Tələbə şəhid

 

 

31 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə xəbərdarlıq edilmədən Bakıya yeridilən sovet qoşunlarının qurşunlarına tuş gələn onlarla gəncdən biri də 27 yaşlı Elçin İmanov olmuşdur. Elçin 1967-ci il avqustun 12-də Şirvan  şəhərində anadan olmuş, 10 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Ailələri 1984-cü ildə Salyana köçdükdən sonra Elçin burada yaşamışdır.

 

Elçin İmanov 1986-cı ildə N.Nərimanov adına Tibb İnstitutunun (indi ATU) Stomotologiya fakültəsinə daxil olaraq həm ailəsinə, həm də müəllimlərinə unudulmaz tələbə adının sevincini yaşatmışdı. Ovaxtkı qayda-qanuna görə bəzi ali məktəblərdə hərbi kafedra olmadığından həmin ali təhsil ocağının tələbələri yaş həddində hərbi xidmətə çağırılırdı. Odur ki, Elçin birinci kursu başa vurduqdan sonra sovet ordusu sıralarına getməli oldu. Əvvəlcə Rusiyanın Volqoqrad vilayətində, sonra isə Almaniyada əsgəri xidmətini yerinə yetirdi. Elçin Vətən qarşısında borcunu ləyaqətlə başa vurub Bakıya qayıtdı. Yenidən tələbəlik illərinin qayğıları ilə yaşamalı oldu. Bu zaman qardaşı Fuad ovaxtkı Xalq Təsərrüfatı İnstitutunun tələbəsi idi. İki qardaş bir evdə kirayədə qalırdılar, kitabxanayaya şəhərə gəzməyə çıxanda da çox vaxt bir yerdə olurdular. Elə faciə baş verən gecə də Fuad qardaşının yanındaymış.

 

Fuad həmin günü belə xatırlayır: “Yanvarın 19-u idi, qış sessiyasının son imtahanından 5 almışdı. Çox sevincli idi, özünü səliqəyə saldı, “istəyirəm bir az havaya çıxım, gəzim, sessiyanın yorğunluğu canımdan çıxsın...” dedi. Odur ki, bir qədər dincəldikdən sonra birlikdə küçəyə çıxdıq.

 

Aman Allah! Bakı qaynar qazana bənzəyirdi. Torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə və ittifaq rəhbərliyinin buna laqeyd münasibətinə etiraz edən xalq haqq sözünü demək üçün məcbur olub müəssisələrdə işi dayandırır, küçə yürüşləri və mitinqlər keçirirdi. Elə biz şəhərə çıxan zaman da aksiyanın şahidi və iştirakçısı olduq. Dinc və əliyalın insanlar güllə yağışına tutulmuşdular.Yollar bağlı olduğundan həkimlər özlərini çox çətinliklə xəstəxana və poliklinikalara çatdırırdılar”.

 

Fuad deyir ki, bu zaman şəhərin Biləcəri, XI Qızıl Ordu (indi 20 Yanvar), Salyan kazarması, Sabunçu qəsəbəsi, Əzizbəyov (indi Koroğlu) metrostansiyası istiqamətlərindən gecənin bağrını dələn, insanları vahiməyə salan avtomatpulemyotlardan açılan atəş səsləri, tankların, tırtıllı texnikanın gurultusu aydın eşidilirdi. Halsız və köməksiz yaralıları küçələrdən yığıb xəstəxanalara çatdırmaq üçün tələbə yataqxanasından götürülərək avtobuslarla gətirilən gənclər keçmiş Çapayevlə (indi Təbriz) L.Şmidt (indi Rəşid Behbudov) küçələrinin kəsişməsində atəşə tutulurdular. Elə bu an gecənin qaranlığında sovet ordusu əsgərlərinin açdığı puleymot güllələrindən biri də Elçinə tuş gəldi.

 

Bu zaman qardası Fuad, tələbə dostları Səlim, Cavid, Əlipaşa onu təcili yardım maşını ilə 4 saylı xəstəxanaya çatdırsalar da, həkimlər gənci ölümün pəncəsindən xilas edə bilməyiblər. Elçin gecə saat 12 radələrində aldığı güllə yarasından keçinib. Qardaşı Fuad və tələbə dostları gecə vaxtı çətinliklə də olsa, onu Salyana gətirirlər. Səhəri gün bütün Salyan camaatı şəhid Elçin İmanovu böyük ehtiramla son mənzilə yola salır.

 

Tibb Universitetinin Stomotologiya fakültəsinin məzunu, Bakı şəhəri, “Lyuksin Plaza”nın diş həkimi Həmid Abdullayevin dediklərindən: Universitetin əsas korpusunun qarşısında 20 Yanvar faciəsinin iştirakçısı olmuş tələbə-şəhidlərin şərəfinə ucaldılmış “Şəhidlər bulağı” kompleksini, o sıradan Elçinin əziz xatirəsini ehtiramla yad edər, abidə önünə tər qərənfillər düzərdik. İş yoldaşlarım Fariz Emçiyev, Mahirə Miriyeva, Sahibə Əsgərova və digərləri ilə hər il 20 Yanvarda həmin abidəni və Şəhidlər xiyabanında adları əbədiləşən şəhidlərimizi ziyarət edirik. Biz bu güno böyük vətənpərvər tələbə şəhidləri öz sıramızda görürük. Gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi olan Elçin İmanovun təhsil aldığı fakültənin məzunu olduğumdan qürur duyuram. Allah-Təala cəmi şəhidlərimizin ruhunu behiştlik etsin!”

 

Tələbə şəhid Elçin İmanova Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə “20 Yanvar şəhidi” adı verilib. Salyan şəhərindəki yaşadığı küçə və təhsil aldığı Şirvan şəhər 10 saylı orta məktəb onun adını daşıyır. Salyan Tarix-Diyarşünaslıq muzeyində “Elçin guşəsi” yaradılıb. Tələbələrindən altı şəhidinin xatirəsini əbədiləşdirən Tibb Universiteti Elçinin şəklini guşədə birinci yerdə asıb. Onun qısa ömür yolu Rafiq Səməndərin “Şəhidlər” kitabında öz əksini tapıb. Şair Oktay RzaElçin - türbəsi”, Ağacavad Əlizadə “Mənim əvəzimə”, Malik Qədimov “Ağı - bayatılar” adlı şeirlərini tələbə şəhidin xatirəsinə ithaf ediblər.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2021.- 20 yanvar.- S.5.