Qafqazın incisi
Ermənilərin
dağıtdığı Şuşa məscidləri bərpa
olunacaq
İyirmi səkkiz illik həsrət bitib. İndi
Azərbaycanın bu qədim və gözəl
şəhəri azaddır.
Artıq Şuşa
şəhərində Azərbaycan
bayrağı dalğalanır.
Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada
yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın,
bütün Qafqazın
incisidir”.
2020-ci ilin 8 noyabrı
- Müzəffər Azərbaycan
Ordusu ulu yurdun qədim şəhərlərindən biri,
Qarabağımızın baş
tacı Şuşanı
erməni işğalçılarından
azad etdi. Məhz alınmaz
qala sayılan bu şəhərin işğaldan xilasi ilə düşmənin İkinci Qarabağ müharibəsində məğlub
olduğunu etiraf etməkdən başqa əlacı qalmadı.
Azərbaycan tarixində, Azərbaycan
mədəniyyətində Şuşanın özünəməxsus
yeri var. Bünövrəsi
1752-ci ildə Qarabağ
hökmdarı Pənahəli
xan tərəfindən
qoyulan, bu səbəbdən ilk çağlarda
Şuşa ilə yanaşı xanın şərəfinə
Pənahabad da adlandırılan bu şəhər tarixin keşməkeşlərindən keçib.
Erməni
işğalına məruz
qalana qədər -
1992-ci il mayın 8-dək
Şuşanın Seyidli,
Culfalar, Quyuluq, Çuxur məhəllə,
Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı,
Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı,
Merdinli və Təzə məhəllə
adlandırılan 17 məhəlləsi
mövcud idi.
Azərbaycanlıların tarixi izlərini silmək üçün hər vasitəyə əl atan erməni vandalları 600-ə yaxın
tarixi memarlıq abidəsini, həmçinin
Pənahəli xanın
sarayını, Yuxarı
Gövhər ağa məscidini, Aşağı
Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini
yerlə-yeksan etdilər.
7 məktəbəqədər uşaq müəssisəsini,
22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd
təsərrüfatı texnikumlarını,
orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini,
22 klubu, 31 kitabxananı,
2 kinoteatrı, 8 muzeyi,
eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, nadir sənət
incilərini taladılar,
məhv etdilər. Şəhərin Tarix muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası,
xatirə muzeylərinin
fondları qarət olundu.
Təəssüf ki, erməni vandalları otuz ilə yaxın işğal altında saxladıqları bütün
ərazilərimizdə tarixi-mədəni,
dini abidələrimizi,
ziyarətgahlarımızı məhv etdilər. Həmin yerlərdə
erməni zavalına məruz qalmayan heç bir abidəmiz yoxdur. Onların əksəriyyətini dağıtdılar,
yandırdılar. Təmir adı
altında bir çoxunu dəyişdirməyə,
erməniləşdirməyə çalışdılar. Təkcə Şuşada 67 məscid dağıdılıb və
ya yararsız hala salınıb.
Sevincimiz və təsəllimiz isə odur ki,
artıq Ermənistan silahlı qüvvələri
məğlub olmuş,
işğaldan azad edilmiş ərazilərimizdə
bərpa işlərinə
başlanmışdır. Azərbaycan Prezidenti
İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa
yolunun, həmçinin
Füzuli rayonunda hava limanının təməllərini qoymuşdur.
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan
azad edilən mədəniyyət paytaxtı
Şuşa şəhərinə gediblər.
Onlar Şuşada bir sıra tarixi məscidlərdə olublar.
Prezident
İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşa şəhərində
ziyarət etdiyi müqəddəs yerlərdən
biri də Saatlı məscidi olub. Dövlət başçısı deyib:
“Düşmən bizim
azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal
dövründə məhv
edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə
yararsız vəziyyətə
salıb. Şuşa işğaldan azad
olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib
və müəyyən
təmir işlərini
görüblər. Ancaq, əlbəttə
ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq,
bütün müvafiq
göstərişlər verilib,
Heydər Əliyev Fondu bu missiyanı
öz üzərinə
götürüb. Mehriban xanım
bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi
bərpa edəcəyik”.
Dövlət başçısı bildirib ki, ziyarət etdiyi Ağdam cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verilib. Artıq mütəxəssislər oraya ezam edilib və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Prezident İlham Əliyev vurğulayıb ki, minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistanın daim müsəlman ölkələri ilə münasibətlər qurmağa, bəzi ölkələrlə münasibətləri inkişaf etdirməyə, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə verməyə çalışdığını diqqətə çatdıran dövlət başçısı bunların yalan olduğunu qeyd edib. Bildirib ki, əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi müsəlman məscidlərini nə günə salıb. Prezident İlham Əliyev deyib: “Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər”.
Azərbaycan dövləti, Azərbaycan xalqı humanistdir və bütün dinlərə hər zaman hörmətlə yanaşıb. Prezident İlham Əliyev vurğulayıb ki, biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Dövlət başçısı bildirib ki, bütün dinlərin abidələri bizdə qorunur - kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib. Diqqəti ermənilərin əməllərinə çəkən Prezident İlham Əliyev deyib: “Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi”.
Təcavüzkar ermənilər işğal dövründə azərbaycanlılar üçün müqəddəs olan Yuxarı Gövhər ağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdirdilər. Ermənilərin hər zamankı kimi bu məsələdə də öz mənafelərinə xidmət etdikləri isə göz önündədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir. Dövlət başçısı bir ölkənin şirkətinin bu çirkin əməllərdə onlarla şərik olduğuna təəssüfünü də ifadə edib: “Əlbəttə ki, Yuxarı Gövhər ağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salıb”.
Dövlət başçısı Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildiyini bildirib. Erməni təcavüzkarlarının otuz ilə yaxın həyata keçirdikləri bədnam əməllər nəticəsiz qalıb. Şuşanı erməniləşdirə bilməyiblər. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. “Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”, - Prezident İlham Əliyev deyib.
Dövlət başçısı, birinci xanım və qızları Leyla xanım Şuşadakı Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini də ziyarət ediblər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2021.- 20 yanvar.- S.8.