Zəfər salnaməsi

 

Azərbaycan tarixinin 44 şərəf günü

 

 

 

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.

 

 

 

Döyüşlərin 44-cü günü Ermənistan kapitulyasiya etməyə məcbur oldu

 

 

 

Şuşanın azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

 

Prezident İlham Əliyev noyabrın 9-da daha 72 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğunu bəyan etdi. Bundan sonra Azərbaycanın qarşısında məğlub olduğunu anlayan işğalçı Ermənistanın rəhbərliyi Prezident İlham Əliyevin şərtlərinə uyğun kapitulyasiya aktını imzalamağa məcbur edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Bəyanat işğalçı ölkənin məğlubiyyətinin təsdiqi oldu.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziriRusiya Federasiyasının Prezidentinin Bəyanatı

 

 

 

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.PaşinyanRusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

 

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

 

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

 

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobilxüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

 

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

 

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

 

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

 

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

 

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

 

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

 

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

 

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

 

 

 

10 noyabr 2020-ci il.

 

Azərbaycan Respublikasının Prezidenti Ermənistan Respublikasının baş naziri Rusiya Federasiyasının Prezidenti

 

 

 

İlham ƏLİYEV: “Bu bəyanat bizim şanlı qələbəmizdir”

 

 

 

Beləliklə, döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”, - deyə Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirdi.

 

Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Azərbaycanın hər yerində insanlar Qələbəni qeyd etmək üçün küçə və meydanlara axışdılar. Ümumxalq şənliyi noyabrın 10-a keçən gün gecə saatlarından başlayaraq gün ərzində davam etdi. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandan İlham Əliyevin portretlərini tutan insanlar gün boyu tarixi Qələbədən doğan sevincqürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər.

 

Gecə saatlarından başlayaraq qəhrəman Vətən övladlarımızın uyuduğu Şəhidlər xiyabanında da böyük izdiham yaşandı. Şəhid məzarlarını ziyarət etməyə gələn insanların ardı-arası kəsilmədi.

 

 

 

Mehriban ƏLİYEVA: “Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu!”

 

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım etdi. Paylaşımda deyilir:

 

“Əziz həmvətənlər!

 

Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

 

Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdirbunu etdi!

 

2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi - Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərlərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri - Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdübu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!

 

Bu anlarda bütün dünya azərbaycanlıları sevincqürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!

 

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!

 

Əziz qardaşlar və bacılar!

 

Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı!

 

Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik! Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

 

Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti - dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!

 

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!

 

Əziz həmvətənlər!

 

Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!

 

Dərin hörmət və sevgilərlə,

 

Sizin MEHRİBAN”.

 

Həmin günlərdə dünyanın tanınmış KİV-i öz səhifələrində Azərbaycanın qələbəsindən, Ermənistanın məğlubiyyətindən bəhs etdilər. Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları göndərildi.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 23 yanvar.- S.1;4.