Siz haqq savaşının qaliblərisiniz

 

Üçrəngli bayrağımızın Şuşada dalğalanması, oradakı məsciddən verilən azan səsi hər birimizi qürurlandırır

 

 

 

Analaroğullarmövzusunda ədiblərimiz xeyli əsərlər qələmə almışlar. Hələ orta məktəb illərində bir hekayə oxumuşdum. Çox təsirli idi. Məzmunu illər keçsə də, yaddaşımdan silinməyəcək. Müharibədən bəhs edirdi. O zaman analarla oğulların hisslərinin bir-birinə qırılmaz tellərlə bağlı olduğuna, təbii ki, indiki kimi inanmırdım. Sən demə, arada ilahi bir bağlılıq var imiş. Övladın başı ağrıyanda ananın ürəyi əsir, bədəni titrəyirmiş.

 

Oğlum, ciyərparam Məhəmmədə yazdığım məktubun ilk cümləsində əlim əsmişdi. Elə bilmişdim ki, həyacandandır. Hələ sən dünyaya gəlməmişdən arzulamışdıq ki, oğlumuz olsun, əsgərliyə getsin, ona məktub yazaq, cavab alaq... Bundan müqəddəs arzu ola bilərdimi?

 

Arzumuza yetişdik.Oğlumuzun Qarabağda Qələbə soraqlı məktubunu alanda sevincdən, fərəhdən göz  yaşlarımı saxlaya bilmədim. O, təhsilini yarımçıq qoyub Vətən müharibəsinə yollanmışdı. Bu yol şərəfli olduğu qədər də təhlükəli, ağır idi. Yağı düşmən qorxaq olsa da, havadarlarına güvənən, hiyləgərdir. Ata-babalarımızın, nəslimızın dünyaya göz açdığı Qarabağımızı, ağevli, ağgüllü, imarətli Ağdamımızı 28 il idi ki, düşmən əsarətdə saxlayırdı. Daş üstündə daş qalmamışdı. Hələ bizdən torpaq, hüquq davası da edirdilər bu yaramazlar.

 

Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin “bir qarış torpağımız da düşmənə qalmayacaq, onları, silahlı quldurları torpaqlarımızdan iti qovan kimi qovacağıq” deməsi biz didərginlərin ürəyinə bulaq suyu kimi çiləndi. Fəxr edirik ki, belə cəsarətli, qətiyyətli, güclü, mərdanə Prezidentimiz, Ali Baş Komandanımız var!

 

Əsgər oğlum 1996-cı ilin 28 iyulunda dünyaya göz açıb. Həmin gün Ağdamın işğalından 3 il keçirdi. Ağdamda, sonralarruhlar şəhəri” kimi tarixə düşən yurdumuzda  doğulmasa da, ata-babalarımızın müqəddəs məzarlarını işğaldan azad etmək kimi şərəfli bir vəzifə onun da  üzərinə düşdü.

 

Yadımdan çıxmaz, Bərdədəki 2 nömrəli köçkün orta məktəbini 2012-ci ildə bitirib Bakı Nəqliyyat və Rabitə Kollecinə qəbul olanda elə sevinmişdim ki, indiki kimi, o vaxt da ağlamışdım. Atan Namiqə, qardaşın Əsgərə söz vermişdin ki, Qarabağı azad edən oğullardan biri olacaqsan. İnamla, qətiyyətlə demişdin bu sözləri...Elə bilmişdim ki, Bakıya oxumağa yox, Qarabağa düşmənlə döyüşməyə gedirsən.

 

Min şükür, bu gün qürur hissi ilə bu məktubu əsgər balama  - Əliyev Məhəmməd Namiq oğluna yazıram. Anaların, ataların arzusu həyata keçəndə özlərini xoşbəxt hiss edirlər. Sizbizi bu Qələbənizlə nəinki sevindirdiniz, həm də xoşbəxt etdiniz. Ağdamımız, ata-baba yurdumuz,  ümumiyyətlə, Qarabağımız düşmən əsarətindən  qurtuldu!

 

Mənim, eləcə də təhsil aldığın kollecin müəlllimlərinin, xüsusən də Kəmalə  Əliyevanın, qardaşın  Əsgərin də çoxlu-çoxlu salamını silahdaşlarına yetir, əziz oğlum. Müəllimlərin bizi unutmur, belə igid, vətənpərvər olduğun üçün bizə təşəkkür edirlər.

 

Dəfələrlə döyüşlərdə yaralanıb hospitalllarda müalicə aldığını bizə bildirməsən də, hamısını ana ürəyi hiss eləmişdi. Təkcə sənə yox, düşmən qarşısında Vətənə sipər olan bütün əsgər və komandirlərimizin Qələbə sevinci yaşamalarını dilədik. Heç bilmirdik ki, sən  Füzulinin, Cəbrayılın, Xocavəndin, Hadrutun, Zəngilanın, Qubadlının da azad olunmasında iştirak edisən. Demədin, yazmadın, bildirmədin Şuşaya bayrağımız sancılanadək. “Hərbi sirdir, deyə bilmərəm” cümlən bəsimiz oldu bu aylar ərzində. Sizlər kimi cəsur, qorxmaz, vətənpərvər oğullarla Qarabağımız azad edilib! Bundan böyük zəfər bilmirəm. Bildiyim odur ki, bu gün də dağların qoynundasan - Kəlbəcərdə. Bu yüksəklik sizin kimi Vətən oğullarına yaraşır! Sevinirəm ki, düşmən üzərində çalınan Qələbədə mənim də oğlumun payı oldu! Tanrı sizi qorusun! Kəlbəcər Azərbaycanımızın sərvət yatağıdır, xəzinədir. Onu düşməndən diz çökdürüb almaq Vətənə əsl oğulluq deməkdir. Arzumuzu yerinə yetirənlər, sizə zəfər yaraşır!

 

 

 

Naibə ƏLİYEVA,

Ağdam rayonunun Bənövşələr qəsəbəsinin sakini

Azərbaycan.-2021.- 20 yanvar.- S.7.