Şərəfli ömür yolu

 

Övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son andaQarabağ Azərbaycandır!” deyib

 

 

 

Vətən müharibəsində Füzuli, Hadrut və Cəbrayıl istiqamətində gedən döyüşlərin həlledici olması danılmazdır. Müzəffər Ordumuzun 30 illik yurd ayrılığına son qoyan Zəfərin əsası məhz elə həmin istiqamətdə dəmir-beton sədləri qırmaqdan başladı. Bu yolda şücaət göstərib düşmənə ağır zərbələr endirərək onları əzəli, tarixi torpaqlarımızdan vurub çıxaran igidlərimizin haqqında bu gün şərəflə söz açılır, qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik.

 

Adını fəxr və qürurla çəkdiyimiz igid zabitlərimizdən biri də Azər Əmrah oğlu Mikayılovdur. O, 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçiskin kəndində ziyalı bir ailədə dünyaya göz açmışdı. Uşaqlıq illərindən xalqımıza qarşı ermənilərin çirkin əməllərini görən Azər Mikayılov gələcək həyat yolunu vətənin müdafiəsinə həsr etmək qərarına gəlir və bunun üçün hərb sənətini seçir. Orta məktəbi bitirərək 1998-2002-ci illərdə Bakı Alı Hərbi Məktəbində təhsil alır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təhsilini davam etdirir, leytenant hərbi rütbəsi alaraq vətənin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olur.

 

Hərbi fəaliyyətə Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusu daxilində hərbi hissənin motoatıcı tağımının komandiri kimi başlayır. Qısa müddətdən sonra kəşfiyyat bölüyünə tağım komandiri təyin edilir. Hərbi sirlərə mükəmməl yiyələnərək, əsl kəşfiyyatçi kimi formalaşaraq bölük komandiri, hərbi hissənin kəşfiyyat rəisi, xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavinikomandiri vəzifələrinə irəli çəkilir.

 

Bu dövr ərzində Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasının müdafiəsində boyük xidmətləri olur. Onun rəhbərliyi ilə ermənilərin nəzarətindəki bir neçə strateji əhəmiyyətli post azad edilərək sərhəd müdafiə sistemi daha da möhkəmləndirilir. Məhz Azər Mikayılovun misilsiz xidmətlərinin nəticəsidir ki, həmin postlardan biri bu gün onun adını daşıyır.

 

Azər Mikayılov 2016-cı ilin Aprel döyüşlərinə qatılaraq Lələtəpə yüksəkliyinin azad olunmasinda da fəal iştirak edir.

 

O, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvandan Beyləqan-Füzuli istiqamətinə, “N” saylı xüsusi təyinatlı hərbi hissəyə göndərilir. Son fəaliyyəti dövründə hərbi hissənin qərargah rəisi və komandiri olur.

 

27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsi zamanı Azər Mikayılov özü və tabeliyində olan şəxsi heyətlə birgə Füzuli-Cəbrayıl-Hadrut istiqamətində gedən ən ağır əməliyyatlara qatılaraq döyuş əməliyyatlarına başçılıq edir. Böyuk qəhrəmanlıq nümunəsi göstərən komandirin rəhbərlik etdiyi hərbi qüvvələr bir çox yaşayış məntəqələrinin azad olunmasında, yüzlərlə erməni işğalçılarının məhv edilməsində fədakarlıq nümunəsi göstərir.

 

12 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbə endirərkən qəhrəmancasına şəhid olur. Azər Mikayilov xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və nümunəvi xidmətlərinə görə, lll-II-I dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90-95 və 100 illik yubiley medalları ilə təltif edilib ki, bu da onun qəhrəmanlığının bariz nümunəsidir.

 

Azər Mikayılov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Qarabağ” ordeninə, “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medallarına layiq görülüb. Yerin behişt olsun, komandir!

 

Şərəfli ömür yolu keçən, övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son andaQarabağ Azərbaycandır!” sözlərini deyib və həyata vida edib.

 

 

 

M.SADIQOV,

Azərbaycan.-2021.- 20 yanvar.- S.7.