Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yaddaşında əbədi həkk olundu. Bu Qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti, əzmi və xalqımızın öz Ordusuna və Ali Baş Komandanına inamı sayəsində əldə edildi. İndi isə gəlin, bu Zəfəri bizə yaşadanların xatirəsini əbədiləşdirmək üçün birgə səy göstərək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin yanvarın 18-də ictimaiyyətə müraciətində yer alıb.
Müraciətdə
deyilir: “Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən, Vətən
müharibəsi memorial kompleksi və Zəfər muzeyi
yaradılacaq. Mədəniyyət Nazirliyi
hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək
göstərməyə çağırır. Fondun təşkil
edilməsi məqsədilə Vətən müharibəsində
iştirak etmiş hərbçilərə,
həkimlərə, şəhid olanlara,
qazilərə məxsus şəxsi əşyalar, sənədlər,
o cümlədən işğaldan
azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət
nümunələri, xəritələr,
gerblər və digər əşyaları olan
vətəndaşlarımızdan 18 yanvar
2021-ci il tarixindən başlayaraq
həmin nümunələri, pandemiya ilə
əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin
qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil vermələri
xahiş olunur”.
Azərbaycan.-2021.- 19 yanvar.- S.4.