə bərpa edəcəyik”
“Böyük Qayıdış” bütün məsələlərə kompleks yanaşma tələb edir. Elə buna görə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Artıq iki ayda görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Prezident İlham Əliyev Şuşaya gedərkən Füzulidə bəyan etdi ki, Qarabağı qısa müddətdə bərpa edəcəyik: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2021.- 19 yanvar.- S.1;5.