İTMİŞ
ÜMİDLƏR QAYIDACAQMI?!
Yarımçıq qalmış missiya
KİV DDF getdi, yerinə MEDİA gəldi!
Loqotipində “dövlət” sözü (KİV DF) olmasa da, dövlətin vəsaiti ilə işləyərək dövlət tapşırıqlarını icra edən bu qurumun sonu ürəkaçan olmadı...
Biz, jurnalistlər buna yalnız təəssüflənə bilərik...
Belə sonluq həm də o deməkdir ki, qurum üzərinə qoyulan vəzifələri tam yerinə yetirmədi, bəslənən ümidləri sonadək doğrultmadı!
Bu gün bu barədə danışan, tənqid edən, “yeni faktlar” söyləyən, “ifşa edən” çoxdur!
Onların sırasına qoşulmaq fikrində deyilik!
Əksinə, ifrata varanlarla bəzi hallarda razılaşmırıq.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə yaradılmışdı, dövlətin ayırdığı vəsaitlə (heç də az olmayan vəsaitlə) fəaliyyət göstərirdi. Özünün təsdiq edilmiş Nizamnaməsi də vardı.
Fond dövlətin xoş məramından, mətbuat və söz azadlığına qayğısından, jurnalistlərin sosial vəziyyətinin yüksəldilməsinə kömək niyyətindən meydana gəlmişdi!
Özü də az iş görmədi!
Həm də qanun əsasında fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyun 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bütün bu məqamları, habelə xeyirxah və xoş niyyətləri özündə dolğun əks etdirən bir sənəddir.
Yenə də öz qüvvəsindədir!
Konsepsiyanın mükəmməl və müasir tələbləri əks etdirən özünəməxsus fəlsəfəsi də vardır.
Əvvəla, mətbuat və söz azadlığının möhkəmlənməsinə və inkişafına kömək edir.
İkinci, dövlətin müstəqil mətbuata, onun iqtisadi cəhətdən güclənməsinə yardım göstərir.
Üçüncüsü, jurnalist peşəkarlığının yüksəlməsinə şərait yaradır.
Dördüncüsü, jurnalistlərin yaradıcılığı ilə bahəm sosial vəziyyətinin yaxşılaşmasına da dəstək verir.
Ən nəhayət, iki mühüm məqam: əvvəla, bu yolla dövlət mətbuatın problemlərinin həllində yaxından iştirak edir, ikincisi, bu halda KİV-in işinə qarışmır, onlara öz iradəsini qəbul etdirməyə çalışmır!
Belə ki, dövlət öz siyasətini, marağında olduğu və daim mətbuatda işıqlanmasını istədiyi mövzuları konsepsiyada on doqquz istiqamətdə ifadə etmişdir. Həmin istiqamətlərdən istədiyini seçən qəzet uyğun layihə hazırlayır, müsabiqəyə təqdim edir, qalib gəldiyi halda maliyyələşdirilərək müəyyən dövr ərzində mövzunu səhifələrində işıqlandırır.
Bir daha vurğulayırıq: qəzet öz layihəsi (dövlətin ona verdiyi layihə yox) əsasında fəaliyyət göstərərək müəyyən vəsait qazanır!
Həm də bu qayda müstəqil mətbuata şamildir. Rəsmi dövlət qəzeti və iqtidar qəzetləri belə maliyyələşmədən kənardadırlar.
Digər təəssüf doğuran məqam isə, obrazlı desək, vannadakı çirkli su ilə bərabər çimizdirilmiş uşağın tullanmasıdır.
* Uzun illər boyu çoxsaylı qəzetlər dövlət vəsaiti hesabına maliyyələşdirilib;
* Yaradıcılıq müsabiqələrində jurnalistlər qalib gələrək müəyyən məbləğdə pul mükafatları alıblar;
* Çoxsaylı jurnalistlərə dövlət hesabına tikilib təmir edilmiş mənzillər verilib və bunun hesabına kirayədən və darısqallıqda yaşamaqdan yaxası qurtaranlar, övladlarını evləndirmək imkanı qazananlar, ən əsası, şəxsi əmlaka sahib olanlar az olmayıb.
Dünyanın heç yerində belə hal yoxdur!
Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin səxavətinin, biz jurnalistlərə qayğısının nəticəsidir!
Biz jurnalistlər ona müraciət edəndə xahişimizi cavabsız qoymadı, dəfələrlə mənzil tikintisi üçün vəsait ayırdı.
Hətta söz verdi ki, həmin ərazidə jurnalist şəhərciyi yaradılacaqdır və vədinə həmişəki kimi əməl etməkdədir!
O başqa məsələdir ki, konsepsiyanı gerçəkləşdirəndə, keçirilən müsabiqələrdə, mənzil bölğüsündə üzgörənliyə, sui-istifadəyə, ədalətsizliklərə yol verilib!
Baiskarlar qanun qarşısında cavab verəcəklər!
Digər vacib məsələ isə bu xeyirxah işlərin davam etdirilməsi, KİV-in maliyyə müstəqilliyi qazanaraq ayaqda durmalarının təmin edilməsi, mətbuatın hazırda heç də az olmayan problemlərinin dövlətin dəstəyi əsasında həllidir!
Başqa sözlə, ölmüş ümidlərin dirçəlməsidir!
BARƏSİNDƏ “ÖLÜM HÖKMÜ” VERİLƏN QƏZET
Həsən bəy Zərdabi 146 il bundan qabaq xalqına xidmət etmək üçün qəzet açdı, savadsızlığa, cəhalətə qarşı mübarizə apardı, millətini maarifləndirdi.
Eyni zamanda Azərbaycan Milli Mətbuatının ənənə və prinsiplərini də yaratdı, inkişaf etdirdi, bizə miras qoyub getdi.
O dövrdə milləti savadlandırmaq, gözünü açmaq, məktəbi, elmi təbliğ etmək, qızları oxutmaq, dilin təmizliyini qorumaq və s. milli maraqlara daxil olan məsələlər sayılırdı.
İndi isə qəzetlər yoxa çıxmağa başlayıb!
Daha doğrusu, qəzet “keçmiş” sayılaraq barəsində “ölüm hökmü” çıxarılıb!
Deməli, onunla birgə milli mətbuatın ənənə və prinsipləri də yox olacaq!
Bu gün təkcə ideoloji mübarizə yox, əslində həm də müharibə gedir. Və əgər Prezidentimiz informasiya müharibəsində də qalib gəlməsəydi, Vətən müharibəsindəki qələbəmiz bu qədər möhtəşəm və etibarlı olmazdı!
Yaxşı, qəzetləri bağlayaq, qoy yox olub getsinlər! Bəs sonra bu boşluğun yerini kim və nə dolduracaq?
Sosial şəbəkələrdəki anti-Azərbaycan çıxışlar, şər, böhtan, kimlərinsə maraqlarına xidmət edən yazılar?
Unutmayaq, haradasa yaranan boşluq heç zaman boş qalmır!
Ondan
istifadə etməyi bacaranlar tapılır!
***
Daha bir
vacib məqam: qəzet günün tarixini yazır, sonra bu
günlər aylara və illərə çevrilir...
Baş
verənlər yaddaşlardan silinsə də, qəzet səhifələrində
yaşayır!
Müstəqillik dövrü möhtəşəm hadisələrlə
zəngindir.
Əslində Ermənistan-Azərbaycan müharibəsində
zəfərimiz əsrlərlə gözlədiyimiz qələbədir!
İndi isə Qarabağın dirçəldilməsi
prosesi gedir.
Tariximizin
qızıl səhifələri, bu dövrdə qəbul edilən
qərarlar, görülən işlər olduğu kimi gələcək
nəsillərə də çatdırılmalıdır!
İndiyədək
şahidi olduğumuz məqamlar göstərir ki, elektron
medianın arxivi etibarlı və əhatəli deyil!
Sosial
şəbəkələr isə arxivsizdirlər!
Qəzetləri yoxa çıxarsaq, arxivimiz, tariximiz nə
ilə zənginləşəcək?
Bu məqamı da nəzərdən
qaçırmamalıyıq.
VƏSAİT
XƏRCLƏNSƏ DƏ, MƏQSƏDƏ NAİL OLUNMADI
Bəli,
KİV DDF uzun illər boyu fəaliyyət göstərdi,
dövlətin ətək-ətək pulu xərcləndi!
Qəzetlərin maliyyə durumu
yaxşılaşdımı?
Jurnalistlərin əməkhaqları yüksəldimi?
Jurnalist peşəkarlığı artdımı?
Üçüncü
təəssüfümüz isə budur ki, bunların
heç biri baş vermədi!
Yenə
yanlışlıqlar:
Konsepsiyanın fəlsəfəsinə görə
öz oxucu auditoriyası olan, qəzet bazarında yer tuta bilən
qəzetlərə sistemli dövlət yardımı göstərilməli
idi ki, onlar sıradan çıxmasınlar, gələcəkdə
ayağa qalxaraq özlərini maliyyələşdirə
bilsinlər.
Məntiqlə belə qəzetlərin sayı on doqquzdan
çox olmamalı idi.
Əvvəla,
on milyon əhalisi olan Azərbaycana çoxlu sayda qəzet gərək
deyil! Ən əsası isə, dövlət
sifarişi on doqquz istiqamətdə əhatə olunmuşdur.
KİV DDF-də isə onların sayını artıraraq
otuzu keçmişdilər! Hətta qəzetləri
“dərəcələr”ə bölərək ödənilən
qrantların sayını artırmış, bu hesaba yeni qəzetləri
“dövlət himayəsinə” almışdılar.
Ən
maraqlısı isə budur ki, “ikinci dərəcəli” qəzetlər
cərgəsinə üslubca başqalarından fərqlənən,
səhifələrində daha çox orijinal materiallara yer verən,
müstəqillik dövrünün ilk illərindən nəşrə
başlayan və bəlli oxucu auditoriyası olan “Ədalət”,
“Şərq” və “525-ci qəzet” ləri də
salmış, onları “aşağı qrup”a
keçirmişdilər.
Başqa
bir gerçəklik:
Qəzetlərin
ölümə məhkum edilməsi subyektiv düşüncə
və mülahizələrdən irəli gəlir!
Hazırda
dünyanın heç bir yerində, heç bir dövlətin
tanınmış, uzun illər boyu çıxan qəzetləri
bağlanmayıb!
Çünki hər qəzetin, televiziya və saytın
öz oxucu auditoriyası mövcuddur.
Diqqətçəkən
bir məqam: 44 günlük müharibə dövründə
Ali Baş Komandan İlham Əliyevdən müsahibə
almağa gələn KİV arasında bir sıra ölkələrin
tanınmış qəzetləri də vardı!
Bəli, televiziya müsahibələri müsahibə
mavi ekranda səsləndirilən müddətdə
yaşayır.
Elektron resurslarındakı müsahiblərin ömrü
bir gündür.
Qəzetdə
gedən müsahibələri isə istənilən vaxt
oxumaq, vacib məqamların altından xətt çəkmək,
deyilən fikirlərin üzərində bir daha
düşünmək mümkündür!
Onlar həm
də arxivlərdə qalaraq gələcək nəsillərə
də çatır!
Qəzetlərin
öldürülməsi jurnalistikanın janrlarının da
ölüb getməsinə səbəb olacaqdır!
İnternet saytları əsasən informasiya (demək
olar ki, bütün saytlar eyni gündə eyni informasiya verir, fərqlilik
cüzi hiss olunur), bir də “telefon müsahibələri” verməklə
məşğuldur.
Bu tip
materiallarda jurnalist sənətkarlığı, redaktə məsələləri
hiss olunmur, Azərbaycan dilinin zənginliyi, şirinliyi duyulmur.
Geniş analitik yazılara, araşdırma
materiallarına, oçerk, zarisovka, reportaj, hesabat,
korrespondensiya, epistolyar janrlara təsadüfi hallarda, bəlkə
də heç rast gəlməzsən.
Saytlar məlumatlandırırlar!
Qəzetlər
isə həm də maarifləndirirlər!
Jurnalist
peşəkarlığı qəzetlərdə
formalaşır, dilin təmizliyi qəzetlərdə qorunur!
Ən əsası, dövlət siyasətinin özəyi
qəzetlərdə saxlanılır. Burada hər şey aydın və
konkret qoyulur, nala-mıxa vurmaq mümkün deyildir!
İndi gəlin
qəzet itkisi ilə birgə baş verəcək digər
itkilərimizi də hesablayaq!
Bəlkə
kimlərsə bunlardan hali deyillər!
Amma
zamanı keçdikdən sonra gec olur!
Biz də
unutmayaq, itirilənlərin hamısını təzədən
dala qaytarmaq, yaxud bərpa etmək mümkün olmur!
QEYRİ-ADİ
PEŞƏNİN AŞAĞI ƏMƏKHAQQI
Bu gün
özünə jurnalist adı qoyanlar həddindən
çoxdur!
Səbəbi
aydındır: “baş redaktor” kimisə işə qəbul
edib ona qəzetin, saytın, yaxud informasiya agentliyinin və s. vəsiqəsini
verirsə, dərhal həmin adam
dönüb olur “jurnalist”.
İxtisas
təhsili olmayanlar (belələri isə həddindən
çoxdur) jurnalistika üzrə ali təhsil
almağın vacib olmadığını söyləyirlər.
Çünki
onlar 4-6 il ərzində universitetlərdə
tələbələrə nə öyrədildiyindən,
hansı bilgilərin verildiyindən xəbərsizdirlər!
Həm də
jurnalist olmaq üçün təkcə bilikli olmaq azdır,
xüsusi istedadın da mövcudluğu vacibdir!
Jurnalist əməyi
də asan, sadə əmək deyildir!
Bu əməyə
ən doğru, ən dolğun, ən ədalətli qiyməti
Ulu Öndər Heydər Əliyev verib: “Jurnalist əməyi
qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir,
çox səylər göstərilməsini, hətta cəsurluq,
hünər, fədakarlıq tələb edən əməkdir,
öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Bu,
“qeyri-adi” əməyi, “zəhmətli”, “çox səylər
göstərilməsini”, “cəsurluq, hünər, fədakarlıq”
tələb edən əməyi ağırlıq dərəcəsinə
uyğun şəkildə dəyərləndirmək də gərəkdir!
Sadə
şəkildə ifadə etsək, jurnalistlərin əməkhaqları
da peşəyə uyğun gəlməklə, yüksək
olmalıdır!
Dünyanın bütün ölkələrində vəkil,
həkim və jurnalist əməyi ən yüksək qiymətləndirilən
əmək növünə şamil edilir.
Bəs bizdə necədir?
Başqalarını deyə bilmərəm, uzun illərdir
ki, “Azərbaycan” qəzetində müxbir ölkə üzrə
orta əməkhaqqının “aşağı hissəsi” həcmində
əmək-haqqı alır.
Səbəb
çox sadədir: redaksiya özünümaliyyələşdirmə
prinsipi əsasında fəaliyyət göstərir.
Bu gün
isə əməkhaqqının artırılma yox,
aşağı salınma ehtimalı daha çoxdur!
Əsas səbəb
isə respublika üzrə ümumidir: qəzetlərin maliyyə,
deməli, həm də peşəkarlığın yüksəldilməsi
ilə bağlı problemlərinin heç biri həll edilməyib!
Əksinə,
bu sahədə dövlət siyasətində əyintilərə
yol verilməsi vəziyyəti daha da
ağırlaşdırıb, demək olar ki, dalana salıb!
QAZANMAQ İMKANI
YOXDURSA...
Bazar
iqtisadiyyatı şəraitində qəzetlərin
yaşamasının birinci şərti reklam bazarının
mövcudluğudur!
Təəssüf doğuran məqam budur ki, indiyədək
ölkədə qəzetlər üçün reklam
bazarı formalaşdırılmamışdır. Bir neçə dəfə
bununla bağlı məsələ qaldırılsa da, Mətbuat
Şurası dəfələrlə təşəbbüs
göstərsə də, heç bir real nəticəyə
nail olunmamışdır!
Müqayisə üçün deyək ki,
televiziyaların reklam bazarı aşıb-daşır.
Gün ərzində hər bir özəl kanal
özünün hazırladığı verilişlərdən
çox reklam rolikləri fırladır. Gizli reklamlar
isə artıq mavi ekranın atributuna çevrilmişdir.
Qəzetlərə
isə belə imkan yaradılmayıb!
Həm də
nəinki reklam bazarı, üstəgəl...
***
Başqa
bir təəssüf doğuran hal odur ki, hələ sovet
dövründən yaradılmış qəzet yayımı
və satışı sistemi tamamilə
dağıdılmış, daha doğrusu, məhv
edilmişdir!
Qəzet oxumaq bir vərdişdir.
Sovet dovründə və müstəqilliyin ilk illərində
qəzet insanların həyatına daxil olmuşdu.
Hər gün səhərimiz qəzet oxumaqla
başlayır, axşamlar isə mavi ekrandan gündəlik
yenilikləri öyrənirdik.
Tənqid
etdiyimiz sosializm dövründə nəinki rayon mərkəzlərinə,
hətta ən ucqar kəndlərə belə gündəlik qəzet
çatdırılırdı!
Bircə gün qəzetin gecikdirilməsi “fövqəladə
hal” sayılırdı.
Dövlət bunula həm ideologiyasını təbliğ
edər, həm də informasiyanı öz maraqları
baxımından yönləndirərdi.
İndi nəinki
kəndlərə (bunu ağlına gətirən də
yoxdur), heç rayon mərkəzlərinə belə gündəlik
qəzet vaxtlı-vaxtında çatdırılmır!
Heç
kəs də buna görə məsuliyyət
daşımır!
Qəzetini vaxtında almayan oxucu ona niyə abunə
yazılmalıdır?!
Yaxud qəzet satışını götürək.
Hesabla çoxmilyonlu paytaxt şəhəri bunun
üçün münasib yerdir. Amma...
Əvvəlcə
köhnə köşklərin şəhərin
görünüşünü pozduğunu söylədilər...
Sonra təzə
köşklər düzəldərək sahibini dəyişdilər...
Axırda
şəxsi maraqlar bu sahənin evini yıxdı!
Mətbuat yayımı ilə məşğul olmaq
üçün qəzet bazarına girənlər əlavə
xərc çəkmədən, nəqliyyat-paylama mexanizmi
yaratmağa vəsait yatırmadan çox qazanc götürmək
yolunu tutdular.
Köşklərdə
qəzet tapmayan oxucular isə əllərini ondan üzdülər...
Beləliklə,
qəzet oxumaq vərdişi öz yerini əl telefonunda
“qurdalanma” vərdişinə verdi.
Bu,
hamı üçün asan, əlçatan və daha ucuz
sayılır!
Dövlətin
maraqları baxımından yanaşdıqda isə yox!
Yalan,
şər, böhtan, qeyri-dəqiq “fakt”lar mobil telefonla “qədəm
qoyduğumuz” yerlərdə, sosial şəbəkədə
istənilən qədərdir.
Dövlət
isə bəzən “5-ci kolon”un
yaydığını təkzib etmək, həqiqəti vətəndaşlarına
çatdırmaq üçün günlərlə
çalışmalı olur.
Bir vaxtlar Prezident İlham Əliyev paytaxtdakı qəzet
köşklərini “mini bazar” adlandırmışdı.
Onlar zahirən yenilənsələr də, mahiyyətcə
əvvəlki kimi qalıblar.
“Qəzet köşkü”ndə qəzetdən başqa
hər şey satılır.
Hətta
onların arasında ziyanlıları da vardır!
Əgər redaksiyanın pul qazanmaq imkanı hər yerdən
kəsilibsə, qəzeti necə yaşatmaq, əməkdaşlara
hansı mənbədən əməkhaqqı vermək olar?!
Bu gün
ictimai rəyin yaranmasında qəzetlərin iştirak etmədiyini
söyləyənlər də var! Şübhəsiz,
ictimai rəyin necə formalaşması, hansı maraqlara xidmət
etməsi vacib məsələdir. Təəssüf
ki, burada da problemsiz ötüşə bilmirik.
Düşmənlərimizin mövcudluğu, informasiya təhlükəsizliyinin
təmin olunmasının zəruriliyi məqamında bu məsələni
başlı-başına qoymaq olmaz! Halbuki indiki gərgin
şəraitdə onun formalaşmasında subyektiv məqamlar,
xüsusən sosial şəbəkədəki “kütləvi
təpkilər” heç də az rol
oynamır.
Qınaq mexanizmi isə demək olar ki, işləmir.
Altıncı təəssüf doğuran məsələ
odur ki, hər kəs hər şeydə özünü
haqlı sayır.
Kim nə deyir və yazırsa, onun “obyektiv həqiqət”,
“ədalətli qərar və mövqe” olduğunu zənn
edir.
Çox nadir hallarda insanlar doğru
olmadıqlarını, haqsızlıq etdiklərini
boyunlarına alırlar.
Düz
sözə, haqlı irada reaksiya yox dərəcəsindədir!
Tənqid
obyekti ən yaxşı halda deyilənləri qulaqardına
vurur, susmaqla yola verir!
Qara məni
basınca prinsipi ilə şivən qoparanlar, hücuma
keçənlər də az olmur!
Dövlət
maraqları və prinsipləri isə belə gərgin anlarda
daha diqqətlə və peşəkarlıqla
qorunmalıdır!
İlbəil
qəzetlərin abunəsi azalır, satışı
başlı-başına buraxılır, oxucular print-mediadan
getdikcə uzaqlaşırlar...
Bura qədər
deyilənləri yekunlaşdırsaq nə görürük:
* əgər reklam bazarı yoxdursa;
* qəzet köşkləri “çax-çux”la
məşğuldursa;
* jurnalistlərin əməkhaqqı artmırsa;
* redaksiyaların maddi-texniki bazarı
yaxşılaşmırsa;
* yaradıcı heyətin həvəsləndirilməsi
mümkün deyilsə;
Deməli,
nə peşəkarlıq yüksələcək, nə də
vəziyyət düzələcək!
Geriləmə
davam edəcək, qəzetlərə “ölüm
hökmü” verənlər məqsədlərinə nail
olacaqlar!
Bu gün
milli jurnalistikanın vətənpərvər, savadlı, istedadlı,
peşəkar, xalqı və dövləti qəlbən sevən
insanlara daha çox ehtiyacı var!
Lakin normal əməkhaqqı alaraq ailəsini
yaxşı yaşada bilməyən savadlı və bilikli
insanlar bura üz tutarlarmı?!
Vaxt var idi ki, hətta qəzet nəşri sahəsində
çalışan texniki işçilər - linotipçilər
(yığıcılar) və mürəttiblər (səhifələyicilər)
öz övladlarını bu sahəyə gətirir, orta məktəbi
qurtaran kimi şagird sifətində işə qəbul etdirərək
ardıcıllarına çevirirdilər.
Çünki
bilirdilər ki, dərəcələri artdıqca əməkhaqları
da artacaq, iş yerində növbəyə duraraq mənzil
alacaq, ailələrini normal dolandıracaqlar.
İndi
isə heç bir jurnalist öz övladının jurnalist
olmasına razı olmur!
DÖVLƏT
BAŞÇISI FƏRMAN İMZALAYIB
Mətbuatla bağlı dövlət siyasətində
yol verilmiş əyintiləri aradan qaldırmaq, söz
azadlığının qorunub saxlanması sahəsində
problemlərin tez bir zamanda və uğurlu həllinə nail
olmaq üçün dövlət başçısı
İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında” fərman
imzalamışdır. Bu mühüm tarixi sənəddə belə bir
addımın atılmasının vacibliyi də qeyd
olunmuşdur: “Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi
fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə,
rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi,
aparıcı trendlərin izlənilməsi və digər
mühüm şərtləri özündə birləşdirən
innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan
mediasının daha çox bəhrələnməsi, onun
şəffaflıq və vətəndaş məmnunluğu
prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və
peşəkar şəkildə məlumatlandırılmasına
xidmət edən fəaliyyətinin
stimullaşdırılması üçün bu sahədə
əsaslı islahatlar aparılmasına zərurət
yaranmışdır”.
Bu mötəbər sənəddə
səhvlərin, yanlışlıqların, nöqsanların
qısa müddətdə aradan qaldırılaraq problemlərin
həlli yolunda başlıca istiqamətlər də müəyyənləşdirilmişdir.
Belə ki, nəzərdə tutulan
islahatların həyata keçirilməsi yeni
yaradılmış Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinə həvalə
olunmuşdur. Agentliyin təsdiq olunmuş
nizamnaməsində çap mediasının ən
ağrılı problemlərinin çözümü istiqamətləri
də konkret şəkildə göstərilmişdir.
Bir
neçə maddəni diqqətə çəkirik:
3.1.3. media subyektlərinin iqtisadi müstəqilliyinin
gücləndirilməsi istiqamətində tətbirlər görmək;
3.1.5. jurnalistlərin peşəkarlıqlarının
və məsuliyyətinin artırılmasına, o cümlədən
sosial müdafiəsinə yönəldilmiş tədbirlər
həyata keçirmək;
3.1.6. medianın inkişafına maliyyə təminatı
yaratmaq məqsədilə tədbirlər görmək;
3.1.17. çap mediası məhsullarının abunə
və satışının təşkilinə dəstək
göstərilməsi istiqamətində tədbirlər
görmək.
Tamamilə
doğru və dəqiqdir!
Lakin nizamnamədəki vəzifələrin gerçəkləşdirilməsinə
MEDİA-nın gücü və imkanı çatacaqmı?!
Qəzetlərin
tirajı elə bir səviyyəyə enib ki, tezliklə bəziləri
redaksiyanı saxlamaq və işçilərin elə də
yüksək olmayan əməkhaqlarını ödəmək
qabiliyyətini itirəcəklər!
Çıxılmaz
vəziyyəti önləmək üçün lap qısa
müddətdə print-medianın ən böyük problemləri
həllini tapmalıdır!
Başqa
sözlə:
* çap mediası üçün reklam
bazarı yaradılmalı;
* qəzetin ölkə ərazisində
yayımı qaydaya salınmalı;
* sərbəst satış təmin edilməli,
qəzet köşklərinin öz təyinatları üzrə
işləməsinə nail olunmalı;
* dövlət büdcəsi hesabına nazirlik və
komitələrdə nəşr olunan, yalnız müəssisə
maraqlarına xidmət edən qəzet və jurnalların
mövcudluğuna əncam çəkməli;
* “mətbuat
xidməti” adı altında bütün idarə, təşkilat,
qurum və s. yaradılan, əslində jurnalistlər
üçün keçilməz maneəyə çevrilən
“hasar”ın mövcudluğu zərurətinə yenidən
baxılmalı;
* qəzet kağızının və çap
texnologiyasında keyfiyyətin yüksəldilməsi təmin
edilməli;
* jurnalistlərin əməkhaqqının
artırılması üçün real şərait
formalaşdırılmalıdır!
Yeni qurum qısa müddətdə bu problemlərin icra
mexanizmini yarada və işə sala biləcəkmi?!
Allahdan
arzu edək ki, bacarsın!
Biz də
daim ona dəstəkçi olmağa hazırıq!
***
Bəlkə
təzədən velosiped kəşf etmək fikrinə
düşməyək! Qonşu ölkələrin,
məsələn, Türkiyə və Rusiyanın sınaqdan
çıxmış təcrübəsindən - qəzetlərin
səhmdar cəmiyyətə çevrilərək özəl
holdinqlərə birləşdirilməsi metodundan istifadə
edək?
BALIQ TUTA BİLƏCƏYİKMİ?!
Sözümüzün əvvəlinə qayıdırıq: KİV DDF getdi, MEDİA gəldi!
Ümidlər çoxdur!
Hamı hər şeyin dəyişəcəyini, səhvlərin düzəldiləcəyini, ölmüş ümidlərin dirçəldiləcəyini gözləyir!
Dövlət arxamızdadır, bəs qədər vəsait ayırır, mətbu sözə yüksək dəyər verir!
Yeni MEDİA-nın da qarşısına mühüm vəzifələr qoyulub. Üzərinə düşən məsuliyyət isə daha çoxdur!
Hələlik
gözləyirik!
COVID-19 da
bir yandan mane olmaqdadır...
Ümid
bir çörəkdir ümidsizlərə...
Yaponlar ac
adamlara yemək üçün balıq vermirlər!
Onlara
balıq tutmağı öyrədirlər...
KİV
DDF balıq payladı!
MEDİA balıq tutmağa şərait yarada biləcəkmi?
Bütün
hallarda uğurlar diləyirik!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 22 yanvar.- S.1;5.