Ağdam yenidən günlərə qovuşacaq

 

 

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Mən də minlərlə Azərbaycan vətəndaşı kimi, 90-cı illərdə doğma ata yurdundan məcburi köçkün düşən sakinlər sırasındayam. O illərdə ermənilərin azğınlıqlarının, dinc sakinlərə qarşı qəddarcasına terror və soyqırım törətməsinin qarşısını almaq mümkün deyildi.

 

Sıravi sakinlərin mübarizəsi, vətəni müdafiəyə qalxan əhalinin əliyalın, adi silahlarla düşmən qarşısına çıxması itki və məğlubiyyətlə nəticələnirdi. Qarabağın, eləcə də yurdumuzun başqa bölgələrindən vətəni müdafiəyə gələn minlərlə igid bu müharibədə həlak oldu. O zaman mövcud olan hakimiyyətin səriştəsizliyi də torpaqlarımızın işğalına yol açdı.

 

İndi həmin acı tarix geridə qalıb. 2020-ci ilin payız ayları bu tarixi xoş və müjdəli, qələbə tarixi ilə əvəz etdi. Prezident İlham Əliyev müraciəti zamanı demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Bu ifadə qəlbimizi o qədər sərinlətdi ki, sözlə ifadə etmək mümkün deyil.

 

Bir ağdamlı kimi həm ata yurdumun, həm də digər bölgələrin azad edlməsi mənə qürur verir. Uşaqlıq və gənclik illərimin keçdiyi, əzizlərimlə, qohumlarla, dostlarla keçirdiyimiz sevincli-kədərli illər bir-bir gözlərimin önündən keçir. Efirdə yayılan videogörüntülərdə doğma elimizin viranəyə çervrildiyini gördükcə məni dəhşət bürüyür. O cür gözəllikləri, yaşıllıqları, yaraşıqlı memarlıq abidələrini, inzibati binaları, məktəbləri, evləri tamamən dağıdıblar, meşələri yandırıblar. Onlar təkcə düşmən deyil, həm də insanlıqdan uzaq canlılar imiş.

 

Lakin bunlar arxada qaldı. Dövlət başçısı Prezident İlham Əliyevin dediyi kimi, indiBiz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Amma bu tarix Azərbaycan xalqına, o cümlədən Ağdama ucuz başa gəlməyib.  Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişik. Rayonun işğal olunmuş ərazilərində son illər böyük quruculuq, abadlıq işləri aparılmışdır. Prezidentin göstərişilə Ağdam rayonunun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.

 

2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdama eybəcər bir ad qoymuşrayonun işğal edilmiş ərazilərində 360 nəfəri qanunsuz olaraq daimi məskunlaşmışlar. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün ərazilər, o cümlədən Ağdam bu qondarma quruma aid edilmişdir. Bu onların xəyalları idi. Amma sən saydığını say... Prezident İlham Əliyevin dediyi kimi: “İndioldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur”.

 

Təəssüf ki, işğalçıların Ağdama vurduqları ziyan təkcə bu deyil. Ermənilər Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparmış, mədəni abidələri talan edərək bütün infrastrukturu məhv etmişlər. Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Türbəsi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisindəki Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bunlardan əlavə, Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın olunmuşdur.

 

Amma bilirik ki, bütün dağıdılanlar bərpa ediləcək, özütez bir zamanda. Çünki  Azərbaycan inkişaf yolundadır. Bu inkişaf hesabına Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdamın  əhalisinin 45 faizi rayonun öz ərazisində yaşayır. Məhz bu səbəbdən inanırıq ki, Ağdam yenidən Azərbaycanın sürətlə inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən hər cür kömək göstəriləcək. Bütün bunlar tezliklə gerçəkləşəcək. Çünki bizdə “İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır” deyən Prezidentə böyük inam var.

 

 

Sahib ƏLİYEV,

pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 23 yanvar.- S.5.