Qeyri-neft sənayesinin
şaxələndirilməsi iqtisadi
reallığın tələbidir
Sumqayıtda daha
bir müəssisə açıldı, ikisinin isə təməli qoyuldu
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında daha iki müəssisənin təməlini qoymuş və bir müəssisənin açılışını etmişdir.
Burada “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı və “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodları tikiləcək. “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsi isə dövlət başçısının xeyir-duası ilə fəaliyyətə başlamışdır.
“Sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı planlaşdırılır. Müəssisə cari ilin sonunda fəaliyyətə başlayacaq və burada 30-dan çox iş yeri yaradılacaq. Qeyd edək ki, təkcə son 3 ildə ölkəmiz hər il 5-10 min ton sulfat turşusu idxal edir. Bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli məhsulla əvəz olunacaq. Məhsulların yaxın gələcəkdə Gürcüstana və Rusiyaya ixracı da nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən olan “Glassica” QSC isə burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu tikir. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. Belə ki, ölkəmizdə daxili bazarın rəngli butulkaya tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. İnşa edilən zavodda isə 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur.
Bununla da həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də ixrac potensialı yaranacaq. Müəssisənin investisiya dəyəri 12 milyon dollardır, burada 160 nəfər daimi işlə təmin ediləcək.
İstismara daxil olan vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir.
Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Layihələndirilməni və qabaqcıl texnologiyalarla təchizatı Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti təmin edib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.
Xatırladaq ki, bu müəssisələrin yerləşdiyi Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın ilk və Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Burada qeydiyyata alınmış 24 rezidentdən 15-i artıq fəaliyyətinə başlayıb. Sənaye parkı məhsul istehsalı və ixracı istiqamətində uğurlarını getdikcə artırır. Keçən il parkda 1,1 milyard manatlıq, yəni ondan əvvəlki illə müqayisədə 37 faiz çox məhsul istehsal edilib. İxrac isə 2019-cu ilə nisbətən 18 faiz artıb. Bu da onu göstərir ki, hazırkı dövrdə sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına böyük dəstək verir.
Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına verdiyi müsahibədə sözügedən sənaye parkı haqqında demişdir: “Sovet vaxtında burada tikilmiş çoxsaylı müəssisələr istismar müddətini başa vurmuşdu, sıradan çıxmışdı və ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi. O müəssisələr söküldü və mənim göstərişimlə 10 il bundan əvvəl onların ərazisində 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Son illər ərzində bu sənaye parkı o qədər böyüdü və genişləndi ki, artıq göstəriş verildi, əlavə torpaq sahələri tapılsın və bu istiqamətdə işlər aparılır”.
Parkın ərazisində iki müəssisənin təməlinin qoyulması və bir zavodun işə salınması iqtisadi sahədə uğurların davamı və prioritet kimi müəyyənləşdirilən sənayeləşmə siyasətinin növbəti təzahürü kimi qiymətləndirilir. Bu, qeyri-neft sənayesinin şaxələndirilməsinə daha bir töhfədir. Bu həmçinin göstərir ki, ölkəmizdə qeyri-neft sektoru uğurla inkişaf edir. Bütün dünyada keçən il iqtisadi tənəzzül ili olduğu halda bizdə tənəzzül cəmi 4,3 faiz təşkil etmişdir. Qeyri-neft sənaye sahəsində 12,5 faiz artım əldə etmişik. Dövlət başçısı qeyd etmişdir ki, yeni müəssisələrin yaradılması, sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb.
Bu istiqamətdə işlərin davamı ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək.
F.SADIQLI,
Azərbaycan.-2021.- 23 yanvar.- S.1;4.