Ermənistanda təşviş:
“Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Xankəndiyə
gələcək”
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə 44 günlük müharibədə verdiyi dərslər düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Ermənistanı qorxuya salan növbəti məqam isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunan Şuşaya səfərləri olub.
“İlham Əliyev “Şuşi” yoxdur, Şuşa var dedi”
Prezident İlham Əliyevin Şuşaya səfərindən sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bir neçəsini diqqətinizə çatdırırıq.
Samvel Qriqoryan adlı “Facebook” istifadəçisi “Nə vaxta qədər belə davam edəcək? Azərbaycan Ordusu bu gün Şuşaya girib, sabah isə Stepanakertə (Xankəndi-red.) gələcək” başlıqlı status paylaşıb: “Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Nikol Paşinyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytardı, biz isə hələ də itkin düşən əsgərlərimizin sorağındayıq”.
Akop Balayan adlı istifadəçi “Instagram”da Prezident İlham Əliyevin Şuşaya səfəri ilə bağlı paylaşılan statusa belə bir şərh yazıb: “Açıq reallıq budur. Müharibədə İlham Əliyev Paşinyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim baş nazir bəs nə etdi? Seyrçi mövqeyində qaldı.
İlham Əliyev “Şuşi” yoxdur, Şuşa var dedi. Məğlub olmaq çox acı verir”.
Henrix Balasyan adlı istifadəçinin “Twitter”dəki
paylaşımı isə
daha çox bəyənmə toplayıb:
“Azərbaycan Prezidenti Artsaxı
(Qarabağ-red.) geri qaytarıb, Şuşada Ermənistana
gözdağı verdi.
Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə paxlavayla
çay içərək
məkanın əsl sahibinin kim
olduğunu nümayiş
etdirdi. Biz biabırçı
məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq.
Müharibədə iştirak edən
dostum Andranikdən hələ də xəbər yoxdur. Artıq təngə gəlmişik”.
“Mehriban Əliyeva muğam dinləmək üçün Şuşaya
gəldi”
Ermənistanın Vatikandakı keçmiş
səfiri Mikael Minasyan isə “Telegram” kanalında yazıb ki, bir vaxtlar
qürurla Şuşanın
mənzərələri fonunda
sahibə kimi davranan Anna Akopyan xalqın ağır günündə Moskvaya getdi və “Ararat Park Hyatt”
hotelində məskunlaşaraq
görüntülərini sosial
şəbəkələrdə yaydı: “Mehriban Əliyevanın bizim üçün yeni bir itki rəmzi
yaratdığı gündə,
Anna Akopyan sığınacaq
və lüks axtarışı üçün
Moskvaya getdi. Ararat bütün dünyadakı ermənilər
üçün ən
vacib simvollardan biridir. Diasporda onlarca, yüzlərlə
təşkilat, klub,
hotel və restoranlara
Ararat adı verilir.
Yerevanlılar onu hər səhər görəndə
ağrı yaşayırlar.
Mehriban Əliyeva çay içmək və muğam dinləmək üçün Şuşaya
gələrək Kazançetsots
Katedralinə daxil oldu. Bir çoxumuz bunun
necə baş verdiyini hələ də anlamırıq.
Həyatımızın bir parçası
olan bir şey necə birdən-birə, sadəcə,
xatirəyə çevrildi?
Bu gün türklər
orada ayaq döyür. Bizsə bir
küncə sıxılaraq
baş verənləri
seyr edirirk”.
Aşot
Qasparyan adlı istifadəçi “Facebook”da
Azərbaycan Prezidentinin
Şuşadan paylaşılan
şəkillərinə yazdığı
rəylə diqqət
çəkib: “Ermənistan
dağılır, Azərbaycan
qarşısında hər
gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? İlham Əliyevin Şuşaya
səfəri, verdiyi mesajlar bir erməni
kimi məni çox üzdü.
Azərbaycan Prezidenti bu gün Şuşaya
gedib, sabah
Qafana kimi gələcək. Bəs təriflədiyiniz
Paşinyan buna cavab olaraq nə
edir? Heç nə! Öz kefindədir. Müharibədə məğlubiyyətimizin, cavan əsgərlərimizin
ölümünün məsuliyyəti
Nikolun üzərindədir,
onun olmayan vicdanındadır”.
“Əliyevin Şuşa
ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı?”
Henrix Melukanyan adlı istifadəçi “Twitter”dəki paylaşımında daha bədbindir: “Paşinyan öz xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki özü hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir. Bugünkü Ermənistan təkdir”.
Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan “Facebook”dakı səhifəsində yazır: “Pənah xan xain Melik-Şahnazarın gözü qarşısında tarixdə ikinci dəfə özünü Şuşada tapdı. Bununla da “Şuşa kimindirsə, Qarabağ onundur” mesajını verdi. Nikol, babalarının Şuşadan gəldiyinə görə öyünürdün və Qarabağ köklərinə sahib olduğuna görə fəxr edirdin? Əliyevin Şuşa ziyarəti ilə bağlı erməni xalqına deyəcək bir sözün varmı? Yoxsa hakimiyyəti davam etdirmək üçün keçirəcəyin seçkilərə görə “cib” və korrupsiyalaşmış “partiyalar”la görüşlərdəsən? Yoxsa Əliyevlərin Azərbaycan bayrağını qaldırmaq üçün Nerkin Voskepar, Tavuş, Sofula və Barxudarlu, Ararat bölgəsinin Tigranaşen, Sünik bölgəsinin Şurnux, Ardaniş və Geğarkunik bölgəsinin Sotk mədənlərinə gələcəyi günü gözləyirsən? Ermənilərin taleyi, ümumiyyətlə, ətrafında baş verənlər səni heç maraqlandırırmı?”
Ermənistanın keçmiş deputatı, ictimai və siyasi xadim Miqran Akobyan “Facebook” səhifəsində yazıb ki, baş nazir intiqam almağa can ata və yeni bir müharibə haqqında düşünə bilməz: “Xain Nikol yalnız məmnuniyyətlə Əliyevin ayaqqabısını yalaya bilər. Xain Nikol 18 yaşlı gəncləri qurban verməməlidir, çünki bu yaxınlarda Əliyevin ayaqqabılarını yalamaq üçün bu yaşda olan 5000 oğlanı qurban verdi. Nə qədər ki, bir xain Nikol var, qürurlanmaq və başınızı qaldırıb yerimək fürsəti tapacağınızı düşünməyin”.
“Koçaryana, Sarkisyana və Paşinyana görə utanırıq”
“İntibah” adlı yeni siyasi qüvvənin yaradıcısı Vardan Balyan “Facebook” səhifəsində qeyd edib ki, azərbaycanlı bir istifadəçi səhifəsinə şərh yazıb ki, “sənin şərəf və gücün varsa, gəl Şuşanı azad et!” Hər bir erməni vətənpərvər, hamımız bu sözləri ünvanımıza təhqir kimi qəbul etməliyik. Türk deyir və bilir ki, bizim mənasız deputat və məmurumuzdan fərqli olaraq onlar iş görür. Necə ki Şurnuxu ələ keçirdilər”.
Miqran Petrosyan adlı “İnstagram” istifadəçisi isə Ermənistanın bədbəxtlər ölkəsi olduğunu, rəhbərlərinin hər sahədə İlham Əliyevə uduzduğunu qeyd edərək, müharibədə ölən erməni əsgərlərin dəfnindən bir foto paylaşaraq yazıb: “Paşinyan nə qədər yalan desə də, həqiqət budur: müharibədə biz uduzduq. İlham Əliyev Şuşada qalib ölkənin rəhbəri kimi qürurla danışırdı. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Koçaryana, Sarkisyana, Paşinyana görə utanırıq”.
Bu statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfərindən, orada səsləndirdiyi fikirlərdən şok yaşayan ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.
Elçin CƏFƏROV,
Azərbaycan.-2021.- 19 yanvar.- S.1;7.