Qalib Azərbaycan
Qarabağın dirçəldilməsi ilə məşğuldur
Məğlub Ermənistan isə
əhalisinin xaricə növbəti köçünün
qarşısını almaq üçün yollar
axtarır
Xəbər verildiyi kimi, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalanıb.
Bəri başdan deyək ki, üçtərəfli görüş ermənilərin son ümidlərini də puç etdi. Sirr deyil ki, onlar Rusiya paytaxtında keçirilən görüşlə bağlı “bəlkə də qaytardılar” xülyasına düşmüşdülər. Ümid edirdilər ki, hərb meydanında itirdiklərini bəlkə diplomatiya cəbhəsində qaytara bildilər. Ancaq belə olmadı. Mətbuata açıqlanan birgə bəyanatdan məlum oldu ki, N.Paşinyanın qaldırdığı Dağlıq Qarabağın statusu məsələsi barədə görüşlərdə heç bir söhbət getməyib. Bununla belə, Paşinyan bildirib ki, bu məsələni həmsədr dövlətlər olan ABŞ və Fransa ilə müzakirə edəcək.
Birincisi, Fransanın xarici işlər naziri bu yaxınlarda bəyan etmişdir ki, onun hökumətinin əsas məqsədi Azərbaycanla korlanmış münasibətləri düzəltməkdir. ABŞ-ın başı isə seçkilərdən sonra baş verən qarşıdurmanın aradan qaldırılmasına qarışıb.
İkincisi, bu görüşdən sonra bir daha aydın oldu ki, Nikol Paşinyan siyasətdə piyadadır. O hələ nəyin baş verdiyini başa düşməyib. Anlasaydı, bilərdi ki, onun gözlədiyi qatar iki aydan çoxdur gedib.
O ki qaldı əsirlərin dəyişdirilməsinə, Paşinyan bu məsələdə də haqsızdır. Çünki Azərbaycan noyabrın 26-da, yəni məlum saziş imzalanandan sonra Ermənistandan ölkəmizə göndərilən silahlıları beynəlxalq qanunlara görə terrorçu hesab edir və onlar törətdikləri konkret cinayətlərə görə cavab verməlidirlər.
Ümumiyyətlə, ermənilərin bütün məğlubiyyətləri onların “Böyük Ermənistan” qurmağa hesablanmış, əsrləri aşan millətçilik ideologiyası ilə bağlıdir. Onlar bu ideologiyanı bir zamanlar sığındıqları Türkiyədə həyata keçirməyə cəhd göstərdilər. Osmanlı imperiyasının süqutunu tarixi fürsət bilib Türkiyəyə qarşı xəyanət etdilər. Lakin istədiklərinə nail ola bilmədilər.
Əvəzində tarixi Azərbaycan torpaqlarına köçərək öz qanlı əməllərini davam etdirməyə qərar verdilər. Amma bu dəfə istədikləri alındı. Çar və sonradan bolşevik Rusiyasının köməyi ilə əzəli Azərbaycan torpağında özlərinə Ermənistan dövləti yaratdılar. Ancaq bununla kifayətlənmədilər. Azərbaycanla Ermənistan SSRİ-nin tərkibində olduğu illərdə onlar Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə çıxış etdilər. Təbii ki, onlara bu cəsarəti verən SSRİ-nin rəhbəri Qorbaçov idi.
Məhz onun sayəsində cəzasız qalan ermənilər Dağlıq Qarabağ və ətraf rayonları işğal edib yerli əhalini doğma yurdlarından qovdular. Və bununla Azərbaycanın 20 faiz ərazisinin təxminən 30 illik işğal dövrü başladı.
Ta keçən il
sentyabrın 27-dək. Həmin gün
növbəti erməni
təcavüzündən sonra
işğal olunmuş
torpaqlarımızın azad
edilməsi uğrunda əks-hücum əməliyyatı
başlandı. 44 günlük döyüşlərdə
işğalçı Ermənistan
ordusu darmadağın
edildi, tarixi Zəfər qazandıq.
Bununla ermənilərin Dağlıq
Qarabağda ikinci erməni dövlətinin yaradılması iddiasına
son qoyuldu.
Hazırda Ermənistan bu acı məğlubiyyətdən
sarsılmış vəziyyətdədir. Qələbəmiz Ermənistan cəmiyyətində
məyusluq və parçalanmaya səbəb
olub. İndi ermənilər “firavan
vətən” axtarışına
çıxmağa hazırlaşırlar.
Koronavirus pandemiyasının başa çatmasını
gözləyirlər, sərhədlərin
açılmasının intizarındadırlar.
Ermənistana rəhbərlik edənlər
də bunu yaxşı başa düşürlər. Onlar böyük
köçün qarşısını
almaq üçün
müxtəlif üsullara
əl atırlar.
Dünyada may ayında
koronavirus təhlükəsinin
azalacağı barədə
qəti fikir mövcud olsa da, Ermənistanda indidən cari il iyulun
11-dək karantin rejiminin
davam etdirilməsi barədə qərar verilib. Bunun iki səbəbi
var. Birincisi, N.Paşinyan
bu yolla kütləvi etiraz tədbirlərinin qarşısını
almaq istəyir. İkincisi isə, Ermənistan iqtidarı bununla ölkədən başlanacaq
böyük köçün
qarşısını almağa
çalışır.
Bu gün Ermənistanda
əhali arasında ən çox müzakirə olunan mövzu ölkədən
mühacirət etməkdir. “Böyük Ermənistan” yaratmaq xəyalları puç olub, işğal etdikləri Azərbaycan torpaqlarından
birdəfəlik qovulublar,
Ermənistanda yaşanılası
deyil. Daha nə etməlidirlər
ki?!
Şübhəsiz ki, bu köçhaköçə
Qarabağda yaşayan
ermənilər də
qoşulacaq. Onların əlində “müharibədən
ziyan çəkmiş
tərəf” kimi bəhanə də var. Bu,
onlara inkişaf etmiş Avropa ölkələrində məskunlaşmaq
üçün yaxşı
fürsətdir. Onsuz da bu vətənsizlər dünyaya səpələnməyə
adətkardırlar.
Moskvada üç
ölkənin rəhbərlərinin
görüşü Azərbaycanın
qalib, Ermənistanın
isə məğlub ölkə olduğunu bir daha göstərdi. İmzalanan bəyanatda
əksini tapan 4 bəndin hər birində ölkəmizin iqtisadi və siyasi maraqları nəzərə alınıb.
Bu bəyanatın bəndlərinə diqqət
yetirdikdə görürük
ki, Prezident İlham Əliyev hələ Rusiya paytaxtına getməmişdən
əvvəl ölkəmizin
maraqlarının nədən
ibarət olduğunu demişdisə, onlar həmin sənəddə
öz əksini tapıb. Naxçıvan Muxtar Respublikasına
dəhlizin açılması
böyük istəyimiz
idi. Bu, həm
də region ölkələrinin
marağındadır. Mehri yolunun açılması
ilk növbədə Azərbaycanla
Türkiyə arasında
bağları daha da möhkəmləndirəcək
və Azərbaycanın
ayrılmaz hissəsi olan Naxçıvanın nəqliyyat blokadasına
son qoyacaq.
44 günlük müharibədən
sonra üç ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərini
nəzərdə tutan
Moskva bəyanatının
qəbul olunması ilə bir daha
təsdiq edildi ki, regionun gələcəyi
yalnız perspektivə
istiqamətlənmiş məsələlərin
həyata keçirilməsi
ilə bağlıdır.
Rüstəm KAMAL,
Azərbaycan.-2021.- 22 yanvar.- S.3.